Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan nə istəyir?


Azərbaycanın xarici siyasəti ardıcıl deyil
Azərbaycanın xarici siyasəti ardıcıl deyil
Artıq bir neçə həftədir ki, Azərbaycan xarici siyasəti özünün növbəti böhran dövrünü yaşayır.

Azərbaycan az qala bütün dünya dövlətlərini ikili standartlarda ittiham edərək dünyadan küsmüş acıqlı uşağa bənzəyir.

Bu durum birinci dəfə deyil və səbəb də həmişə eynidir: Azərbaycanın xarici siyasəti ardıcıl deyil.

Son hadisələri iki əsas rakursdan nəzərdən keçirək. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi (taktiki müstəvi) və Azərbaycanın Qarabağ münaqişəsində tutduğu mövqe (strateji müstəvi).

TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİ

Artıq xeyli müddətdir ki, Türkiyə mətbuatı gözlənilən bir məsələdən - Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkünlüyündən yazır. Azərbaycanın ardıcıl siyasət aparan ciddi bir dövlət kimi bu məsələyə zamanında reaksiya vermək imkanı yetərincə olub. Normalda bu cür ciddi bir projeyə girişən dövlət (bu halda Türkiyə) həmin addımın təsir edə biləcəyi ölkələrin (bu halda Azərbaycanın) reaksiyasını ölçmək üçün əvvəlcədən məlumatlar sızdırır. Türkiyə mətbuatındakı məqalələr, Azərbaycanın öz mətbuatında gedən məqalələr buna misaldır. Həmin reaksiya götür-qoy ediləndən sonra uyğun qərar verilir. Azərbaycan hökuməti bu müddət ərzində Türkiyə ilə münasibətlərini son həddə qədər gərginləşdirəcəyi, hətta enerji əməkdaşlığını belə təhlükə altında qoyacağı barədə Ankaraya hansı siqnalları göndərdi?

Bu siqnallar vaxtında verilsəydi və Azərbaycan xarici siyasətinin ardıcıllığına əminliklə bərkidilsəydi, Türkiyə hökumətinin seçimlərinə ciddi təsir edə bilərdi. Bütün güclü təsir vasitələri də Azərbaycanın əlindəydi. Regional enerji layihələri, «Nabucco» layihəsi, Rusiyanın qaz müqaviləsi təklifləri nəinki Türkiyəni, hətta Avropa Birliyi və ABŞ-ı belə Azərbaycan maraqlarını tapdalamaqdan çəkindirə biləcək amillər idi. Lakin Azərbaycandan ciddi bir mesaj gəlmədi və Bakının heç nə etməyə hazırlaşmadığını güman edən dövlətlər Türkiyə-Ermənistan məsələsini gündəliyə gətirdilər – Azərbaycanın passiv şahidliyi fonunda.

Azərbaycan-Türkiyə münasibətlərindəki soyuqluq əlamətləri ilk dəfə Sürix protokollarının imzalanmasından sonra görünmədi. Türkiyənin sabiq Xarici İşlər naziri Əli Babacanla Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında baş verən mübahisə haqqında xəbərləri xatırlayın. Sonradan tərəflər bu xəbərləri təkzib etsə də, Türkiyə xarici siyasət idarəsinin rəhbərliyində əvəzetmə baş verdi.

Yeni nazir Davudoğlu ikimənalı ifadələrlə Azərbaycana yönəlik siyasətdə müəyyən vədlər verirdi. Məqam idi ki, daha ciddi mesaj verilsin: Azərbaycan kiminsə vəzifəsindən götürülməsi ilə ürəyi alınacaq bir sadəlövh uşaq deyil və Türkiyədən Ermənistan məsələsində daha ciddi təminatlar gözləyir. Belə bir mesaj da getmədi.

Xəbər yayıldı ki, oktyabrın 10-da Türkiyə-Ermənistan protokolları imzalanacaq. İndi Türkiyə ilə top-tüfəngə çıxan Azərbaycan hökumətinin son şansı idi ki, əgər doğrudan da bu protokolları özünə faciə hesab edirdisə, Türkiyə ilə birbaşa təmaslara girməli, həyəcan təbili çalmalı idi. Bakıdan gələn narazılıq səsləri o qədər zəif idi ki, diplomatik etiraz arsenalı nöqteyi-nəzərindən bu addımları sükut - razılıq kimi də qəbul etmək olardı.

Protokollar imzalanandan sonra isə Azərbaycan hökuməti həm ölkə daxilində, həm də ölkə xaricində iri bir şouya start verdi.

İndi isə çoxəsrlik diplomatiya tarixləri olan Türkiyə və Avropa dövlətlərini və super-dövlət olan ABŞ-ı fikirləşin. Onlar Azərbaycanın bu qeyri-ardıcıl davranışından hansı nəticələri çıxarmalı idilər ki?

QARABAĞ SİYASƏTİ

Artıq 15 ildir ki, Azərbaycan-Ermənistan danışıqları davam edir və Ermənistanın bu müddət ərzində heç bir dəyişikliyə məruz qalmamış aydın bir prinsiplər toplusu var:

- Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tabeçiliyində olmamalıdır;
- Ermənistana Dağlıq Qarabağla əlaqə dəhlizi verilməlidir;
- Ermənistanın azad edəcəyi Qarabağətrafı rayonlar demilitarizasiya zonası elan olunmalıdır və orada beynəlxalq sülhməramlılar yerləşdirilməlidir.

Eyni məsələdə Azərbaycanın mövqeyi isə dəyişən cərəyan effektini xatırladır:

- Mədəni muxtariyyat vədi;
- Ən yüksək muxtariyyat vədi (Şuşa istisna olmaqla və dəhliz söhbəti olmadan);
- Ən yüksək muxtariyyat vədi (Şuşanın üstündən sükutla keçilir, dəhlizin əvəzində Mehridən Naxçıvana qarşılıqlı koridor istənilir);
- Dəhliz məsələsi gündəmə gəlir, Mehri söhbəti ortadan qalxır, əvəzində Azərbaycan ilkin mərhələdə Qarabağətrafı rayonların bəzilərinin qayıtmasını tələb edir;
- Koridor məsələsi böyüyür (Laçına, Kəlbəcər də əlavə olunur);
- Qarabağın statusu məsələsi ilə bağlı plebisit ideyası (nəyəsə görə buna referendum da deyirlər, halbuki lokal, ölkəni əhatə etməyən rəy sorğusu referendum adlana bilməz) ortaya çıxır. Azərbaycan tərəfi qaçqınların Qarabağa qayıtması ideyasını guya cavab arqumenti kimi ortaya qoyur;
- Plebisit ideyasını ermənilər keçilmiş mərhələ hesab edib bir addım da qabağa gedərək Azərbaycan qaçqınlarının Dağlıq Qabağa qayıtmasına etiraz edirlər.

Əgər bu mövqe dəyişikliyinə erməni nöqteyi-nəzərindən baxmaq istəsəniz, əvvəldə qeyd etdiyimiz üç erməni prinsipinə baxın. Ermənilərin bütün tələbləri məhz həmin prinsiplərin reallaşmasına yönəlib. Bəs Azərbaycan nəyə nail olmaq istəyir? Bu sualın cavabını nə Azərbaycanın müttəfiqləri, nə onun rəqibləri, nə də Azərbaycanın özü dəqiq bilir.

Vaxtaşırı, seçkidən-seçkiyə Azərbaycan hökuməti Qarabağ məsələsində güzəştə gedə biləcəyi siqnalını verib Qərbdən daxilisiyasi proseslər üçün güzəştlər axtarıb, sonra isə verdiyi vədlərin altından çəkilib (Ki Uest və Paris danışıqları ətrafındakı böhranlarda Azərbaycan hökuməti məhz bu manevri etməkdə suçlanırdı). Bu isə həm Qərbə, həm Rusiyaya, həm də Türkiyəyə təqribən belə bir mesaj göndərib ki, Azərbaycan Qarabağ məsələsində heç bir ciddi niyyət sahibi deyil. Qarabağ məsələsini tez-tez qumara qoyub onun üstündə başqa məsələlərdə güzəşt qoparmaq cəhdlərini ayrı nə cür qiymətləndirmək olardı ki?

İndi Türkiyəni Ermənistanla sərhədləri açmağa görə ittiham edən Azərbaycan hökuməti öz müttəfiqindən blokadanı saxlamağı tələb edirkən heç olmasa bir neçə suala aydın cavab verə bilməlidir: Azərbaycan Qarabağ məsələsinin həllini nədə görür? Bu təklifin reallaşmasına nə qədər vaxt ayırır? Bu işdə blokadanın əhəmiyyəti nədir?

Əks halda Azərbaycanın Türkiyədən tələbi bir uşaqdan küsmüş digər uşağın öz dostundan onunla danşmamasını tələb etməyə oxşayır.

Qeyri-ciddi davranan Azərbaycan dost Türkiyədən inciyib üz tutur... Ermənistanı dişinə qədər silahlandıran Rusiyaya.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG