Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın enerji dərdi


Qərbin Azərbaycan qazına etinasız, deyərdim ki, maraqsız münasibəti rəsmi Bakıya çox ağır gəlir
Qərbin Azərbaycan qazına etinasız, deyərdim ki, maraqsız münasibəti rəsmi Bakıya çox ağır gəlir
Azərbaycan son bir ilini sanki qaza həsr edib: dövlət başçısının istənilən xarici səfərində bu mövzu bu və ya digər halda müzakirə obyektinə çevrilir, Qərblə münasibətlərin sanki başqa mövzusu yoxdur – ancaq mavi yanacaq prizmasından çözülür.

Hətta bu ildən Rusiyaya axan Azərbaycan qazına da kommersiyadan çox siyasi məsələ kimi baxanlar da var (bəlkə Moskva insafa gəlib Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə bir balaca yardım edə).

Elə daxili həyatda da qaz mövzusu zilə qalxmağa başlayıb – hökumət qaz təsərrüfatının yenidən qurulmasına SOCAR rəhbəri Rövnəq Abdullayevə inansaq, yaxın 2 ildə 3-4 milyard manat sərf etmək istəyir.

Qazsız əhali isə nəinki regionda, hətta Bakıda belə bu soyuq qışdan birtəhər çıxmaq yollarını arayır. Bunun bir yolu evlərə «kupça» almaqdan keçir. Dövlət başçısı 2009-cu ilin əvvəlindən ən azı 6 dəfə Avropanın enerji təhlükəsizliyində qazın roluna həsr edilmiş müxtəlif tədbirlərdə iştirak edib. Hökumət öz vətəndaşlarının enerji təminatına dair heç olmasa bircə SAMMİT keçirsəydi, millət heç olmasa ümidlə yaşayardı.

ARZUNUN ÖZÜNDƏN DOĞAN ARZULAR

Sözün düzü, Qərbin Azərbaycan qazına etinasız, deyərdim ki, maraqsız münasibəti rəsmi Bakıya çox ağır gəlir. Təsəvvür edirsinizmi, Azərbaycan rəhbərliyi bir-neçə il əvvəl hansı arzularla yaşayırdı? 2012-ci ildə «Şah-dəniz» yatağının «Mərhələ-2» layihəsi çərçivəsində ilk qazın hasilatına başlanacaqdı, həmin dövrə qədər bu layihəyə nə az, nə çox $20 milyard vəsait xərclənməliydi (ölkəyə xarici maliyyə axını nəticəsində iqtisadiyyat yenidən canlanar, camaatın pul gəlirləri evlərin qiymətinin artmasına şərait yaradar, tikinti bumundan məmurlar əməlli gəlir götürər, Ümumi Daxili Məhsul kəllə-çarxa çıxar, bir sözlə neft hasilatı azalan zaman onun yerini qazla əvəz edib bir müddət də analoqsuz həyat sürmək olardı.

Azərbaycan öz qazını minimum 3 istiqamətdə ixrac etməyə başlamalıydı: Türkiyə-Yunanıstan-İtaliya (TGİ) qaz kəməri ilə bu xətt boyu yerləşən ölkələrə, Türkiyədən keçməklə Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyaya («Nabucco» layihəsi) və Türkiyə üzərindən İsrailə. Gəlirlər bir yana, Avropa və dünyada xarici siyasətə həyan olan nə qədər lobbi dəstəyi qazanmaq olardı...

SAYDIĞINI SAY, GÖR AVROPA NƏ SAYIR

Ancaq, atalar demiş, sən saydığını say, gör fələk nə sayır. Birdən birə sivil dünya, ardınca isə Üçüncü dünya ölkələri maliyyə böhranı ilə üzləşdilər (əslində Qərbin beyin mərkəzləri bu hadisəni 2007-ci ilin oktyabrından söyləməyə başlamışdılar), sonra dünya iqtisadiyyatda kütləvi istehlakdan innovasiyalı təsərrüfata keçidə start verildi və bunun nəticəsi olaraq ənənəvi qlobal enerji istehlakı bazarlarında çökmə müşahidə edildi. Şimali Amerika yeni texnologiyalarla torf qazından istifadəyə meyl etdi, Avropa isə boru qazının istehlakını minimuma endirmə kursu götürdü, burada maye qazın qiyməti 2.5 dəfə aşağı düşdü. «Gazprom» kimi nəhəngin xarici bazarlarda qaz satışından gələn gəliri cəmi 1 ilə $70 milyarddan $39 milyarda endi (Türkmənistanda qaz hasilatı 2009-cu ildə 39 milyard kubmetrə qədər düşdü, baxmayaraq ki, 1 il əvvəl 70.5 milyard kub metr qaz çıxarılmışdı). Təsəvvür edin ki, 2005-ci ildə Avropanın qaz istehlakının 2010-cu ildə 600 milyard kub metrə çatacağını zənn edənlər 2009-da bu rəqəmin heç 500 milyard kub metrə çatmasını belə görmədilər.

Ümidini ancaq qaza bağlayanlar üçün ağır günlər başladı. Təbii, belə olan şəraitdə Avropa öz hayındadır və rəsmi Brüsseli heç də Azərbaycandan 5-6 milyard kub metr qaz almaq məsələsi düşündürmür. Bu azmış kimi Yunanıstan iqtisadiyyatı qəflətən «dağıldı» və onun maliyyə vəziyyəti o qədər ağırlaşıb ki, Azərbaycandan nəinki dünya qiymətləri ilə, heç region qiymətləri ilə də qaz almağa imkanı qalmayıb. İtaliya isə praktikada özünü «kefkom Berluskoni» kimi aparmağa başlayıb – vaxtilə Azərbaycandan az qala 8-9 milyard qaz almağa söz verən rəsmi Roma daha bu mövzuda ümumiyyətlə danışmır. Elə bu baxımdan da TGİ boru xəttinin işə düşməsi artıq 3-cü dəfə təxirə salınaraq, bu dəfə 2016-cı ilə keçirilib. Trans-Adriatik (Yunanıstan-Makedoniya-İtaliya) qaz kəmərinin taleyi də hələ ki, bəlli deyil (buradan da Azərbaycan qazının ixrac perspektivləri əvvəllər müzakirə edilirdi). İsrail isə Türkiyə ilə arasını vurduğundan təbii ki, Azərbaycan qazı ilə qızınacağına yaxın perspektivdə ümidli deyil.

Əvəzində Avropanın ac-yalavac ölkələri – Rumıniya və Bolqarıstan hərəsi ildə 1 milyard olmaqla Azərbaycandan qaz almaq niyyətlərini dilə gətiriblər. Ancaq deməsəydilər bundan yaxşı olardı – çünki onlar Qara dəniz üzərindən maye Azərbaycan qazı almaq niyyətinə düşüblər ki, buna görə yeni infrastrukturun yaradılmasına gərək olacaq milyardlarla avro vəsaitin kimin yatıracağı bəlli deyil. Təbii ki, bu şəraitdə Buxarest və Sofiyadan maliyyə qarantiyası almaq sadəlövhlük olardı.

VARLI MÜŞTƏRİLƏR ƏLDƏN ÇIXIR, KASIBLAR – ƏL VERMİR

Belə olan şəraitdə yaman yerdə axşamlamalı olub rəsmi Bakı. Potensial varlı qaz alıcılarından səs-səmir çıxmır, ucuz qaz ümidində olanlar infrastrukturu Azərbaycanın hesabına ərsəyə gətirmək ümidindədirlər, «Şah-dəniz» layihəsi iştirakçıları (xaricilər) passiv oyunçu qismindədirlər (onlar heç bir kommersiya danışıqlarında iştirak etmirlər).

İran «basıb-bağlasa» da, 2010-cu il üçün Azərbaycandan cəmi 100 milyon kub metr qaz alması haqda saziş imzalayıb (oxucularda təsəvvür yaranması üçün qeyd edim ki, Naxçıvan Muxtar Respublikası statistikaya görə ildə 300 milyon kub metr qaz istehlak edir).

Heç Rusiyanın da bu il Azərbaycandan deyildiyi kimi 1 milyard kub metr qaz alması ağlabatan deyil (yanvar ayını nəticələrinə görə cəmi 40 milyon kub metr qaz idxal edilib, fevralda isə gündəlik idxal 1.5 milyon kub metr səviyyəsini aşmayıb. Əgər qışda bu həcmdə qaz alırsa, onda yaz-yay aylarında heç indiki həcmlərin yarısını da qəbul etməyəcək).

Türkiyə ilə qaz məsələləri üzrə danışıqlar isə çox güman ki, müəyyən mənada siyasi məsələlərlə (sınır açılımı və sair) bağladı və bu baxımdan da tezliklə həllini tapması inandırıcı görünmür.

Bəlkə elə buna görədir ki, Azərbaycan hökumətinin əl-qolu yanına düşüb, məmurlar və aidiyyəti olan qurumlar ölkənin daxili ENERJİ TƏHLÜKƏSİZLİYİni müvəqqəti donduraraq xalqı yanvarın 26-dan tüğyan edən külək, qar, şaxta problemləri ilə təkbətək qoymağı qərara gəliblər.

QAZSIZLIĞIN FƏSADLARI

«Azərenerji» rəhbəri Etibar Pirverdiyev TV-lərə nümayiş etdirdi ki, cəmi bir elektrik dayağındakı açılma ilə Bakı, Abşeron, Sumqayıt və şimal bölgəsi işıqsız qala bilər. Sonradan məlum oldu ki, İmişli-Bakı sərnişin qatarı və daha 9 yük qatarı da 2 saatdan çox çöllərdə qalıb. Enerjisiz qalan rayonların sırasına isə Tərtər, Bərdənin bir-neçə kəndi və Şəkinin də bir hissəsi daxil olub.

Ötən həftəsonu Azərbaycanın Qusar rayonu işıqsız qaldı. Bunu «Azərenerji» rəsmiləri onunla izah etdilər ki, hadisə yerinə heç «QAZ-66» ilə də gedib çıxa bilmirlər. Qusarın çox strateji bir məkan olduğunu (orada qiyməti bir-neçə milyard olan qış oyunları idman kompleksi tikilməkdədir) nəzərə alaraq ,»Azərenerji»yə 5-6 ədəd «HAMMER» tipli cip maşınları ayırmaq olardı ki, gələn dəfə işıq kəsiləndə, tikintidə iş dayanmasın. Əslində elə belə də keçinmək olar. Çünki kifayət qədər təchiz olunmayan «Azərenerji» ölkədə fövqəladə hal yaradır, Fövqəladə Hallar Nazirliyində isə bütün günü asfaltda tapdalayan «HAMMER»lər (onları Bakıda tez-tez görmək olar), hətta suda-quruda hərəkət edən amfibiya tipli hərəkət vasitələri də alınıb.

Qazsız vətəndaşlar istilik məqsədilə elektrik enerjisindən 5-7 dəfə çox istifadə edirlər (yayda 15-20 manat işıq pulu verən insanlar, qışda 120-150 manat kasıblamalı olurlar), nəticədə payalayıcı sistemlər normadan artıq yüklənir və bir sıra hallarda yanğınla nəticələnir. Məsələn, «Mediaforum» saytının əməkdaşlarının yerləşdiyi binanın enerji sistemi məhz bu səbəbdən sıradan çıxmalı oldu.

Həftə sonu Yevlaxdan Bakıya qayıdan «Neftçi» futbol klubunun maşını qəzaya uğrayıb, nəticədə 2 nəfər həlak olub. İlkin məlumatlara görə, qəzanın səbəbi yolun buz bağlaması olub. Bəs yolun buzunu təmizləmirlər?

Azərbaycanın düzənlik zonası enerji böhranından çıxıb sel-su böhranına düşüb. Zərdabdan tutmuş ta Kürdəmir, Hacıqabulacan bir çox kəndləri su basıb. Yerli televiziyalar hər gün bu zonalardan kadrlar göstərirlər. Ancaq nədənsə hələ ki, kəndlilərə köməyə gedən yoxdur. Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəsi isə TV vasitəsilə çoxlu su nasoslarına ehtiyacları olduğunu bildirir.

Azərbaycanda payız-qış aylarında qazdan zəhərlənib dünyasını dəyişən insanların sayı isə durmadan artır. «Azəriqaz» İB-nin baş direktorunun müavini Nazim Səmədzadənin açıqlamasına görə, 2009-2010-cu illərin payız-qış mövsümündə Azərbaycanda 34 nəfər insan qaz partlayışının qurbanı olub, 31 nəfər yaralanıb, 211 nəfər dəm qazından zəhərlənmə faktı ilə xəstəxanalara yerləşdirilib ki, sonradan bunların 29-u ölüb.
XS
SM
MD
LG