Keçid linkləri

Təcili xəbərlər

Neft Fondunun digər xərcləri və fişəngdən kasad Bakı səması


Fondun yeni binasının hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 13 min kvadratmetr (yeraltı avtodayanacaq ilə birgə 27 min kvadratmetr) olacaq
Fondun yeni binasının hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 13 min kvadratmetr (yeraltı avtodayanacaq ilə birgə 27 min kvadratmetr) olacaq
AZƏRBAYCAN RƏSMİLƏRİNİN YENİ İL TƏVAZÖKARLIĞI

2009-cu ilin son günləri Azərbaycan vətəndaşının yadında hansı hadisə ilə qaldı?

Təbii... əksər camaat Yeni il şənliklərinin paytaxt Bakıda sönük və təmtəraqsız qarşılanmasını dilə gətirirdilər. Nə şadlıq evləri, nə restoranlar, nə də ümumiyyətlə «qaz vurub, qazan doldurmaq» istəyənlər belə razı deyildilər ötən ilin yola salınması şəraitindən. Ancaq hökumət artıq dekabrın əvvəlindən şad-xürrəm ölkə əhalisinə də, Bakıya yolu düşən xarici qonaqlara da bir ağızdan çatdırırdı ki, bəs 2009-cu ildə bütün dünyada böhran yaşansa da, Azərbaycanda onun izi-tozu da olmayıb və Ümumi Daxili Məhsul (ÜDM) artımı 9%-dən də artıq olacaq. Bunun isə analoqu olmayacaq (əvvəllər dünyada deyirdilər məmurlar və onların sözçüləri, sonra MDB məkanına keçdilər, indi isə daha çox region kəlməsini işlədirlər). Elə isə nədən hökumət bu uğurlarını xalqla bölüşməkdən boyun qaçırtdı və 1-2 milyon manat xərc çəkib millətə atəşfəşanlı Yeni il ərməğan etmədi?

Düzdür, bəzi TV-lər buna onunla haqq qazandırırdılar ki, bəs bu ilki Yeni il Məhərrəm ayına düşüb və buna görə də dindarların heysiyyətinə toxunmaq istəməyib hökumət.

Bu minvalla yaxın 5 ildə Azərbaycan xalqının 2000-ci ildə yaşadığı Yeni il ovqatına qayıtması müşkül bir məsələyə çevriləcək. Axı bunun hələ Səfər ayı da var

YENİ İL - MƏHƏRRƏMLİK, BƏS NEFT FONDUNUN YUBİLEYİ?


Mən isə səbirsizliklə dekabrın 29-nu gözləyirdim. Ona görə ki, həmin gün Azərbaycan Dövlət Neft Fondunun yaradılmasının 10 illiyi tamam olurdu. Buna görə güman edirdim ki, hansısa beynəlxalq tədbir keçiriləcək və Fondun bu 10 ildə əldə etdiyi uğurlar barədə daha dolğun informasiyalar açıqlanacaq və ən əsası beynəlxalq ictimaiyyətə Fondun gələcək fəaliyyəti ilə bağlı hansısa mesajlar veriləcəkdi. Ancaq heç elmi-praktik konfrans səviyyəsində də tədbir keçirilmədi: nə bir kitab nəşr edildi, nə də bir xüsusi jurnal buraxıldı. Heç jurnalistlər üçün brifinq də təşkil edilmədi. Baxmayaraq ki, hələ 2009-cu ilin yayında Fondun fəaliyyəti ilə bağlı jurnalist tədqiqatının aparılması ilə bağlı müsabiqə də elan edilmişdi və noyabrın 20-dək materialların qəbulu başa çatmalı idi. Bu haqda Fondun rəsmi saytında yerləşdirilən məlumatda bildirilirdi ki, dekabrda müsabiqənin qalibləri elan ediləcək və 1-ci yer üçün 1000 manat mükafat veriləcək. Sözün düzü, mən bu ötən müddətdə Azərbaycan mətbuatında sözügedən müsabiqə üçün təqdim edilən yazı sezmədim (bəlkə də olub, nəzərdən qaçırmışam). Görünür ki, Fond rəhbərliyini razı salacaq yazı olmayıb. Belə olan tərzdə Fondun ekspertlərinin hazırladığı kitab lap yerinə düşərdi. Ancaq təəssüf ki... onlar da ortaya bir şey qoymağı lazım bilmədilər və yubiley münasibətilə rəsmi mətbuatda Fondun icraçı direktoru Şahmar Mövsümovun məqaləsindən başqa maraq doğuracaq bir hadisə baş vermədi. Təbii ki, mən «maraq doğuracaq» deyəndə intellektual məhsul baxımından olan hadisəni nəzərdə tuturam. Ona görə ki, dekabrın 29-da ölkə başçısının iştirakı ilə Heydər Əliyev prospektində Azərbaycan Dövlət Neft Fondunun yeni inzibati binasının təməlqoyma mərasimi keçirildi və bəyan edildi ki...

HƏLƏ AZƏRBAYCANDA BELƏ İNZİBATİ BİNA OLMAYIB


Fondun yeni binasının hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 13 min kvadratmetr (yeraltı avtodayanacaq ilə birgə 27 min kvadratmetr) olacaq. 23 mərtəbəli binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur.

Layihədə yaşıllıqların salınması və alternativ enerjinin alınması üçün günəş batareyaları, günəş invertorları və s. texnologiyaların tətbiqi ilə «Yaşıl Bina» («Green Building») kateqoriyasının tələblərinə riayət edilməsi də nəzərdə tutulur. Bundan başqa, inteqrasiya olunmuş bina konsepsiyasına əsaslanan intellektual texnologiya infrastrukturun, bütün kommunikasiya və kommunal şəbəkələrin vahid mərkəzdən idarə edilməsinin avtomatlaşdırılmasını təmin edəcək.

Fransanın «İnter Art Etudes» şirkətinin hazırladığı layihənin idarə edilməsi üzrə məsləhətçi ABŞ-ın «AECOM» şirkəti seçilib.

NEFT FONDU ŞƏFFAFLIĞININ «DİGƏR XƏRCLƏR» DUMANI

Dekabrın 25-də Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamı ilə Neft Fondunun 2010-cu il üçün büdcəsi təsdiq edildi. Əlamətdar bir hadisə ondan ibarət idi ki, ilk dəfə olaraq Neft Fondunun 2010-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası da dövlət başçısı tərəfindən təsdiq edildi və ictimaiyyət üçün açıqlandı.

Ancaq bu sənədlə diqqətlə tanış olduqda məlum olur ki, Neft Fondunun özünü saxlaması ilə əlaqədar nə qədər QARANLIQ məqamlar var. Məsələn, 2010-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası 33 milyon 431 min 200 manatdır və bunun ən böyük hissəsi (20 milyon manat) Fond üçün yeni inzibati binanın xərcləridir. Yəni Fondun özünün illik xərcləri 13 milyon 431 min 200 manat səviyyəsində planlaşdırılıb ki, bunun da 9 milyon 78 min 970 manatı DİGƏR XƏRCLƏR maddəsi ilə ictimaiyyətə təqdim edilib. Başqa sözlə Fondun 2010-cu ildə idarə edilməsi ilə bağlı xərclərin 67.5%-i açıqlanmır, yəni QEYRİ-ŞƏFFAFdır.

Elə bu sənədlə tanış olduqda məlum olur ki, Fondun əmək haqqı xərcləri 2,17 milyon manat olsa da, ştatlı işçilərin əmək haqqı cəmi 1.68 milyon manatdır. Bu il istehlak mallarının və materiallarının alınması üçün Fond 228.5 min manat xərcləməyi planlaşdırır ki, bunun da 3 mini yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınmasına, 225.5 mini isə digər istehlak malların xərclənməsi üçün nəzərdə tutulub (qeyri-şəffaf hissə 98.7%).

2009-cu ilin IV rübündən Neft Fondu fəaliyyətini müvəqqəti olaraq (yeni inzibati bina hazır olanadək) «Dalğa» Biznes Mərkəzində davam etdirir. Buna baxmayaraq Fondun cari il üçün büdcəsində 2 min manat qaz pulu (20 min kubmetr qaz – lap şadlıq evlərinin istehlakı qədərdir), 1.7 min manat su və kanalizasiya pulu (7.7 min ton su), 15 min manat işıq pulu (250 min kVt/saat) nəzərdə tutulub. Bu azmış kimi 3850 manat büdcədə digər kommunal xidmətləri haqqının ödənilməsinə ayrılıb. Ancaq bu da hələ son deyil – başqa bir maddə ilə büdcədən əlavə 7 min manat isə kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclərə yönəldilib.
XS
SM
MD
LG