Keçid linkləri

Mənim bloq yazılarımın dili bəzi oxucularda narazılıq doğurub. Məsələn, birisi qınayıb ki, niyə fəxr edirəm yerinə «öygü duyuram» yazmışam. Çox maraqlıdır, hamı, bəlkə mənə irad tutan da «uje», «voobşe» işlədəndə bunda dil üçün pis heç nə görmür, ancaq «öymək» kimi əski sözümüzü işləkləşdirəndə dilimiz üçün təhqir görürlər.

İndi isə gəlin, belə bir sual qoyaq: nədən dilimizin düşüncə mədəniyyəti üçün önəmli olan sözlərinin sırasına öz sözlərimizin sayını, gücümüz çatan qədər, artırmalıyıq? Bu o deməkdir ki, «lakin»lə yanaşı «ancaq», «tələbat»la yanaşı «gərəklər», «müvəffəqiyyət»lə yanaşı «uğur», «əlaqə» ilə yanaşı «ilişgi», «şüur»la yanaşı «bilinc»i də tez-tez yazımıza, danışığımıza gətirməliyik.

Buna «purizm», yəni dili arındırmaq deyirlər. Purizmin azman kampaniyası Türkiyədə olub. Purizm işini indi fars dilində, fransız dilində, erməni, xorvat, ivrit dillərində aparırlar. Çoxları üçün bu qürur məsələsidir. Xorvat istəyir ki, onun dili «doğma» serb dilindən fərqlənsin, fars istəyir ki, ərəb sözlərinin yersiz olanlarının əvəzinə Avesta sözlərini işlətsin, Anadolu türkləri isə dillərini təmizləmişdilər ki, qondarma suahili dilinə oxşamasın. Suahili ərəb, ingilis, afrikan kökənli sözlərdən yığılmış Liman dillərinə oxşayır. Purizmdən öncə Anadolu türkcəsində təxminən 20% öz sözləri idi, yerdə qalanlar ərəb-fars v s. İndi isə təxminən 70-80% öz sözləridir. Dedim ki, bu təmizləmənin ilk ağıla gələn motivi milli qürurla bağlı idi: niyə başqasının tör-töküntüsü olaq?!

Mən isə, bax, «təmiz dil» demirəm, «düşüncə mədəniyyəti üçün gərəkli olan sözləri sırasında öz sözlərinin payı sısqa olmayan dil» deyirəm, belə dilə gərəyi qürura görə yox, başqa cür açıqlardım.
Sözlər əgər vaqon kimdirlərsə, cümlə isə qatardısa və dilin də vəzifəsi bir düşüncəni bir başdan başqa başa daşımaqdırsa, doğrudan da nə fərqi var, «cism» deyirsən, yoxsa «nəsnə»?! Axı, vaqonun qara, sarı olmasının daşımağa təsiri yoxdur!

Ancaq sübutlar var ki, dil təkcə vasitə deyil, həm də kosmosdur, ümmandır, çox dərin biliklərin qaynağı, yəni mənbəyidir. Qəsdən kobud bir örnək: azərbaycanlıların «ayaqyolu» sözündən çıxarmaq olar ki, bu yer iyinə, funksiyasına görə elədir ki, evin, binanın içində yox, həyətin o başında olmalıdır. Söz sanki ona gedən cığırdakı ayaq izlərini də canlandırır. Fransızların «tualet» sözü isə özünü, üst-başını, üz-gözünü qaydaya salmağı bildirir. Göründüyü kimi, bir nəsnənin iki ayrı-ayrı adı həmin nəsnəyə iki mədəniyyətdə fərqli baxışı, konsepsiyanı açır.

Bundan sonra demək olar ki, qloballaşma bizdə ayaqyolularının tualetləşməsinə gətirib çıxarır. Ancaq tələsməyək bu düşüncəni tam doğru saymağa. Elə hallar olur ki, Azərbaycanda «ayaqyolu»nun yerinə «tualet» işlədəndə təsəvvürlərdə ayaqyolu tualetləhşmir, tualet ayaqyolulaşır. Nədən fransız qızı asanlıqla «mən tualetə gedirəm» deyə bilir, azərbaycanlı qızların çoxu isə bunu deməkdən utanır? Çünki fransız belə deyəndə onun başında canlanan birinci anlam, məna o olur ki, «mən üst-başı qaydaya salan yerə gedirəm», azərbaycanlı qızı isə qorxur ki, o, «tualet» deyəndə oğlanların gözü qabağına murdar bir yer gələcək və onun «imici» ləkələnəcək.

Mən hələlik onu göstərmək istədim ki, söz vaqon, araba, yəni yalnız daşyıcı deyil ki, deyəsən, nə fərqi var, ərəb, ya türk sözü olsun?! Məsələnin bu qoyuluşundan sonra «niyə dilimizdə öz sözlərimiz çox olmalıdır?» sorusunun, yəni sualının cavabı qalır, maraq doğursa, onu da açmaq olar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG