Keçid linkləri

Təcili xəbərlər

AĞDAM - görüş yerini dəyişmək olmur


Ağdamlılar «Şəhidlər Xiyabanı»nda, 23 iyul 2009
Ağdamlılar «Şəhidlər Xiyabanı»nda, 23 iyul 2009
Saat 10-da evdən çıxdım. Bura 11-in yarısında çatdım…

Ətrafımdan o tərəf bu tərəfə çoxlu adam keçir. Mənim tanıdıqlarım, məni tanıyanlar, mənim tanımadınqlarım və məni tanımayanlar. Xeyli adam eləyir.

11-də molla Quran oxuyur. Sonra icra başçısı danışır. Hamı sakitcə dayanıb dinləyir…

Burada hamı bərabər olur. Heç kim də səs eləmir. Düşünürəm ki, burada məndən başqa hamı qəhrəmandır. Lap elə Rey kimi. Kərimoğlunu deyirəm. Bir az aralıda dayanıb. Məni görüb sevinir. Mən onu görəndə sevindiyim kimi....

Adamların arasında anamı axtarıram və saat 12-yə 10 dəqiqə işləyəndə tapıram. 12-yə 15 dəqiqə işləyənədək ikimiz də xoşbəxt oluruq…

Burada tanış müəllimlər və müəllimələr, bir vaxtlar futbol oynadığım dostlar, hansısa məqamlarda mənim qəhrəman olduğumu düşünən ağsaqqallar da var. 12-nin yarısında ilk məhəbbətimi (uşaqlıq sevgisi) görürəm (Oğlu bizim o zamankı vaxtımızın ataları boydadı). Əvvəl mənim oğlumu soruşur, sonra öz uşaqlarından danışır.

Day qocalırıq – deyir.

Amma o da mənim kimi hələ ki, yaşından yaxşı görünür. Fikirləşirəm, indikilərlə müqayisədə biz nə uşaqlıq yaşadıq, gördük ki, nə də valideynlik eləyək. Bəlkə də gəncliyimiz normal keçmədiyi üçündür ki, doğru düzgün qocala da bilmirik…

Yadıma ermənilər düşür. Zavallılar özlərinin həyatı kimi bizimkini də puc elədilər.…

Sonra türklərin yanına gəlirik. Molla yenə quran oxuyur…

Bu gün hamının tikəsi hamının boğazından rahat keçən gündür. Adam istəyir həmişə belə olsun. Amma kökündə nə dayndığını xatırlayanda tez fikrindən daşınır…

Bir belə qəhrəmanı çox istəmək çətindir. Özü də yayın istisində, günorta saat 12-yə 10 dəqiqə qalmış. Amma mən istəyirəm. Bəlkə elə bu da mənim olan –olmaz qəhrəmanlığımdır…

Milli qəhrəman Şirin Mirzəyevin sağ qalan əsgərlərindən bir qrupu
Həmişəki kimi hər şey ölkənin ikiqat generalının gözü qarşısında baş verir. Ən hündür yerdə qərar tutub aşağıda bəlkə də içlərində qisas dolu etirafa, tövbəyə dayanmış adamları seyr eləyir…

Bir ana nəvəsini oğlunun soyuq baxışlarında gəzdirir.

Bir oğlan qara mərmərin üstündə cavanlığına ilişib qalmış kiminsə qarşısında susur (yəqin atasıdır).

Saat 12-də hamı dağılışmağa başlayır. Ətrafımdan yenə də çoxlu tanış və tanış olmalı adamlar keçib gedir…

Bura gələndə yolda heç nə hiss eləmirəm. Hətta lətifə də danışa bilərəm. Buradan gedəndə də elə ciddi bir narahatçılığım olmur. Amma burada….

Bu qədər insanın arasında adam hər şeyi həmişəkindən daha aydın başa düşür.
Başa düşürsən ki, sənin heç nəyin yoxdur. Başa düşürsən ki, sənin özün də yoxsan. Bəlkə də elə ona görədir ki, səni başa düşmək borcu olanlar da səni başa düşmürlər, və ya düşmək istəmirlər…

Düşmək istəməyənlərin və düşəni yeməyə hazır olanların məmləkətində ildə bir dəfə özün ola bilmək cəhdi necə də maraqlıdır…

Hər il belə olur.

İyulun 23-də saat 11-dən 12-dək ağdamlılar Bakıda Şəhidlər xiyabanına yığışırlar.

Yığışırlar ki, bəlkə hər şeyi itirdikləri gündə biri-birlərini tapdılar.

Hava da isti olur.

Keçən il də belə idi…

Yəqin ki, gələn il də belə olacaq…

Kaş olmayaydı…

Yaxşı, mən gedim, saat 12-dir.
XS
SM
MD
LG