Keçid linkləri

Danışır Türkiyə-Ermənistan Protokolları


Axır ki, Türkiyə və Ermənistan arasındakı protokollar imzalandı
Axır ki, Türkiyə və Ermənistan arasındakı protokollar imzalandı. Rəsmi xəbərlərə görə, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi haqqında iki əsas sənəd imzalanıb. Sənədlər o qədər məxfilik şəraitində hazırlanıb ki, əsl razılığın nədən ibarət olması barədə yalnız fikir yürütmək olar.

Bəlli olanı odur ki, Türkiyə və Ermənistan razılığa gəliblər ki, iki ölkə arasında diplomatk münasibətlər qurulsun, sərhədlər açılsın, ermənilərin «soyqırımı» iddialarını araşdırmaq üçün müştərək tarix komissiyası yaradılsın və Ermənistan Türkiyə sərhədlərini rəsmən tanısın.

Türkiyə qəzetləri onu da yazırlar ki, Türkiyə heç olmasa sənədlər imzalanandan sonra veriləcək mətbuat açıqlaması mətninə Dağlıq Qarabağa dair də bir-iki cümlə salmaq istəyib, ancaq Ermənistanın ciddi israrından sonra bu məsələdən vaz keçib.

ÜÇ SSENARİ

Protokolları imzalayan tərəflər danışmamağa üstünlük versələr də, sənədlərin özləri də bəzi şeylər barədə danışa bilirlər. «Nə baş verir» sualına cavab vermək üçün hadisələrin mümkün inkişaf ssenarilərini nəzərdən keçirək. Cəmi üç ssenari gözə dəyir:

1. Ermənistan doğrudan da həm Türkiyə, həm də Azərbaycanla anlaşmaq istəyir, lakin erməni xalqının qəzəbindən qorxduğu üçün bəzi məsələləri gizli saxlamağa üstünlük verir. Yəni üzdə Qarabağ münaqişəsi Türkiyə-Ermənistan protokolları ilə əlaqələndirilməsə də, Türkiyə rəsmilərinin Azərbaycana dəfələrlə dediyi kimi, əslində bu məsələlər əlaqəli şəkildə həll olunur.

2. Bakını aldadırlar. Yəni həm Azərbaycan, həm də Türkiyəyə Qarabağa dair yalan və qeyri-rəsmi vədlər verən ermənilər bəri başdan almaq istədiklərini alırlar, cavab güzəştlərinə getmək barədə isə heç düşünmürlər də.

3. Qərarı verən Türkiyə deyil. Onu bu işə supergüclər – ABŞ, Rusiya və Avropa Birliyi məcbur edir, məxfilik də ona görə saxlanır ki, bu acı həbi həm türk, həm də Azərbaycan xalqlarına birtəhər uddursunlar.

Birinci varianta nəzər salaq. Doğrudan da Türkiyə-Ermənistan münasibətlərinin qurulması prosesi ilə Qarabağ danışıqlarının
Dmitri Medvedev və Abdullah Gül Moskvada, 13 fevral 2009
fəallaşması arasında bir paralellik var və bunu sadəcə bir təsadüf hesab etmək çətindir.

İSTİLƏŞƏN TÜRKİYƏ-RUSİYA MÜNASİBƏTLƏRİ

Anlamaq çətindir ki, niyə bu arada Rusiya və Türkiyə arasında da münasibətlər qəribə bir tərzdə istiləşir. Əgər söhbət Ermənistanı Rusiyanın təsirindən çıxarmaqdan gedirsə, gərək ki, Rusiya və Türkiyə arasında münasibətlər getdikcə kəskinləşəydi, lakin, bu, müşahidə olunmur. Onu da anlamaq çətindir ki, Ermənistanla birbaşa əlaqələr quran Türkiyə niyə imkan verir ki, Qarabağ danışıqları Rusiya çətiri altında davam etsin.

Ortada fakt qıtlığı olduğundan bu suallara cavab vermək çətindir. Lakin, bir şeyi dəqiqləşdirmək olar: Əgər ermənilər Qarabağ danışıqlarında heç olmasa müəyyən irəliləyişlərə getmək istəyirlərsə, onda ən azı Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad olunmasına yaxın müddətdə razılıq verməli olacaqlar. Bu, sadalanan variantlar arasında Azərbaycanın maraqlarına ən çox uyğun gələnidir. Hərçənd ki, burada da cavabsız suallar çoxdur. Bu beş rayonu ermənilər qeyd-şərtsizmi azad edir, yoxsa şərtlər var? Bu şərtlər nədən ibarət ola bilər? Kəlbəcər, Laçın, Şuşaya dair ilkin razılıqlar nədən ibarətdir? Olmaya adı çəkilən rayonlar həmin o beş rayona dəyişdirilir? Bir qədər əvvəl Minsk Qrupunun səsləndirdiyi plebisit ideyası nədir belə? Bu suallara aydın cavab olmalıdır.

İndiki reallıqda beş rayonu ermənilərdən bəri başdan alıb, digər məsələlər üzrə danışıqları davam etdirmək pis ideya deyil, əgər Bakı bu rayonları almaq üçün əl-qolunu digər məsələlər barədə boynuna götürdüyü öhdəliklərlə bağlamırsa.

BƏLKƏ BAKINI ALDADIRLAR?

Ermənistandan belə «manevrləri» gözləmək olar. Ancaq qurulan diplomatik münasibətlər də, açılan sərhədlər də qurulduğu kimi pozula, açıldığı kimi bağlana bilər. Əgər Ermənistan bu məsələdə Türkiyə və Azərbaycanı aldatmaq yolunu tutsa, onun «diplomatik qələbəsi» çox qısaömürlü olacaq. Sərhədlər yenə bağlanacaq, üstəgəl aldadılmaqda ittiham edilən Türkiyə iqtidarı müxalifətin
Barak Obama Vaşinqtonda Dmitri Medvedevi qəbul edir, 23 sentyabr 2009
təzyiqləri ilə Ermənistana qarşı daha sərt xətt yeridəcək. Bir sözlə, aldatmaq yolunu tutsalar, ermənilər bu işdən xeyirlə yox, ziyanla çıxacaqlar.

QAZI TÜRKİYƏ BASIR, SÜKANI SUPERGÜCLƏR İDARƏ EDİR?

Bir köhnə sovet lətifəsinə görə, Kuba lideri Fidel Kastro Xruşova məktub yazır ki, SSRİ-nin ona bağışladığı avtomobilin sükanı yoxdur. Moskvadan cavab gəlir: «Sən qazı bas, maşını biz buradan idarə edəcəyik».

Həm Türkiyə, həm də Azərbaycan üçün ən təhlükəli variant odur ki, bu məsələdə Türkiyə hökuməti öz maraqlarına görə deyil, supergüclərin təzyiqlərinə tabe olaraq hərəkət edir.

Ortada olan görüntülər deməyə əsas verir ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində, habelə Rusiyanın Qarabağ münaqişəsinin vasitəçiliyində əsas fiqura çevrilməsində Qərb-Rusiya qarşıdurması müşayət olunmur. Dolayısı nəticə çıxır ki, bu proseslər Qərb-Rusiya anlaşması çərçivəsində həyata keçir.

Türkiyə və Ermənistan arasındakı protokollarda bir məqam diqqəti cəlb edir: Bu iki ölkə arasında yaradılacaq hökumətlərarası komissiyanın «enerji və infrastruktur məsələləri» üzrə də bir alt komissiyasının olacağı planlaşdırılır. Nə Türkiyə, nə də Ermənistan enerji ixrac etmir. Olmaya Ermənistanın Türkiyədən keçən neft-qaz xəttlərinə qoşulması nəzərdə tutulur?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

MÖVZUNU ŞƏRH ET
XS
SM
MD
LG