Keçid linkləri

Təcili xəbərlər

Mirajlarla idarə olunan ölkə


Ali dini lider Əhmədnejadı rəsmən prezident elan edir. Tehran, 3 avqust 2009
Ali dini lider Əhmədnejadı rəsmən prezident elan edir. Tehran, 3 avqust 2009
İran bu dəfə də dəyişmədi. Molla rejimi bir daha növbəti prezident seçkisinin nəticəsini cəmiyyətə həzm etdirdi, baxmayaraq ki, bu yaxınlarda keçirilən prezident seçkisinin nəticələrinin ciddi əleyhdarları var idi. Beləcə, molla rejimi öz mövqelərini qoruyub saxlaya bildi. Amma çoxdan idi ki, İranda siyasi qütbləşmə bu həddə çatmamışdı. Elə bu səbəbdən ölkədəki sabitliyin, tarazlığın çox kövrək dayaqlara söykəndiyini demək mümkündür.

Çox maraqlıdır ki, İranın siyasi və hərbi rəqibi olan ABŞ-da vaxtilə, təxminən iki əsr bundan əvvəl T.Cefersonun prezidentliyini təsdiq etmək üçün Konqresdə 32 dəfə səsvermə keçirilmişdi. Elə buradaca maraqlı sual yaranır ki, hansı ölkə daha demokratikdir: yüz illər bundan əvvəlki ABŞ, yoxsa İran? Hansı ölkə üçün patriotiklik etməyə dəyər?

Zəngin tarixi keçmişi, minillik dövlətçilik təcrübəsi olan, indi isə şanlı keçmişindən savayı heç nəyi qalmayan, sözün əsl mənasında öz vətəndaşları üçün zindana çevrilən İrana, yoxsa cəmi iki əsrlik tarixi olan ABŞ-a?.. Bu detal təkcə İrana aid deyil. O qədər qoca Şərq dedilər ki, axırda Şərq həqiqətən də qocaldı, özünü yeniləşdirmək, inkişaf etdirmək üçün heç bir qüvvəsi qalmadı. İndi Şərqin şanlı keçmişindən savayı heç nəyi yoxdur. Ancaq keçmiş bu ölkənin vətəndaşları üçün qürur və iftixar mənbəyi ola bilər, bu gün və güləcək isə müəmmalıdır. Türkiyəni çıxmaq şərtilə müsəlman Şərqinin demək olar ki, hamısında despotik rejimlər hökm sürür.

Normal inkişaf, demokratiya və azad cəmiyyət bu ölkələrin hamısı üçün miraja çevrilib. Ola bilsin, bu onun nəticəsidir ki, əsl qurtuluş lazım olan yerdə axtarılmır. Ona görə də min ildən artıqdır ki, Şərq əsl həqiqəti tapa bilmir. Məsələn, İran bunu nüvə silahına yiyələnməkdə görür. Bu da siyasi mirajın bir növüdür.

Hamı olmasa da, böyük əksəriyyət artıq bu yalana öyrəşib və belə hesab edir ki, nüvə silahı olsa, ölkə birdəfəlik özünün tarazlığını tapacaq. Amma bu, həqiqətdirmi? Keçmiş sovetlər birliyini yada salsaq, bunun da sadə bir miraj olduğunu söyləmək mümkündür.
İndiki seçkinin nəticələri İranın daha bir neçə il nüvə silahı əldə etmək istiqamətdə siyasət yürüdəcəyini deməyə əsas verir. Deməli, mirajlar qoca və üzgün Şərqin başı üzərində hələ çox asılıb qalacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG