Keçid linkləri

Təcili xəbərlər

Qəzvində gördüklərim


Iran – Deliver of 250 buses to Tehran public transport, Tehran, 09Feb2008
Iran – Deliver of 250 buses to Tehran public transport, Tehran, 09Feb2008

Qəzvin haqqda bilgilərə əsasən tarix kitablarında rast gələrsən. Səfəvilər imperiyasının paytaxtı olub. Bu şəhərlə onun keçmişindən dolayısı tanış olanlara bir başqa alternativ təklif edirəm. Qəzvinin bu günü.

AVTOBUSDAN TAKSİYƏ

Demişdilər ki, avtobus Qəzvinə axşam saat 8-də çatacaq, amma gecə yarısı idi, hələ də yol gedirdik. Yolun düzündə avtobus dayandı, konduktor dedi ki, burada enib Qəzvinə taksi ilə getməliyəm, çünki biz Tehrana gedirik. Qəzvinə bilet aldığımı nə qədər izah eləməyə çalışdımsa, mənası olmadı. Dedilər avtobus Qəzvinə getməyəcək. Əlacsız qalıb qalan yolun davamını taksi ilə qət etməli oldum.

Görünür İranda sərnişindaşıma qaydaları belədir: tutalım Ərdəbildən uzaq bir şəhərə avtobus gedirsə yolunun üstündə başqa şəhərlərə gedəcək adamları da mindirir, sonra da həmin şəhərlərin kənarında bu sərnişinləri tökə-tökə gedir.

Avtobusda vaxtı öldürmək üçün dvd playerlərdə filmlər göstərilir, amma mən heç vaxt bu avtobuslarda heç bir filmi sonadək izləyə bilməmişəm, bunu da sizə deməliyəm.

DUA YAZARI HACI HÜSEYNƏLİ

Qəzvində çox nadir hallarda azərbaycanca danışana rast gəlirdim, onlardan biri Hacı Hüseynəli idi, İmamzadə məscidinin həyətində oturmuşdu. Mülayim təbiətli, xoşrəftar insan idi. Dedi ki, hər cümə günü bu məscidin həyətinə gəlir, ehtiyacı olanlara dua yazır. İndi anladım ki,qarşısında qalaq-qalaq köhnə kitablar və yazılmamış ağ vərəqlər nə üçün idi.

Qəzvin küçələri bu şəhərin qədim olduğundan danışsa da insanların həyat tərzinin də sadəliyi haqqında insanda fikir formalaşdırır. Qəzvin küçələri kimi sadədir onun insanları

Mahmud ağa kimi. Küçələrin birində, onun taxta sexinin qarşısında keçirdim. 4 nəfər dülgər Mahmud ağanın sexinin qarşısında oturub yanan odda qızınırdılar. Yaxınlaşıb keflərini soruşdum. Mahmud ağadan başqa digərləri ana dillərində danışa bilmirdilər.

TAXTA SEXİNİN DİVARINDA BAKI OPERA VƏ BALET TEATRININ FOTOSU

Mahmud ağa söhbətə başladı. 10 yaşından taxtalar arasında ömrünü çürütdüyünü deyən Mahmudun 40 yaşı var. Gündəlik qazancı o qədər də çox deyil, buna görə bir müddət İrandan kənarda çörək pulu axtarıb. Bu minvalla Bakıda da 6 ay işləyib. Bakıda olduğu zaman Opera və Balet teatrının qarşısında çəkdirdiyi foto indi də sexin bir divarında asılıdır, üstünü toz basıb həyatı kimi.

Mahmud ağadan dini lideri nə qədər sevdiyini soruşdum, çünki onun iş masasının üzərində böyük portreti vardı. Amma o, cavab vermədi, güldü və mənə çay süzdü.

UŞAQ ƏMƏYİ VƏ NƏZİR QUTUSU

Qəzvində diqqətimi cəlb edən hallardan biri də böyüklərlə bir yerdə işləyən uşaqlar idi. Xüsusilə Qəzvin bazarında. Bu uşaqlar ağır yüklər daşıyır, xırdavat əşyalar satırdılar. Dedilər ki, bu uşaqlar Əfqanıstandan gəlmiş qaçqın uşaqlardır.

Məni bu şəhərdə bir çox şey təəccübləndirirdi, onlardan biri bir nəzir qutusu idi. Səkidə qoyulmuş bu qutunun üzərində belə yazılmışdı: “Kərbəla ra mi sazim” (Kərbəlanı bərpa edək). Olduqca maraqlı idi mənə bu şüar. Çünki bu şəhərin uçub tökülən evlərində yaşayan insanlar nə dərəcədə Kərbəlanın bərpası haqqında düşünürdü?

SALAVAT ÇAĞIRIŞI

Fotoaparatın yaddaşına köçürdüyüm daha bir şüarı divarda tapdım: “İmam Zaman (12-ci imam Mehdi) ağanın salamatlığı və tez zühuru üçün bir salavat”.

Qəzvindən Zəncan şəhərinə yola düşməzdən əvvəl son gördüyüm yer “İmamzadə məscidi” oldu. Dedilər bu məsciddə imam övladı dəfn olunub. Hansı imam olduğunu öyrənə bilməsəm də, Qəzvin şəhərində gördüyüm ən abad yer bura idi.

XS
SM
MD
LG