Keçid linkləri

Təcili xəbərlər

Müsbət göstəricilər siyasəti


Prezident İlham Əliyev Bakının Zabrat qəsəbəsində yeni orta məktəbin açılış mərasimində, 15 sentyabr 2006
Prezident İlham Əliyev Bakının Zabrat qəsəbəsində yeni orta məktəbin açılış mərasimində, 15 sentyabr 2006
Bu ölkədə hökumət kimə hesabat verir? Məlum deyil, çünki əsl hesabat parlamentdə, özü də demokratik yolla seçilmiş və icra orqanından asılı olmayan parlamentdə ola bilərdi. Təəssüf ki, müstəqilliyin on səkkizinci ilində bu, hələ arzu olaraq qalır. Bunun əksinə olaraq indi qayçı və lentdən ibarət görüntülərlə güclü iqtisadiyyat yaratmaq haqqında təsəvvür aşılanır.

Nə vaxt televizoru qoşursan İlham Əliyev qayçı ilə lenti kəsir və yaxud bütün yeni tikilən obyektlərə bunların bilavasitə İlham Əliyev tərəfindən tikilməsi haqqında lövhələr vurulur. İlk baxışda buna normal yanaşmaq olardı, amma bəzi detallar olmasaydı.

Birincisi, prezident hər yeni və xırda obyektin açılışında iştirak etməli deyil. Üstəlik, yeni tikililərin hamısı ya Heydər Əliyevin növbəti muzeyi və yaxud olimpiya kompleksləri olur. Bu xüsusiyyətinə görə prezident Hacıbala Abutalıbovu xatırladır. Abutalıbov da belə hərəkət edirdi-kiçik bir çökəyin üstünə azacıq asfalt çəkərkən dərhal bütün medianı ora toplayırdı. Və bununla da özü haqqında işgüzar mer obrazı yaradırdı. İndi rollar dəyişib, daha Hacıbala Abutalıbov görsənmir, bütün açılışlarda şəxsən prezidentin özü iştirak edir. Bir də görürsən ki, İlham Əliyev avtobus və yaxud polis maşını sürür. Bu o deməkdir ki, şəhərə yeni avtomobillər gətirilib...

Elə vəziyyət yaranıb ki, Heydər Əliyev dövrü üçün xiffət çəkənlərin sayı artıb. Əslində səhnə həmin, köhnə səhnədir. İlham Əliyev də başqa birisinin yox, məhz Heydər Əliyevin siyasətini davam etdirir. Bəs onda problem nədədir? Bir qədər aktyorlar və rollar dəyişib. Həm də Heydər Əliyev daha mahir ssenarist idi... İndi hökumətin hesabatına baxanda görürsən ki, ancaq İlham Əliyev danışır. O, nə deyir?

Adətən ölkədə böyük işlərin görüldüyünü vurğulayır və nazirlərini tərif edir. Cəmiyyətə isə yeni iş yerlərinin açılması haqqında nağılları dinləmək qalır. Özü də iqtisadi böhran vaxtında. İndi işsizlərin sayını yox, işləyənlərin sayını hesablamaq lazım daha düzgün olardı. İlham Əliyevin yeni iş yerlərinin açılması haqda çıxışları sonda elə səviyyəyə çatacaq ki, məlum olacaq ki , yeni iş yerlərinin sayı ölkənin ümumi əhalisinin sayından çoxdur. Hər halda «müsbət göstəricilər iqtisadiyyat» bunu deməyə əsas verir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG