Keçid linkləri

Demokratik ölkələrin tarixinə baxanda görürsən ki, bir sıra ölkələrdə etiqad azadlığı və dini tolerantlıq uğrunda mübarizə sözün əsl mənasında azadlıq və demokratiya uğrunda mübarizəyə təkan verib. Məsələn, vaxtilə ABŞ-da belə olub. Din insanlar arasında mühüm kommunikasiya vasitəsi və ciddi səfərbəredici gücə malik ideyadır. Qeyri-demokratik ölkələri onun məhz bu xüsusiyyətləri qorxudur.

Müstəqil Azərbaycanda dini proseslər, dövlətlə dinin təmasları bir o qədər kiçik zaman intervalını əhatə etmir, baxmayaraq ki, bu ölkənin müstəqillik tarixi cəmi 18 ildir. Üstəlik, Azərbaycan kimi ölkələrdə bu proseslər unikal keyfiyyətlərə malikdir, ən azı ona görə ki, müstəqillikdən əvvəl 70 il ateist sovet dövləti mövcud olub. Sonuncunun tarixi dinlə bağlı mühüm və ibrətamiz nəticələr əldə etməyə imkan verir.

İndi Azərbaycanda dinlə hakimiyyətin qarşılıqlı münasibətləri o qədər də hamar tərzdə cərəyan etmir. Cəmi bir il bundan əvvəl məscidlərdə azanın verilməsi problemə çevrilmişdi. O vaxt ictimaiyyətin və ruhani idarəsinin səyləri nəticəsində azan bərpa olundu. Amma indi məlum olur ki, problem hələ tam həll olunmayıb. İndi yenidən bu problem gündəliyə gəlib. Üstəlik, bundan başqa problemlər də var. İnsanlara məsciddə toplaşaraq namaz qılmağa maneçiliklər törədilir. Hakimiyyətin təlaşı başadüşüləndir.

Məsələ bundadır ki, məscidlər indi insanların toplaşa bildiyi yeganə ünvandır. Bura təkcə namaz qılmağa gəlmirlər, insanlar arasında ünsiyyət yaranır, onlar son xəbərləri biri-biri ilə bölüşür, ruhanilərin moizələrini dinləyirlər.

Bütün bunlar isə hakimiyyəti qorxudur və onlar müxtəlif qadağalara əl atır, dini prosesləri özləri bildiyi kimi tənzimləməyə çalışırlar. Amma dinə qadağalar tətbiq etməyin 70 illik tarixi olub. Gərək bu tarixi unutmayasan.

SOVETLƏRİN ACI TƏCRÜBƏSİ
Sovet ittifaqında din demək olar ki, yasaq edilmişdi. Uşaqlıqdan başlayaraq hamıya ateist tərbiyəsi verməyə cəhd göstərilirdi. Amma yetmiş il ərzində buna nail olmaq mümkün olmadı. Əsl ateist sovet insanı yetişmədi, baxmayaraq ki, bunun üçün böyük vəsaitlər və xərclər sərf olunurdu. Amma yasaqları görən insanlar başqa yol seçir, müxtəlif vasitələrlə öz dini ehtiyaclarını ödəyirdilər. Bir çox yerlərdə məscid olmasa da insanlar qeyri-leqal şəkildə evlərdə toplaşaraq dini mərasimlər keçirirdilər. Və zaman göstərdi ki, kommunizm ideyası dini ideyadan çox – çox zəifdir.

Azərbaycandakı hakimiyyət çox təəssüf ki, bunu nəzərə almır. Din onları qorxudur. Onlar cəmiyyətin timsalında özlərinə opponent qazanmaq istəmirlər. Bu, bütün sərt avtoritar rejimlər üçün xarakterikdir. Onlar ictimai-siyasi aksiyalar kimi dini mərasimlərə və proseslərə açıq şəkildə yasaq qoya bilmirlər. Ona görə də prosesləri dolayı yolla tənzimləmək istəyirlər.

HAKİMİYYƏTİN DİNİ İDEOLOGİYASI
Sovetlər vaxtında din dövlətə tabe edilmişdi. Azərbaycanda bu sfera bir az da daralır - din bir hakimiyyətə təslim edilir. Amma özləri də unudurlar ki, nəyəsə qadağa qoyanda o daha cəlbedici və maraqlı olur. Din də belədir.

Prinsipcə, demokratik şəraitdə bəzi prosesləri tənzimləmək müsbət nəticə verərdi. Məsələn, dini təhsillə bağlı problemlər var. Xarici ölkələrdə dini təhsil almağa yollanan insanlar müxtəlif təsirlərə məruz qalır, ayrı-ayrı təriqətlər ruhunda təhsil alırlar. Sonradan bu özünü dini fəaliyyət zamanı büruzə verir və insanlar böyük ənənəvi dinlərə tapınmaq əvəzinə kiçik dini icmaların üzvlərinə çevrilirlər. Belə problemləri çox sadalamaq olar. Güman ki, demokratik dövlətdə və cəmiyyətdə şeyxin ömürlük vəzifəyə seçilməsi də qeyri-mümkün olardı. Amma indiki şəraitdə bu, baş verir, çünki ömürlük vəzifələr siyasəti mövcud hakimiyyətin ruhundan doğur. Şeyx ömürlük seçilirsə, başqa hər hansı vəzifə ömürlükdürsə, prezident niyə ömürlük seçilməsin?!

Hakimiyyətin dinlə toqquşmasında başqa bir amil də az rol oynamır. Sərt avtoritar rejimlər daim öz sferasını genişləndirməyə, daha çox insanı nəzarətdə saxlamağa, daha çox fəaliyyət dairələrinə öz iradəsini diktə etməyə çalışır. Amma hakimiyyət buna nail ola biləcəkmi? Artıq qeyd etdiyimiz sovet təcrübəsi buna müsbət cavab verməyə imkan vermir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG