Keçid linkləri

Təcili xəbərlər

İranda inqilab baş verə bilərmi?


İranda rejimə qarşı etirazlar davam edir. Ötən prezident seçkisindən narazı qalan elektorat mütəmadi aksiyalar təşkil edir, həm dünya birliyinə, həm də yerli hakimiyyətə öz narazılığını çatdırmağa çalışır. Otuz illik ömrü olan molla rejimi isə hələ ki etirazları yatırtmağa nail ola bilir. Lakin hər zorakı müdaxilədən sonra növbəti aksiya üçün zəmin hazırlanır.

Bəs bu proseslərin sonu necə olacaq? İran hakimiyyəti öz mövcudluğunu daha bir neçə on illiyə uzada biləcəkmi? Ümumiyyətlə, Musəvi tərəfdarlarının hakimiyyətə gəlməsi islam rejiminə son qoyacaqmı?

DÜNYANI QORXUDAN İRAN ATOMU

İran dünyanın əsas informasiya mərkəzlərinin başlıca mövzusu kimi gündəmdə qalmaqda davam edir. Əsas diqqətdə olan məsələ İranın nüvə silahına can atmasıdır. Bəlkə də bunun nəticəsidir ki, İrandakı digər proseslər sanki ikinci plana keçir. Dünya birliyi İranın nüvə silahına can atmasından böyük narahatlıq keçirir. Amma bu narahatlıqda bir izafilik də var.

Keçmiş SSRİ dünyanın ən böyük nüvə dövlətlərindən biri idi. Amma böyük nüvə arsenalı SSRİ-nin parçalanmasının və kommunist rejiminin dəyişməsinin qarşısını ala bilmədi. Təbii ki, nüvə silahı indiki molla rejiminin əlində çox böyük təhlükəyə çevrilə bilər. Bununla razılaşmamaq olmaz. Amma nüvə silahı bütün problemlərdən çıxış yolu deyil. Dünya birliyi hələ də özü üçün aydınlaşdıra bilmir ki, necə olur, bu rejim otuz ildir davam edir? Bunun bir neçə səbəbi var.

İRANIN SSRİ-dən FƏRQİ

Keçmiş SSRİ-dən fərqli olaraq İranda bazar iqtisadiyyatı hökm sürür. Yadda saxlamaq lazımdır ki, SSRİ-nin tarix səhnəsindən silinməsinin əsas səbəbi məhz iqtisadi amillər idi. İran rejimi bu aqibətdən sığortalanıb. İkinci səbəb budur ki, SSRİ-də sovet ideologiyası hakim idi. İranda isə bundan daha çox yaşarlı olan islam doktrinası hakimdir. Burada İranın təbii sərvətlərini - nefti və qazı da yaddan çıxarmaq olmaz.

Amma keçmiş ideoloqların dediyi kimi, inqilab o vaxt baş verir ki, aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə əvvəlki idarə edə bilmirlər. Aksiyalar göstərir ki, insanlar daha əvvəlki kimi yaşamaq istəmirlər, lakin yuxarılar zor gücünə olsa da hələ əvvəlki kimi idarə edə bilirlər. Burada Qərbin də günahı az deyil. Molla rejiminin alternativi formalaşmalıdır. Amma bu alternativ nə ola bilər? Təbii ki, bu, dünyəvi və demokratik dövlət olmalı, Qərb dəyərlərinə söykənməlidir. Amma İranda Qərb dövlətləri və dəyərləri çox gözdən salınıb.

Bunun bir səbəbi mollakratiyanın otuz illik təbliğatıdırsa, digər səbəb də çox da uzaq olmayan keçmişin yaddaşıdır.

İNQİLABIN BEŞİYİ TƏBRİZ

İranlı mühacirlər iddia edirlər ki, Təbriz hadisələrin gedişinə qoşulmayınca İranda inqilab baş verməyəcək. Ötən əsrdə İrandakı inqilabların tarixinə nəzər salanda görürsən ki, hamısının beşiyi Təbriz olub.

İndisə Təbriz sanki susur, təşəbbüsü götürmək istəmir. Amma kiçik bir detalı qeyd etmək yerinə düşər.

Artıq bir neçə dəfə islahatçı prezident imici ilə hakimiyyətə gələn siyasi qüvvələr iranlıların, o cümlədən də təbrizlilərin inamını sarsıdıb. Onların hamısı seçki yolu ilə hakimiyyətə gələndən sonra deyiblər ki, molla rejimini ləğv etməyə yox, onu gücləndirməyə gəliblər. Bu amil hamının, eləcə də təbrizlilərin siyasi ovqatına təsir etməmiş deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG