Keçid linkləri

Bir az dincəlmək üçün kafedə əyləşən gənclər niyə həbs olunurlar? Həbsdə olan jurnalistlər niyə azadlığa buraxılmırlar? İnsanların evləri, evlərinin həyəti, torpaqları zəbt olunarkən onların etirazına niyə görə heç kim cavab vermir? Sualları davam etdirmək olar, amma bu cür hadisələr ölkədə o qədər çoxdur ki, hətta bunun statistikasını tutmaq olar. Ölkənin hüquqi mənzərəsi sanki qara rəngə boyanıb.

Müasir filosofların indi qınaq obyektinə çevrilən Karl Marksın maraqlı fikri var. O hesab edirdi ki, dövlət iki halda dağılır: cinayət var, amma cəza yoxdur və bir də cinayət yoxdur, amma cəza var!

Digər sərt rejimlər kimi avtoritarizm dövründə də həmişə cinyaət ilə cəza arasındakı adekvat uyğunluq pozulur və onu bərpa etmək çox çətin olur. Konkret Azərbaycana gəldikdə isə artıq müxtəlif vaxtlarda onun hüquq sisteminin nöqsanları qeyd olunub.

Əcnəbi ekspertlər əvvəlcə diqqəti məhbusların çoxluğuna yönəltdilər. Onların fikrincə, səkkiz milyonluq xalq üçün bu qədər məhbusun olması qeyri–təbiidir. Bunun səbəbi ölkədəki qanunların çox sərt olmasıdır. Elə əməllər var ki, onlara hüquqi qiymət verilərkən sadəcə cərimə ilə kifayətlənmək olardı, amma bir neçə il həbs verilir.

Azərbaycanda əməllə ifadə olunmayan cinayətə görə də məsuliyyət var. Bir də görürsən ki, kimsə yazdığı yazıya görə məsuliyyətə cəlb edilir. Hərçənd ki, ortada ancaq yazı var, hər hansı əməl, fəaliyyət isə yoxdur. İndi bu cür ittihamların sayı qismən seyrəkləşib. Səbəb aşkar siyasi işlərin statistikasını azaltmaq arzusudur. Hakimiyyət indi fikir adamlarını və eləcə də jurnalistləri qeyri-siyasi maddələrlə məsuliyyətə cəlb edir. Amma cidanı çuvalda gizlətmək yenə də çətindir.

Məhkəmələrin fəaliyyətindən danışmaq isə sadəcə faydasızdır. İcra hakimiyyətinin əlavəsinə çevrilən bu strukturlar ancaq siyasi məhbus generasiya etməklə məşğuldur.

Cinayət məsuliyyətinə cəlb etmənin özü də çox mübahisəli formada davam edir. Qərbdə əvvəlcə cinayət müəyyənləşdirilir və sonra cəza verilir. Azərbaycanda isə tərsinədir. Əvvəlcə adamı həbs edirlər, yalnız bundan sonra məsuliyyət müəyyən edilir və bir çox hallarda əmələ adekvat olmayan cəza verilir.

Beləcə, Azərbaycanda hüquq sistemi çox axsayır. Ölkənin hüquq sistemi sürüşmək bilməyən adamların buz üstünə çıxmasına bənzəyir. Hələ ki reallıq budur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG