Keçid linkləri

Təcili xəbərlər

Müsavatın başqanı kim olacaq?


Qiymətlərin qaldırılması ilə bağlı Müsavat Partiyasının etiraz aksiyası. Bakı, 28 yanvar 2007
Qiymətlərin qaldırılması ilə bağlı Müsavat Partiyasının etiraz aksiyası. Bakı, 28 yanvar 2007
Son vaxtlar digərləri kimi Müsavat partiyasının da ölkədəki siyasi və ictimai proseslərə təsiri tamamilə azalsa da, hər halda o, ölkədə yeganə partiyadır ki, bu günə qədər sıralarını qoruyub saxlaya bilib, özünü parçalanmalardan hifz edib. Elə bu səbəbdən bu partiya ilə bağlı bir çox problemlər, sədrlik və qurultay məsələləri, eləcə də gələcək qurultayda qəbul ediləcək qərarlar istər-istəməz artıq indidən maraq kəsb edir. Partiyada nə baş verir? İki hadisənin - parlament seçkisinin və qurultayın eyni vaxta təsadüf etdiyi dövrdə partiyada hansı proseslər cərəyan edir?

Növbəti qurultaya xeyli müddət qalsa da İsa Qəmbərin partiyaya sədrlik barədə verdiyi müsahibədən sonra funksionerlər məsələ ilə bağlı geniş müzakirə açıblar. Artıq müsahibələr verilir və fikirlər bildirilir. Hətta ilk iki namizədin adları da hallanır. Bunlar Arif Hacılı və Qubad İbadoğludur. Amma məsələ ilə bağlı müəyyən tərəddüdlər də hiss olunur. Bu tərəddüdlər adları hallanan namizədlərin təkcə özlərinə inamsızlıqdan yaranmır, onlar daha çox ölkədəki siyasi atmosferin təzahürü kimi özünü büruzə verir. Ona görə də yenə də suallar yaranır.

BAŞQAN OLMAQ KİMƏ SƏRF EDİR?

Çox çətin sualdır. Partiyaların ölkə siyasətində rolunun heçə endirildiyi vaxtda özünü irəli verib partiya sədri olmaq istəyini izhar etmək həqiqətən də müşkül məsələdir. Bunu ancaq ən idealistlər, vəziyyətlə barışmaq istəməyənlər, ya da ki, istənilən vasitə ilə siyasi gündəmdə qalmaq istəyənlər edə bilərlər. Elə bu səbəbdən kimliyindən asılı olmayaraq yeni sədrin Müsavat üçün hansı gələcəyi təmin edəcəyini irəlicədən demək çox çətindir. Elə bu səbəbdən bu məsələ ilə bağlı geniş müzakirə açmaq və gələcəyi qabaqlamağa çalışmaq bir qədər yersizdir. Daha maraqlısı, «Müsavat qarşısına bu problem necə çıxdı?» sualına cavab verməkdir.

ÖTƏN QURULTAYIN XƏTASI

Müsavatçılar razılaşmasalar da, bu problem müəyyən mənada ötən qurultayların xətasıdır. İndi yəqinləşdirmək çox çətindir. Sədrliyin iki müddətdən artıq olmaması haqda qərar qəbul edərkən Müsavat nəyə can atırdı? Demokratik görünməyə, yoxsa hakimiyyətə? Müsavatçılar daha çox birincinin tərəfdarı olduqlarını iddia edirlər. Amma başqa cür düşünənlər də var. Qərar qəbul edilərkən gələcəkdə, daha dəqiq desək, 2003-cü ildə Müsavat özünü hakimiyyətdə görürdü. Amma partiya hakimiyyətə gələ bilmədi. İndi maraqlı vəziyyət yaranıb. Elə həmin müsavatçılar təklif edirlər ki, nizamnaməyə növbəti düzəliş edilsin və İsa Qəmbər yenə də başqan kimi qalsın. Çox yaxşı. Amma bəs onda demokratiya necə olsun? Axı əvvəldə ərz etdik ki, müsavatçılar bunu demokratiya naminə etdiklərini iddia edirlər...

KİMİN ŞANSI DAHA ÇOXDUR?

Hələlik iki nəfərin adı hallanır. Bu iki nəfərdən Arif Hacılı daha çox şanslı görünür. O, partiyanın strukturlarına çox yaxşı bələddir, uzun müddət partiyada seçki və təşkilat məsələləri ilə məşğul olub. Bir neçə il bundan əvvəl partiyada keçirilən ilkin seçkilərdə o, digər rəqiblərini üstələyərək ikinci yeri tutmuşdu. Amma digər iddiaçılar da var.

Belələrindən biri hazırda partiyanın Məclisinə başçılıq edən Sülhəddin Əkbərdir. O da uzun müddətdir ki, partiya rəhbərliyinə can atır və Arif Hacılı ilə müqayisə olunmasa da müəyyən, dayaqlara malikdir. Digər maraqlı məsələ İsa Qəmbərin siyasi taleyidir. Çox güman ki, partiya sədrliyindən istefa verəndən sonra o, lider kimi qalmaqda davam edəcək. İndi bir çox siyasət adamları belə edirlər. İstisna deyil ki, İsa Qəmbər də bu yolu tutacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG