Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın neft fondundan xərcləmələr


İndiyə qədər $9 mlrd. xərclənib... onun səmərəliyi hiss olunurmu?

1996-cı ildə «Caspian Oil & Gas» beynəlxalq sərgi-konfransda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin operatoru olan BP şirkəti ilk dəfə olaraq elan etdi ki, 1997-ci ilin II yarısında «Çıraq» yatağından neft hasilatına başlanacaq və bundan sonra Azərbaycan neftinin dünya bazarına ixracı gerçəkləşəcək. O vaxt ilk olaraq Yaponiya sərmayə strukturları Azərbaycana səfər edərək neft gəlirlərinin səmərəli istifadəsi ilə bağlı hökumət nümayəndələri ilə fikir mübadiləsi apardılar. Onları maraqlandıran yeganə məsələ bu idi ki, Azərbaycan neft gəlirlərindən səmərəli istifadə üçün «Əsrin müqaviləsi» çərçivəsində əldə ediləcək mənfəət neftinin zamanını (bu 1999-cu ilin dekabrında baş verdi) gözləməməlidir və qısa zamanda aşağıdakı məsələləri aydınlaşdırmalıdır:

- mənfəət neftinin toplanacağı qurumu yaratmaq və lazımi hüquqi-normativ sənədləri qəbul etmək;

- hökumət səviyyəsində neft gəlirlərinin xərclənməsinə dair qısamüddətli (5 ilədək), ortamüddətli (15-20 ilədək) və uzunmüddətli (30 ilədək) proqramlar hazırlamaq və bunlara uyğun olaraq ölkənin gələcək inkişafının prioritet sahələrini müəyyənləşdirmək;

- qarşıda qoyulan məqsədlərə çatmaq üçün cari və perspektiv planları ictimaiyyətlə bölüşdükdən sonra hökumətin icrasına vermək.

Sonradan bu kimi təkliflərlə Azərbaycan tərəfinə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu öz məsləhətlərini verdilər. İlk neft hasil ediləndən sonra demək olar ki, bir çox Qərb ölkələri Azərbaycanı bu yöndə praktik addımlar atmağa «sövq etmək» siyasəti yürüdürdülər. Onlar müxtəlif konfrans və seminarlarda vətəndaş cəmiyyətinin neft gəlirlərinin xərcləməsindəki rolundan və ədalətli bölünmənin siyasi stabillikdəki rolundan yorulmadan danışırdılar və bu zaman hökuməti Nigeriya, Anqola və İndoneziya (məsələn, diktator-general Suxarto və onun ailəsi hökmranlıqları dövründə 37 milyard dollar vəsaiti mənimsəməkdə ittiham olundular) modelləri ilə hətta «ürkütmək» istəyirdilər.

Ancaq faktiki olaraq hökumət təmkinlə deyilənləri dinləməklə məşğul idi və yaxın gələcək üçün belə bu yöndə atacağı addımları açıqlamağı özünə borc bilmirdi. Nəhayət, 1999-cu ilin dekabrın 29-da saat 20-də AzTV-nin «Xəbərlər» proqramı ölkədə Neft Fondunun yaradılması ilə bağlı Prezident fərmanı (240 saylı) elan etdi. Necə deyərlər, «ilk addım» atıldı, yəni hasilatın pay bölgüsü sazişləri çərçivəsində neft gəlirlərinin toplanacağı qurumun adı məlum oldu. Azərbaycan Respublikası Dövlət Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 saylı fərmanı ilə təsdiq edildi. Dövlət başçısının 19 iyun 2001-ci il tarixli 511 nömrəli fərmanı ilə «Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi» haqqında Qaydalar təsdiq edildikdən sonra Neft Fondu əməli fəaliyyətə başlamışdır (diqqət yetirin: Fondun yaradılması haqda fərman imzaladıqdan sonra il yarım vaxt lazım gəlmişdir ki, qurum rəsmən fəaliyyətə başlasın). Fondun Nizami kinoteatrının binasında öz fəaliyyətini normal qaydada davam etdirməsi üçün isə daha bir müddət lazım gəldi.

Bu ötən dövrdə Azərbaycan ictimaiyyətinin müzakirəsinə neft gəlirlərinin xərclənməsinə dair nə bir proqram, nə də ki, hansısa başqa bir sənəd təqdim edilmədi. Hökumət özünün rəsmi qəzetlərində heç bir elan da vermədi ki, artıq Neft Fondunda olan və gələcəkdə yığılması nəzərdə tutulan hansısa məbləğlərin xərclənməsinə dair yerli və xarici, o cümlədən fiziki və hüquqi şəxslərdən təkliflər gözləyir.

Sözün düzü, bu illərdə Azərbaycan hökuməti maliyyə resurslarının idarə edilməsi sahəsində, maliyyə risklərinin dəyərləndirilməsi və biznes layihələrin qiymətləndirilməsi sahələrində dünyanın aparıcı universitetlərində «milli kadr» potensialının artırılması yönündə də real addımlar atmadı. Bir fakta diqqət yetirin: Azərbaycan Dövlət Neft Şirkəti xarici neft şirkətləri ilə 1994-cü ildən əməkdaşlığa başlasa da, özü üçün kadr hazırlığı məsələsinə yalnız 2007-ci ildən diqqət yetirməyə başladı və ilk olaraq Qərbdə təhsil almaq üçün 5 tələbə göndərdi (bu templə xariqələr yaratmaq doğrudan da xülyadan başqa bir şey deyil).

Nəticədə... 2001-ci ildə Neft Fonduna toplanmış vəsaitlərin ilk xərclənməsinə dair növbəti Prezident sərəncamı oldu və bununla da «mənfəət neftinin xərclənməsi» dövrü başladı. Başladı, nə başladı... 2009-cu il yanvarın 1-nə təqribən 9 milyard ABŞ dolları xərcləndi.

2001-ci ildən 1 yanvar 2009-cu ilə qədər 2009-cu il üçün proqnoz
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət problemlərinin yaxşılaşdırılmasına 523 mln manat 80 mln manat
Bakı-Tbilisi-Ceyhan neft kəmərində Azərbaycanın payının maliyyələşdirilməsi 297.7 mln manat -
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin maliyyələşdirilməsi 26 mln manat 80 mln manat
Samur-Abşeron suvarma sisteminin maliyyələşdirilməsi 234.5 mln manat 110 mln manat
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin maliyyələşdirilməsi 427.5 mln manat 100 mln manat
Dövlət büdcəsinə transferlər 5350 mln manat 4915 mln manat
Azərbaycan Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi 90 mln manat -
Azərbaycan Dövlət Neft Şirkətinə əvvəllər ona çatmalı olan mənfəət neftindən gələn gəlirlərə görə ödəmələr 87.6 mln manat -
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi layihəsi 2.3 mln manat 10 mln manat
Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 15.5 mln manat 24.5 mln manat
Cəmi 7045.4 mln manat 5319.5 mln manat

Neft Fondunun xərcləri 2001-ci ildən başlayıb. Həmin il onun həcmi cəmi 720 min manat (hesablamalar ancaq yeni manatla göstərilib) və gəlirlərin heç 1%-ni də üstələmirdi. 2002-ci ildə xərclər 8.622 mln manatadək (gəlirlərin 29.2%) yüksəlməyə başladı. Bir il sonra isə artıq Fonddan 235.2 mln manat vəsait xərcləndi (65%). 2004-cü ildə Fonddan xərcləmələr 141.623 mln manatadək azaldısa da (50.3%), 2005-ci ildə 324.859 mln manat (34.3%), 2006-cı ildə isə 981.376 mln manat (99.5%) və 2007-ci ildə 1 mlrd 61.2 mln manatadək (56.7%) artmışdır. Ötən ilin yekunlarına əsasən isə xərclər 4 mlrd 291.8 mln manatadək yüksəldi (neftin dünya bazarında qiymətinin kəskin artması nəticəsində gəlirlərin cəmi 36.2% təşkil etdi).

Beləliklə, Azərbaycan hökuməti 2001-ci ildən 2008-ci ilin sonuna qədər Neft Fondundan 7 mlrd. 45.4 mln manat vəsaiti xərcləməyə müvəffəq olub ki, bu da Neft Fonduna ümumi daxilolmaların (20 milyard dollara yaxın) 45% təşkil edib.

Qeyd edək ki, 1 yanvar 2009-cu il tarixinə Neft Fondunun aktivlərinin manat ekvivalenti ilə dəyəri 8 mlrd. 986,7 mln manat ($11 mlrd. 219.2 mln.) təşkil edib.

Bu ilin planlarına görə isə daha 6.5 milyard dollar vəsaiti Neft Fondumuzdan xərcləməyi planlaşdırırıq.

Təbii ki, bu intellektual resurs və monoidarəçilik (Neft Fondu haqda qanun yoxdur, onun gəlirləri də, xərcləri də Prezident sərəncamları ilə müəyyənləşdirilir, Neft Fondunun büdcəsi parlament tərəfindən təsdiq edilmir və s...) metodu ilə çətin ki, neft gəlirlərinin xərclənməsində səmərəliliyə və şəffaflığa nail olmaq olardı.
XS
SM
MD
LG