Keçid linkləri

Qarabağ yenə də ortalıqda qalıb


Prezidentlər Dmitri Medvedev, Serj Sarkisyan və İlham Əliyev. Moskva, 5 iyun 2009
Azərbaycan hökumətinin çoxdankı ənənəsidir. İşi çətinə düşəndə, xarici təzyiqlərə məruz qalanda Qarabağ məsələsində güzəşt siqnalı verir və öz «müsbət imicini» bərpa edir. Bir ildən artıqdır ki, Azərbaycanda əcaib bir siyasi xətt yürüdülür. Müstəqil media xüsusi basqılara məruz qalır (day.az-a belə rəhm edilmədi), jurnalistlər açıq-aydın döyülür, hələ üstəlik təhqir olunur (Aqil Xəlil məsələsi), xarici radiostansiyalar qapadılır, 1993-dən bəri ilk dəfə əsas siyasi alternativlərdən heç birinin iştirak etmədiyi bir prezident seçkisi keçirilir, əcaib bir referendumla konstitusiya dəyişilir ki, prezident neçə dəfə istəsə seçilsin, QHT-lər haqqında Orta Asiyada belə rədd edilmiş qanun layihəsi müzakirəyə çıxarılır, yüksək dövlət rəsmiləri internetə qadağaların qoyulması mövzusunda bəyanatlar verirlər, gənclər əvvəl döyülür, sonra da həbs olunur. Neft-qaz layihələri belə əvvəlki kursdan sapmış kimidir. «Nabucco» layihəsinə guya hə deyirlər, amma qoşulmurlar. Rusiya ilə qaz müqaviləsi imzalayırlar, Qərbə deyirlər sizə də çatacaq (hesablamalar bunun əksini göstərsə də). Bu arada daxildə də qazın qiymətini iki dəfə artırırlar (görünür Rusiyaya da, Qərbə də qaz söz verəndə onu haradansa götürmək lazım gəlir) və... qabaqdan parlament seçkiləri gəlir. Qarşılarında isə yuxarıda sadalanan sapmalardan qəzəblənmiş Qərb və tələbləri qurtarmayan Rusiya durur. Nə etməli? Bu yerdə Qarabağ yada düşür.

REFERENDUM?

İyulun 10-da Ağ evin rəsmi açıqladığı sənəddə Azərbaycan və Ermənistan rəhbərlərinin ümumi məxrəcdə olduqları Madrid prinsipləri artıq açıqlanıb. Həmin sənəddə Azərbaycana uddurmaq istədikləri acı həb belə formula olunub: «Gələcəkdə Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan iradə ifadə olunması yolu ilə müəyyənləşdirilməsi». Dolaşıq səslənir. Amma bir neçə il öncə Beynəlxalq Böhran Qrupunun açıqladığı və Minsk Qrupunun təkliflərini əks etdirdiyi inanılan sənəddə eyni fikir daha aydın ifadə edilmişdi: Sülh bağlanandan bir müddət sonra Dağlıq Qarabağda referendum keçirilməlidir və yerli əhali (yəni ermənilər) nəyə qərar versə, o da qəbul olunmalıdır

Onu da qeyd etmək lazımdır ki, bu ideya da ortaya 2005-ci ilin parlament seçkiləri ərəfəsində çıxmışdı. Sonra Azərbaycanda referendum məsələsinə qarşı bir ictimai basqı oldu və həmin o referendum ideyası «hüquqi öhdəlik yaradan iradə ifadə olunması yolu» ifadəsinə çevrildi.

SÜLH MODELİ?

Əgər açıqlanan sənəddəki fikir referendum demək deyilsə, onda, qoy, Azərbaycan rəsmiləri açıqlasınlar ki, bu, nə deməkdir. Hələlik isə rəsmi açıqlanan Madrid prinsiplərinə görə Qarabağ probleminin həlli belə görünür:

Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılacaq.

Dağlıq Qarabağ üçün statusu müəyyənləşənə qədər aralıq bir status müəyyənləşdiriləcək və bu müddət ərzində vasitəçi dövlətlər (o cümlədən Rusiya) təminatçı olacaqlar ki, Azərbaycan Dağlıq Qarabağı azad etməsin.

Dağlıq Qarabağda bir müddət sonra referendum keçiriləcək və ermənilər rəsmən Qarabağı Azərbaycandan qoparacaqlar.

Dağlıq Qarabağla Ermənistan arasında da əlavə olaraq dəhliz yaradılacaq (ya Laçından, ya Kəlbəcərdən, ya da hər ikisindən).
Sülhü təmin etmək üçün də bölgədə xarici dövlətlərin hərbi hissələri yerləşdiriləcək.

Yenə də, əgər rəsmi açıqlanan Madrid prinsipləri bunu demirsə, qoy, Azərbaycan rəsmiləri açıqlama versinlər ki, həmin prinsiplər nəyi deyir.

BİZ NİYƏ TƏLƏSİRİK?

Obyektiv baxımdan, Azərbaycanın bu münaqişəni tələsik həll etmək naminə öz torpaqlarının əhəmiyyətli bir hissəsini qurban verməsi üçün heç bir siyasi, iqtisadi, yaxud hərbi zərurət yoxdur. Fələstinlilər 50 ildən çoxdur ki, gözləyirlər və öz hüquqlarından rəsmən əl çəkmirlər, hərçənd ki, Azərbaycanın nə vaxtsa, güclənib itirilən torpaqları Ermənistandan alma ehtimalı hər mənada daha böyükdür, nəinki, ərəblərin güclənib İsrailə qalib gəlmələri ehtimalı.

Belə görünür ki, ortada Azərbaycan tərəfdən iri hesablamalar yoxdur. Yenə də, əgər varsa, qoy, Azərbaycan rəsmiləri onu ortaya qoysunlar. Ortada qısa müddətə hesablanmış xırda intriqalar var. Daxili siyasətdə əl-qol açmaq üçün xarici dövlətlərə bu məsələdə güzəştə getmək, yaxud belə bir görüntü yaratmaq manevri; Seçkilər öncəsi iri dövlətlər qarşısında liberal qüvvə kimi görünüb müxalifəti «radikal-millətçi» mövqelərə məcbur etmək (bu ölkənin də maraqlarını kimsə qorumalıdır, ya yox?) və yekunda müxalifəti Qərbin dəstəyindən məhrum etmək . 2003-də belə olmuşdu. Müxalifət namizədi İsa Qəmbərin Amerikada «vurulması» işi belə gedirdi: Onlar gəlsə, müharibəyə başlayacaqlar, millətçidirlər və s.

Köhnə oyundur, amma arada bir fərq var: Keçmiş prezident Heydər Əliyev bu oyunu daha zirək oynayırdı və əvvəl güzəşt siqnal etsə də sonra geriyə çəkilib deyirdi ki, belə şey olmayıb (Ki Uest prinsipləri). Aradabir ölkə daxilində də şou olurdu. 1999-da yaşanan həyəcan bir sənət əsəri idi: Minsk Qrupunun təklifləri (Ortaq Dövlət prinsipi) rəsmi qəzetlərdə dərc olunur, «ziyalılarımız» dəhşətə gəlir, eyni vaxtda ölkənin xarici işlər naziri, prezidentin köməkçisi və dövlət müşaviri istefa verir, keçirilən ictimai forumlarda ictimai fiqurlar təslimçi sülhə «qəti etirazlarını» bildirir və... Heydər Əliyev 1998-ci ildə, prezident seçkilərindən qabaq Qarabağ məsələsində verdiyi güzəşt vədlərinin altından sivişib çıxır. Ermənilər onda yaman hirslənmişdi. İndi isə belə görünür eyni oyun daha məharətsiz əllərdədir və Azərbaycan hökumətini küncə dirəyiblər.

RUSİYA VƏ QƏRB NİYƏ TƏLƏSİR?

Həm Rusiya, həm Fransa, həm də ABŞ-da erməni lobbisinin təsirindən çox yazılıb. Üstəlik, bu üç ölkədən biri – Rusiya bütün hallarda regionda forpost elan etdiyi Ermənistanın Azərbaycan torpaqları hesabına güclənməsində obyektiv olaraq da maraqlıdır. Neft şirkətləri də birdəfəlik sülh istəyirlər ki, hər an partlaya biləcək barıt çəlləyinin üstündə yox, sakit bir regionda işləsinlər. Amma Azərbaycana Qarabağ məsələsində yönələn təzyiqlərin məhz indi güclənməsinin səbəbi təkcə bu deyil.

2001-ci ildə ABŞ-da gəlmiş siyasi müxalifət nümayəndələri ilə görüşən bir Amerika diplomatı onlarla təqribən belə bir söhbət apardı: Qarabağ itirilib. Bu sülhü də ancaq avtoritar lider xalqa qəbul etdirə bilər. Niyə imkan vermirsiniz ki, Heydər Əliyev bu problemi sizin başınızdan açsın və sonra da siz onu bu məsələdə ittiham edərək hakimiyyətə gəldikdə artıq qazanılmış sülh şəraitində yaşayasınız? O vaxt müxalifət nümayəndələri qəzəb püskürmüşdülər. İndi isə... İndi isə Qərb inanır ki, Azərbaycan cəmiyyəti elə bir zəif hala gətirilib ki, hazırkı Azərbaycan hökuməti ona istənilən bir qərarı yedizdirə bilər. Məsələ bu dərəcədə sadədir. Hökumətimiz də, əvvəlki kimi, xalq «bu işə getməz», «müxalifət məni yıxar» arqumentlərini işlədə bilmir. Ona heç kim inanmır. Bu səbəbdən Rusiya da, Qərb də Azərbaycan hakimiyyətini Qarabağ məsələsində sıxır və belə görünür ki, məqsədlərinə də çatmaq üzrədirlər.

BƏS XALQ?

Uzun illər Azərbaycan hökuməti demokratik azadlıqlara hücum edəndə arqumenti bu idi ki, «dövlətçiliyi gücləndirir», yoxsa «xaos olar», «müharibə şəraitidir», «hər şey ərazi bütövlüyümüzün bərpasına yönəldilməlidir», «bəylərin demokratiyası torpaqlarımızı düşmən tapdağı etdi», «müharibə şəraitində sərt əl lazımdır» və s. Azərbaycan hökumətinin rəsmi təbliğat maşını radikal, hətta bir qədər də çığırğan millətçiliyi «təslimçi liberalizmə», «abstrakt demokratiya ideallarına» qarşı qoyurdu və belə görünür ki, Azərbaycan cəmiyyəti də bu fikirlə ən azı üsyan etməkdən çəkinmək üçün yetərli olacaq dərəcədə razılaşırdı. Bəs indi? İndi hər şey öz rəngi ilə görünür. Demokratiya da getdi, torpaqlar da getmək üzrədir. Bəs xalq nə edəcək? Mən bu suala soyuq başla cavab verə bilmirəm. 13 yaşında Topxana meşələrinin qırılmasına etiraz edənlərin nəslindənəm. Oradakı insan selini görmüşəm və bu xalqın gücünə inanmışam. İndi də vəziyyət nə qədər bədbin görünsə də, inanıram ki, bu xalq ona bu acı həbi uddurmaq istəyənləri peşman edəcək qədər güclüdür, Azərbaycan, Rusiya, Qərb rəsmiləri bunun əksini düşünsələr də.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG