Keçid linkləri

Təcili xəbərlər

Uşaqlıqdan didərgin düşmüş uşaqlar


Füzuli rayonundan qaçqın düşmüş müəllimlərin və uşaqların məktəbi
Füzuli rayonundan qaçqın düşmüş müəllimlərin və uşaqların məktəbi
Hadisələrin çəki vahidi insanın şüur altında saxladığı foto görüntülərdir, görünmüş mənzərələrdir. Biri üçün adi olan hadisə digərini dəli edə bilir. Fotolar insanın keçmişdə yaşadıqlarını sonradan rəngləməsidir.

Mənim fotoqraf müəllimim olmuş Qulamiko Ferreroya irad tuturdular fotolarının qara olmasını, deyirdilər ki, obyektivindən həmişə göz yaşı axır. Onu daha fərqli, həyatın xoş üzünü göstərməyə çağırırdılar, misal üçün bir caz konsertində insanların necə əyləndiyini. O, isə gülürdü üzülərək. Çünki onu tənqid edən insanlar onun keçmişindən xəbərsiz biçarələr idi. Fotoqrafın ömrünü küçələrdə keçirdiyindən, uşaqlığını oyuncaqlarla real bütlər arasında itirdiyindən xəbərsiz idilər. Ferrero bu gün dünənindən gətirdiyi görüntüləri çəkirdi.

Elmiri tanıdım, o, Cəbrayıldan qaçmış ailənin gələcək ümididir
Sənət insanın özünüifadə tərzidir. İnsan özünü ən azı özünün başa düşdüyü dildə ifadə edir. Onun kiminsə təsir altına düşməsi və ya «zamanının nəbzini» tuta bilməsi mümkün deyil, çünki o, təhtəlşüurunun təsiri altındadır. Şüuraltında kədərli həyatının qırılma nöqtələri ilə dolu bir yazıçı ən gülməli bir hadisədən belə bir kədərli an tapacaq. Ehtiyacsız yaşamış, ömründə göz yaşı görməyən bir fotoqraf da təsadüfən münaqişə ocağına düşərsə, çəkəcəyi foto Robert Kapanın «Düşən əsgər»i heç vaxt ola bilməz. Çünki bu əsər onun özünüifadəsi, keçmişinin bugünkü məhsulu deyil.

Son bir həftəmi el-obalarından didərgin düşmüş qaçqın uşaqları ilə keçirmişəm. Bu uşaqlar əslində el-obalarından deyil, yaşlarına uyğun dünyalarından didərgin düşüblər. Bunun fərqinə çox sonralar varacağıq. Bu gün də qaçqın uşaqların «uşaqlıqsız» məktəbində oldum. Məşhəd şəhərindəki İmam Rza türbəsində əl kitabçama «Uşaq və Tanrı» yazıb qeydlərimi aparmışdım. Bu məsciddə uşaqlar təsbehlərlə, möhürlərlə oynayır, atasını yamsılayaraq ibadət edir və bununla da uşaqlıq dünyasında anlaşılmaz varlıqla böyüyürlər. Həmin qeydlərimi mən bu məktəbdə xatırladım. Elə o dünyanın uşaqları idi.

Fəaliyyətdə olan bir zavodun həyətində, zəhərli kükürdlü dumanın içində yaşayırlar
İbtidai sinifləri bir-bir gəzdim, siniflər keçmiş prezident Heydər Əliyevin portretləri ilə dolu idi. Axı heç kim başa düşmür ki, bir uşağın dərketəmə qabiliyyəti böyük bir həyat keçmiş bir insanı anlayacaq gücdə deyil? Heç kim anlamır ki, bu uşaqlar hələ cizgi filmi qəhrəmanlarının əhatəsində böyüməlidir, onların dünyasında yaşamalıdır? Bu ölkədə heç kim anlamır bunu. Bu uşaqların alt şüurunda dərk edə biləcəyi cizgi qəhrəmanları yox, bu günün həqiqi reallıqları var – Heydər Əliyev, İmam Rza.

2-ci sinif şagirdlərinin sinfinə girdim. Elmiri tanıdım, o, Cəbrayıldan qaçmış ailənin gələcək ümididir. Onların evlərində də olmuşdum. Fəaliyyətdə olan bir zavodun həyətində, zəhərli kükürdlü dumanın içində yaşayır. Uşaqların arasından keçib yaxınlaşdım ona. O, uşaq kimi sevinirdi, çünki onu tanımağım, müəmmalı baxışlarla baxan sinif yoldaşlarının yanında onu adla çağırmağım onun üçün özünütəsdiq idi. Uşaq kimi sevinirdi, yalnız indi o, uşaqlıq dünyasına girib uşaq kimi sevinirdi. Heç nə demədən o, mənə baxırdı, mən isə «Oxu» kitabındakı Heydər Əliyevə.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG