Keçid linkləri

Bir neçə gün öncə iki tanınmış jurnalistin, - Könül Şamilqızının və Alya Yaqublunun iştirakı ilə Qadınlar Alyansının keçirdiyi dinləmədə oldum. Mövzu belə idi «Könül Şamilqızı Demokratiya uğrunda fədakarlığa qarşı». Əslində, o fədakarlığa qarşı olmaq Könülün öz baxışları deyildi. Rola girib adamların çoxunda həmin fədakarlığa qarşı olan düşüncələri səsləndirməliydi.

Könülgilin qoyduğu məsələ, doğrudan da ciddidir və işə bax ki, on-on beş il qabaq oxuduğum bir etika kitabını yadıma saldı. Orada deyilirdi ki, əxlaqlı olmaq çox vaxt sərfəli deyil. İkiüzlü olmaq, Əziz Nesin demişkən Qərb yaltaqlığı üslubunda qılıqlı olmaq, vicdanı qapanmaq insana çox vaxt daha sərfəli olur. Belə adamlar vəzifə pilləkanı ilə yaxşı qalxırlar, pullar qazanırlar, «kişi-kişi» gəzirlər, evlərində də hörmətləri olur. Belə olmayanlar isə toya avtobusla getməyin utanışını yaşayırlar.

Vəziyyət, bax, belədir. Ona görə də Əxlaqın, Demokratiyanın lehinə tutarqalar tapmağı ciddi düşünmək gərək. Mən də düşünəndə Kantın əxlaq imperativi yadıma düşdü. Onu təxminən bu düsturda vermək olar: sən elə davran ki, bu davranışının özülündə duran normanı bütün dünya üçün, hamı üçün düz sayasan. Buradan çıxan sonuc: sən rüşvətxorsansa və bunu dünya üçün düz sayırsansa, sabah biri daha çox pul verib səni tutduranda, ya aşırıb yerinə keçəndə haqsızlığa hiddətlənməməlisən. Çünki özün belə dünyanı istəmisən.

Deməli, bu hiddətlənməyən adam rüşvətxor olub başqalarının rüşvətxorluğuna qəzəblənən adamlardan daha düzdür. İkinci növ adamlar isə belə çıxır ki, fırıldaq yapırlar, istəyirlər ki, hamı düz olsun, bircə onlar oğru olub hamını «hərifləsinlər».

Mən qəsdən Kant imperativini axmaq materialda anlatdım. İndi isə demokratiya ilə bağlı məsələyə keçə bilərik.

Qadınlar Alyansının keçirdiyi dinləmə
Demokratiya «şəhidlərini» demirəm, ərənliyi, qəhrəmanlığı, özünü qurban verməyi hamıdan ummaq olmaz, ancaq demokratiya fədakarlarını deyirəm – belə fədakarlıq əxlaqın da prinsipindir. Sənin yaxşı adam olmağın o deyil ki, dəyərli, acıyası saydığın adama öz dəryandan bir damla verirsən. Yaxşı adam olmaq fədakarlıqdır, o mənada ki, sən boğazından qırnığı yox, böyük tikəni kəsib verirsən. Yaxşılıq səndə əsası olan qıymazlıq duyğusuna qalib gəlməkdir.

Demokratiya fədakarı olmaq, gərəkəndə risk də edərək ürəyinlə, ağlınla Demokratiyanı Azərbaycanda güclü etmək işinə qol qoymaqdır. Yoxsa, belə çıxar ki, sən haqqın pozulanda xalqın vaxt, enerji, hətta pul sərf edib sənə arxa durmasını istəyirsən və bunu hamı üçün qanun sayırsan, özünçünsə yox. Biz demokratiya uğrunda çalışmaları dünyamız üçün norma görmək istəyiriksə, özümüz üçün də norma bilməliyik. Yoxsa, «heç kim oğrun yeməsin, bircə mən yeyim» düşünən adama oxşayarıq. Yoxsa, camaatı hərifləyib-fırladan yaramaz olmağımıza razı olmalıyıq

Axırda onu deyim ki, əxlaqı ən əxlaqlı adam pozduğu kimi Kantın imperativini və Demokratiya uğrunda çarpışma «qanunlarını» da hətta ünlü demokratlar belə, pozurlar. Daha doğrusu, onu axıracan tutub getməyə gücləri çatmır. Mənim isə anlatdığım odur ki, sən heç olmasa bil ki, demokratiyanın güclənməsinə əl qoymayanda yüksək qaydanı və dəyəri pozursan. Bundan sonra vicdanına qalır, əvəzini necə düzəldəcəksən.

Əxlaq olmalı ilə olanın uyğunluğu-uyğunsuzluğu üstündə düşüncələrdir. Kantın imperavtivi «əxlaqlı adam necə olmalıdır» sorusuna cavab verir. Bundan sonra sənə aydın olur ki, olmalı olanlardan nəyi olan etməyə gücün çatır. Bundan sonra da özünün əxlaqla bağlı, Demokratiya çalışmaları ilə bağlı gerçək dəyərini bilirsən. Bilirsən ki, sən kimsən? Harada adamları hərifləyib qabağa verən fırıldaqçısan, harada ləyaqətli insan.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG