Keçid linkləri

Dəniz sərhədləri münaqişə predmeti ola bilərmi?


«Neft Daşları»
Ərazi bütövlüyü deyəndə dərhal yada Dağlıq Qarabağ münaqişəsi düşür. Amma istənilən dövlətin quru sərhədləri ilə bahəm həm də su və hava sərhədləri olur. Kompleks şəkildə götürdükdə ən azı üç istiqamətdə Azərbaycanın su sərhədləri mübahisə predmeti olub və ya hələ də olmaqdadır. Cənubdan İranla, şimaldan Rusiya və şərqdən Türkmənistanla su sərhədləri hələ də tam şəkildə dəqiqləşdirilməyib.

Su sərhədləri arasında təbii ki, ən çox maraq kəsb edən məhz dəniz sərhədləridir. Bu mövzu da ona görə vurğulanır ki, digərləri ilə müqayisədə o daha mürəkkəbdir və bir neçə aspektdən maraq kəsb edir. Bura həm geosiyasi, həm də geoiqtisadi maraqlar zəminində çəkişmələr daxildir, çünki Xəzər sadə su hövzəsi deyil, bu cənub istiqamətinə aparan ən qısa yollarından biridir, həm də zəngin karbohidrogen ehtiyatlarına malikdir.

Bu məsələlərlə bağlı üç dövlətlə – Azərbaycan, Qazaxıstan və Rusiya arasında müəyyən anlaşma var. Digər iki ölkə-Türkmənistan və İran hələ də məsələni mürəkkəbləşdirməkdə davam edirlər. Narahatlıq yaradan da elə bu dövlətlərdir. Hər ikisində də konservativ siyasi kurs davam edir.

İranda heç bir dəyişiklik baş vermədi. Türkmənbaşının vəfatından sonra ümid edilirdi ki, yeni hakimiyyət kursu dəyişəcək. Amma bu, baş vermədi…

Daxili siyasətdə azacıq dəyişiklik etsə də, Türkmənistanın yeni prezidenti Xəzərlə bağlı yürütdüyü siyasətə görə öz sələfindən bir o qədər də fərqlənmir - gah beynəlxalq məhkəmədən danışır, gah da özünün hərbi dəniz donanmasını gücləndirməyə can atır. Azəri-Çıraq və Kəpəz yataqları Türkmənistanı hələ də cəzb etməkdədir.

Hərbi donanmanın gücləndirilməsinə gəldikdə isə Xəzərdə Rusiyadan sonra ən güclü donanma Azərbaycana məxsus idi. İndi bu istiqamətdə vəziyyətin hansı səviyyədə olmasını demək çətindir. Təbii ki, məsələni ifrat dərəcədə qəlizləşdirməyə ehtiyac yoxdur. Amma onu da nəzərə almaq lazımdır ki, məsəl var deyirlər ki, əgər sülh istəyirsənsə gücünü artır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG