Keçid linkləri

Təcili xəbərlər

Bu zəng kimin üçün çalınır?


Kimsə etiraz edirsə tez bir zamanda məlum olur ki, həmin adam «ruhi» xəstə imiş
Kimsə etiraz edirsə tez bir zamanda məlum olur ki, həmin adam «ruhi» xəstə imiş
Diktatorların hamısı biri-birinə bənzəyir. Eyni sözləri diktaturalar haqqında da demək olar. Mülayim diktatorlar və diktaturalar olmur. Əgər daxildə ciddi müqavimət, böyük etiraz yoxdursa, gec-tez diktatura özünün ən kəskin həddinə gəlib çatır. Çox maraqladır ki, demokratiya nəzəriyyəçiləri diktatura şəraitində necə mübarizə aparmağın üsullarını tapıb sistemləşdiriblər. Amma diktatorların öz cəmiyyətinə qarşı hansı üsullardan istifadə etməsi haqda çox yazılsa da sistemli nəzəriyyə yoxdur. Bəlkə də səbəb bu üsulların
çoxluğudur. Yəqin ki, belədir. Diktatorlar ən ağlagəlməz üsullara əl atırlar.

Güman ki, bütün cəmiyyətin yazısının surətini çıxarmaq normal adamın ağlına gəlməz. Amma diktatorlar bunu edirlər. Bu mənada repressiv psixiatriya da istisnalıq təşkil etmir. Diktatura şəraitində bundan da geniş istifadə olunur.

REPRESSİV PSİXİATRİYA NƏDİR?

Bu haqda mən sovetlər vaxtında eşitmişəm. O vaxt SSRİ-nin rəhbəri Y. Andropov A. Saxarovu dəli adlandırmışdı. Bu hadisə repressiv psixiatriya ilə maraqlanmağa təkan verdi. Sonradan belə hadisələr haqda çox oxuduq və çox eşitdik. Hətta bu, diktatura üçün normal hal kimi qəbul olundu.

Amma mən heç vaxt inanmazdım ki, bu tendensiya Azərbaycana da yol tapa bilər. Amma bu, artıq reallıqdır. İndi hakimiyyətin dözülməz üsul-idarəsinə qarşı etiraz edənlərin familiyalarının ətrafında «ruhi xəstə» sözləri çox hallanır. Kimsə etiraz edirsə tez bir zamanda məlum olur ki, həmin adam «ruhi» xəstə imiş. Bu, çox dəhşətli haldır. Normal adam xəstə kimi qələmə verilir, bəlkə də ona hansısa yolverilməz «müalicə üsulları» tətbiq edilir.

«Kim bizim kimi fikirləşmirsə və yaşamırsa, deməli o, normal adam deyil». Diktatorların məntiqi budur. Amma burada normal adam sözünə bir aydınlıq gətirmək lazımdır. Kimdir normal adam? Çox qəribədir ki, bəzən cəmiyyətin özündə də belə qiymətləndirmələr olur. Cəmiyyətin anlamında bu qorxu hissini üstələmiş adamlara şamil olunur. Daim beli bükülmüş şəraitdə yaşayan, hər cür istibdada və təhqirə dözən, yalan danışan və bununla həyatın «damarını tutan» adam heç cür inana bilmir ki, kimsə özündə güc tapıb bütün bunlara qarşı etiraz edə bilər. Əgər qorxmursa və etiraz edirsə, deməli o, normal adam deyil, hətta dəlidir! Əzilmiş və təslim olmuş kütlənin məntiqi budur. Bu kütlə heç cür qəbul edə bilmir ki, psixi baxımdan yox, sosial baxımdan adi normalardan həmişə kənara çıxanlar, fərqlənənlər olur.

Sosiologiyada bu, normal hal sayılır. Əgər belə adamlar olmasaydı cəmiyyət ancaq mühafizəkarlardan ibarət olardı. Amma cəmiyyət ancaq mühafizəkar zümrədən ibarət olmur, dəyişiklik istəyənlər də bu cəmiyyətin bir hissəsidir.

BU ZƏNG KİMİN ÜÇÜNDÜR?

Bu sualı təsadüfən təkrarlamadıq. E. Heminqueyin məşhur romanlarından biri belə adlanır. Həmin romandakı məntiqi əsas kimi götürüb demək olar ki, bu zəng bizim hamımız üçün çalınır. Kimisə «terrora çağırışa görə» həbs edirlər, kimisə «xuliqanlığa görə» damlayırlar. Amma ən dəhşətlisi ruhi xəstə adlanmaqdır. Başqa heç bir maddə tapa bilməyəndə məhz bundan istifadə edirlər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG