Keçid linkləri

Təcili xəbərlər

«Əxlaqsız» cəmiyyət


Biz əsl utanmalı şeyləri edib qürurlanır, edilməsi zəruri olan işlərdən isə utanırıq
Biz əsl utanmalı şeyləri edib qürurlanır, edilməsi zəruri olan işlərdən isə utanırıq
Ola bilməyəcək bir şeyi təsəvvür edin, misal üçün bir insan orqanizmini. Düşünün ki, bu orqanizmin əzaları adəti üzrə deyil, ağlagəlməz funksiyalar həyata keçirir. O, gözləri ilə eşidir, qulaqları ilə görür, əlləri ilə yeriyir, sidik kisəsi döş qəfəsindədir, döşləri belindədir və daha inanılmaz şeylər...

Təsəvvürümüzdə canlandırdığımız bu çirkin orqanizmi toplum formasında düşünsək, bizə o qədər də yad olmayan cəmiyyət gözümüzün qarşısında dayanacaq. Bax belə bir orqanizm bizim doğulub böyüdüyümüz, arada bir sevinib, kədərlə qocalıb öldüyümüz bir toplumdur. Elə bir toplum ki, uşağından qocasına, valideynindən müəlliminə, iqtidarından müxalifətinə, uşaq bağçasındakılarından Elmlər Akademiyasındakılarına, azadlıqdakılarından məhbuslarına qədər onun sarsılmaz dəyərlərinin formalaşdırdığı bir sistemlə idarə olunur. Bu toplumu anormal görünüşlü orqanizmə çevirən sistemin kiçik oyuncaqları deyil, bu zəncirin bütün halqalarını bir arada stabil tutan, onun özünə məxsus əxlaq və dəyərlər toplusudur. Misallarla izah edim:

bu tolumda bir qadının nikahdan kənar münasibətlərdə bəkarətini itirməsi əxlaqsızlıqdır, amma nikahlı həyat yoldaşı tərəfindən hər gün döyülməsi əxlaqsızlıq deyil;

bu toplumda qadın kişi üçün namusdur, amma o qadının geyindiyi paltarların yad kişilərdən toplanmış rüşvət hesabına alınması binamusluq deyil;

bu toplumda qadının yad kişiləri tərifləməsi əxlaqsızlıq sayılır, amma kişilər bir-birilərini hətta KİV-də də tərifləməkdən həzz alır;

Bu toplumda iki sevgilinin gizlində bir-birilərini qucaqlaması, öpüşməsi əxlaqsızlıqdır, amma onları pusub yaxalayan polis məmurunun onlardan açıq-aşkar rüşvət istəməsi əxlaqsızlıq deyil
bu toplumda iki sevgilinin gizlində bir-birilərini qucaqlaması, öpüşməsi əxlaqsızlıqdır, amma onları pusub yaxalayan polis məmurunun onlardan açıq-aşkar rüşvət istəməsi əxlaqsızlıq deyil. Bir Qərbliyə «sizin atanız məlum deyil» desəniz üz cizgiləri dəyişilməz, amma «siz rüşvətxorsunuz, siz nasistsiz» desəniz əmin olun ki, səbirlisi sizi məhkəməyə verər, səbirsizi isə sizi parçalayar. Məhz buna görə Qərb cəmiyyəti bizim toplumda «əxlaqsız» cəmiyyətdir. Çünki onlar üçün namus anlayışı göbəkdən aşağı üçün deyil, daha qlobaldır.

Bu toplumda əxlaq «böyük-kiçik»lər üzərində qurulur, insan üzərində deyil, ona görə bu toplumda güclü həmişə haqlıdır, ona görə bu toplumda insanlar edə bildiklərindən qürurlanır, edə bilmədiklərindən isə utanır. İnanmırsınızsa elə bu dəqiqə yanınızdakına «bu gün mən sevgilimlə öpüşəcəyəm» və dərhal «bu gün mən rüşvət alacağam» deyin, sizə veriləcək adekvat cavabların mahiyyətidir mənim indi yazdığım.

4 il yaşadığım «əxlaqsız» Norveç cəmiyyətində mən bunu anladım ki, əslində, biz əsl utanmalı şeyləri edib qürurlanır, edilməsi zəruri olan işlərdən isə utanırıq. Mən o «əxlaqsız» adlandırılan cəmiyyətdə 4 il ərzində bir dəfə də olsun uşağın valideyn tərəfindən döyülməsini görmədim, dostlar, başa düşməliyik ki, əxlaq uşaqların cinsi münasibətlərinə nəzarət etmək deyil, onlar üçün qorxudan kənar bir uşaq dünyası qurmaqdır, çünki uşaqlığında döyülən böyüklüyündə döyəcək.
XS
SM
MD
LG