Keçid linkləri

Təcili xəbərlər

Futboldan siyasət kimi


Azərbaycan millisinin qapıçısı Kamran Ağayev 4 qol buraxsa da, yığmanın ən yaxşısı idi
Azərbaycan millisinin qapıçısı Kamran Ağayev 4 qol buraxsa da, yığmanın ən yaxşısı idi
Dünən gecə Türkiyənin «Kanaltürk» televiziyasından Ermənistan millisinin Belçika ilə oyununu izlədim. Ermənistan 2:1 hesabı ilə Belçikanı məğlub elədi. Erməni dilini bilmirəm, heç onların şərhçisini də eşitmirdim. O üzdən bilmədim ki, onlar bu qələbəni futbola böyük dövlət qayğısı ilə izah edirlər yoxsa yox? Bunu prezident Serj Sarkisyanın adına yazırlar yoxsa futbolçuların?

Yəqin ki, Azərbaycan Almaniyanı udsaydı, bu, məhz ölkənin birinci şəxsinin hesabına yazılacaqdı. Zira Dünya Çempionatının təsnifat mərhələsində keçirilən 8 oyunun birində belə qələbə qazanılmayıb. Azərbaycan öz qapısından 13 top buraxıb, bunun əvəzində isə yalnız bir dəfə şeytanın qıçını qıra bilib. Fikir vermişəm, bu oyunlar zamanı yerli televiziya şərhçiləri futbola böyük dövlət qayğısı ilə bağlı nitqlərini hər buraxılan birinci qoldan sonra yarımçıq kəsməli olublar…

TARİXƏ EKSKURSİYA

İndiyə kimi yadımdadır. 1999-cu il avqustun 26-da «Neftçi» Çempionlar Liqasının seçmə mərhələsində Bakıda keçmiş Yuqoslaviyanın «Srvena Zvezda» klubunu qarşılayırdı. Həmin vaxt Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev də türkiyəli həmkarlarmızın dili ilə desək, şərəf tribunundan bu oyunu izləyirdi. Oyunun gedişində «Neftçi» əvvəlcə bir, daha sonra isə iki top hesabı ilə irəli çıxdı. Lənət şeytana, AzTV-nin səyyar kameraları oyunu yaddan çıxarıb, qolların «sahibinin» axtarışına çıxdılar və…şərəf tribununa tuşlandılar. AzTV-nin aparıcısı da elə danışırdı ki, sanki bu qolları şərəf tribunundan vurmuşdular. Az sonra «Srvena Zvezda» «Neftçi»nin qapısından dalbadal düz 3 top keçirdi. Yenidən səyyar kameralar əvvəlki vəziyyətinə qayıdıb futbolçulara tuşlandı. Daha nə şərəf tribununu göstərən, nə də dövlət qayğısından danışan var idi...

YERLİ ŞƏRHÇİLƏRİN KÖHNƏ VƏRDİŞLƏRİ?

Ancaq bizim futbol şərhçiləri də az aşın duzu deyillər ha…Hesabda geriyə düşdükmü, başqa idman növlərindəki uğurlar yada düşür. Qadın voleybolçulardan ibarət «Azərreyl»in «Çağırış» kubokunu almasını, «Neftçi»nin Birlik Kubokunu qazanmasını və nəhayət, Elnur Məmmədlinin Pekin Olimpiya oyunlarından qızıl medalla dönməsini artıq neçənci dəfədir ki, futbolda məğlubiyyət zamanı bizim yadımıza salırlar. Əstəğfürullah, mən onlar danışan kimi sözlərini necə bitirəcəklərini əvvəlcədən bilirəm…

SİYASİ MAHİYYƏT

Almaniya Azərbaycanı 4 qolla keçdi
Azərbaycanda tikilən hər məktəb, salınan hər körpü, çəkilən hər yol, təmirdən sonra yenidən açılan hər keçid, park prezidentin adına yazılır. Bakıda yeni inşa edilən bütün körpülərin divarlarına da elə belə də yazıblar: «Bu körpu prezident İlham Əliyevin filan sərəncamı ilə inşa edilmişdir».

Siz necə düşünürsüz, elə bu şablon lövhələr yerli futbol şərhçilərimizin ənənəvi nitqini xatırlatmırmı?

XXIX Pekin Olimpiya oyunlarında Azərbaycan güləşçilərinin Ermənistan təmsilçilərini məğlub etməsindən yerli kanallar əməlli-başlı siyasi təbliğat qurmuşdular. Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycan prezidenti İlham Əliyevi təbrik etməsini yerli kanallar az qala 100 dəfə nümayiş etdirdilər. Ancaq bu yarışların 2-ci günü olimpiya və dünya çempionu Fərid Mansurovun Armen Vardanyana məğlub olması zamanı siyasi təbliğat heç yada düşmədi.

UĞURUN SAHİBİ VAR, BƏS UGURSUZLUĞUN?...

Dünən - sentyabrın 9-da da siyasi təbliğat imkanı əldən verildi. Almaniya yığması Azərbaycanın qapısından düz 4 cavabsız top keçirdi. Sizi bilmirəm bu qədər siyasi söz-söhbətlərdən sonra mənim üçün bir məsələ hələ də qaranlıq qalıb. Ardıcıl məğlubiyyətlərə görə günahkar kimdir?

Ölkədəki bütün, hətta ən xırda uğurlar belə bir şəxsin adına yazılır. Bu uğursuzluğu kimin adına yazaq? Uğurlara sahib tapılır, bəs uğursuzluqlar kimindir? HAMIMIZIN?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG