Keçid linkləri

Təcili xəbərlər

Qırçılar - Ərdəbil xatirələri


Sanki tarixin bütün toz-torpağını üst-başlarından silib onun altında gizlin qalmış keyfiyyətlərini üzə çıxarmaq istəyirdilər
Sanki tarixin bütün toz-torpağını üst-başlarından silib onun altında gizlin qalmış keyfiyyətlərini üzə çıxarmaq istəyirdilər
Bunu bir dəfə yazmışdım, amma Ərdəbildə insanların gözü qarşısında işləyən, amma onların görə bilmədiyi qırçıları, kərpic daşıyan qocanın fotoları yenidən xatirələr haqqında yazmağa həvəsləndirdi məni.

Xatirələr taleni formalaşdıran bir qüvvədir mənim anlamımda. O, təhtəl-şüurun keçmişindən elə boylanır ki, insanın gələcəyi onun keçmişdə yazılmış alın yazısına dönür. Və gələcək olur həmin insanın keçmişinin gələcəkdəki indiki zamanı.

Sonuncu günüm idi Ərdəbildə. Şeyx Səfi türbəsinin ətrafında gəzirdim. Ətrafda yenidənqurma işləri aparılırdı. Əksəriyyət üzü dərin qırışlarla bəzədilmiş yaşlılar idi. Bəziləri orta əsrlər dövrünə xas formada uçmuş kümbəzləri yenidən bərpa edir, bəziləri isə tavanı daman damın üzərinə qır tökürdülər. İş vaxtı olduğu üçün onlara mane olmaq istəmirdim, amma onlarla ünsiyyət istəyim mənə bütün qaydaları sındıracaq qədər güclü idi.

Əsasən yaşlılarla danışırdım. Çox mehriban insanlar idi. Sanki tarixin bütün toz-torpağını üst-başlarından silib onun altında gizlin qalmış keyfiyyətlərini üzə çıxarmaq istəyirdilər.

Sonra qırsalanları çəkmək üçün damın üzərinə çıxdım. Əvvəl onlardan biri qoymadı, sonradan mənə etiraf etdi ki, məndən şübhələnib, səmimiliyimə inanmırmış.

Yerdə oturmaq istəyirdim, amma şalvarım qıra bulaşa bilərdi. Bunu görən kimi, onlardan biri üst paltarını çıxarıb yerə sərdi
Çox sevinirdilər Bakıdan olduğumu biləndə. Hətta o qədər mehriban idilər ki, məni evlərinə qonaq aparmaq üstündə mübahisə edirdilər. Sonra mənim tələsdiyimi görüb vaxtından əvvəl nahar etmək istədilər, amma mən sadəcə çay içəcəyimi bildirdim.

Bir səhnə oldu, hansı ki, heç vaxt unutmayacağam onu: yerdə oturmaq istəyirdim, amma şalvarım qıra bulaşa bilərdi. Bunu görən kimi, onlardan biri üst paltarını çıxarıb yerə sərdi. Sizin üçün adi ola bilər, amma həmin anda mənə göstərilən bu səmimiyyətdən qanım donmuşdu.

Sonra çay içdik onların mazutlu üzlərindəki səmimiyyəti izləyərək.

Onlar adi fəhlə, qırçılar idi, alın tərini mazuta, palçığa qatıb çörəyini qazanan vicdanlı, ləyaqətli insanlar. Bəşəriyyətin indiyədək qazandığı ən böyük uğur da bax budur.
XS
SM
MD
LG