Keçid linkləri

Təcili xəbərlər

Ögey insanlar, ögey tarix…


Bu gün 17 noyabr – Milli Dirçəliş günüdür. Daha bir tarixi an
Bu gün 17 noyabr – Milli Dirçəliş günüdür. Daha bir tarixi an
Siyasət istər-istəməz tarixi də siyasiləşdirir. Amma daha yaxşı siyasətçilər həm də tarixi milliləşdirir, onu bir millətin ümumi dəyərinə çevirirlər. Tarix ya kiminsə «instrument»inə çevrilir, ya da müqəddəs bir tabu kimi qəbul edilərək kiminsə özünü də tarix yaratmağa sövq edir. Azərbaycanda bu tendensiyalardan hansı üstünlük təşkil edir?

Bəlkə tarixdə üstündə İlham Əliyevin adı yazılan böyük və yöndəmsiz körpülər qalacaq? Yoxsa üzü ağardılan binalar YAP-ın da tarix meydanında üzünü ağ edəcək?..

Suallar o qədərdir ki, adam onların hamısını sadalamaq istəyir... Amma bu gün 17 noyabr – Milli Dirçəliş günüdür. Daha bir tarixi an. Tarixdə yüz minlərin iştirakına şahidlik edən bir gün. Və yenə də sual: Milli Dirçəliş günü indiki Azərbaycanda necə qəbul edilir?

DİRÇƏLMİŞ AZƏRBAYCANDA DİRÇƏLİŞ GÜNÜ

Dirçəliş günü Azərbaycanda milli bayram kimi qeyd olunmur. Onun adına əlamətdar günlər siyahısında rast gəlmək mümkündür. Çox maraqlıdır ki, həmin siyahıda Heydər Əliyevin anadan olduğu gün də var. Belə çıxır ki, kiminsə anadan olduğu gün böyük tarixi hadisə ilə eyni səviyyədə tutulur.

Amma qiymət vermək bir qədər tələsdik, deyəsən? Yəqin ki, eyni siyahıda bərqərar olsalar da güman ki, Heydər Əliyevin anadan olduğu gün daha önəmli hesab edilir.

ÜÇÜNCÜ RESPUBLİKAYA ÖGEY MÜNASİBƏT

İndiki Azərbaycan Respublikasına şərti olaraq üçüncü respublika adı da vermək olar, baxmayaraq ki, bəzi tarixçilər belə işarələri sevmirlər. Amma burada bu, tamamilə şərti xarakter daşıyır.

Birinci kimi üçüncü respublikaya, daha doğrusunu desək, onun tarixinin bir hissəsinə çox ögey münasibət müşahidə olunur. Bayram günlərinin siyahısında birinci respublikaya aid heç olmasa bir gün var, söhbət Respublika günündən gedir. Amma üçüncü respublikanın yaranışının bircə günü belə bayramlar siyahısında əks olunmayıb. Bunun əvəzində bayram günü kimi Milli Qurtuluş qeyd olunur. Həmin gün isə Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi gündür. Buradan belə nəticə alınır ki, üçüncü respublikanın tarixi Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən başlayır.

Elə birinci respublikanın yaranış günü də əslində Respublika günü kimi yox, İstiqlaliyyət günü kimi qeyd olunmalı idi. Azərbaycan istiqlaliyyət qazanmamışdan əvvəl yüz il Rusiya imperiyasının tərkibində olmuşdu. Elə bu səbəbdən 28 Mayı tamamilə İstiqlaliyyət günü kimi qəbul etmək olardı.

SİYASƏTÇİLƏR VƏ TARİX

Siyasətçilər tarixə iki prizmadan yanaşırlar. Bəziləri özlərini böyük tarixi hadisələrə proyeksiya edərək bundan siyasi divident götürməyə çalışır.

Digərləri isə tamamilə əks yol tutaraq tarixi inkar etməyə başlayırlar. Azərbaycanda məhz sonuncu istiqamət üstünlük təşkil edir. Bunların birinci və sonuncu tarixi personajı Heydər Əliyevdir. Bütün dərsliklər onun adı və şəkli ilə başlayır, son iyirmi ilin bütün hadisələri onun adı ilə bağlanır. Söhbət milli bayraqdan gedirsə dərhal Naxçıvanın Ali Məclisinə milli bayrağın gətirilməsindən danışırlar.

20 yanvarda Heydər Əliyevin Azərbaycanın daimi nümayəndəliyinə gəlməsini göstərirlər. Belə bir vəziyyətdə Milli Dirçəliş günü, Müstəqillik günü yada düşə bilərmi? Axı hər şeydən və hamıdan vacib Milli Qurtuluş günü var!..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG