Keçid linkləri

Təcili xəbərlər

Ay bəri bax...bəri bax!


Azad qadın heykəli
Azad qadın heykəli
Düz bir il öncə bayram günü yazdığım köşəni «Azərbaycan qadını, sənin bu dünyada ən böyük istəyin nədir?» adlandırmışdım. Bu dəfə sual dəyişir...Xoşbəxtsənmi?

Azərbaycan qadını, bəri bax?! Bu bayramda sənin yanındayam. Çünki səndən biriyəm.

Gözünü dünyaya açandan dünyanı qaranlıq gördün. Ata-ana basqısı, ər qaxıncı hər zaman yol yoldaşın oldu, könül sirdaşın olmadı...

Gözünü dünyaya açandan parçalanmış Vətən gördün, yağmalanmış yurd gördün, unudulmuş dil gördün, başın üstündə bir zorba əl gördün...Heç xoşbəxt oldunmu?

70 il boynuna «azadlıq yükü» qoyub olmazın cəfalar çəkdirdilər. Yurdunu, dövlətini dağıtdılar, ərini, oğlunu, hətta özünü sürgünə göndərdilər.

Çadranı atdın. Səni «azad qadın» çağırdılar, şərəfinə mərkəzdə heykəl qoydular. Qəbul etdin, yaşadın, yaratdın, doğdun, törədin, artdın... Heç bircə gün özünə xoşbəxt dedinmi?

Düz beş il «Vətən müharibəsi» deyilən o müdhiş savaşa boyun əydin. Tək qaldın, ac qaldın, kişisiz qaldın, arxasız qaldın. Amma dözdün, yaşadın, yenə doğdun, törədin, artdın...Xoşbəxt oldunmu?

Yalanlarla, beşilliklərlə, Keçici Qırmızı Bayraqlarla süslənən illər, qərinələr yaşadın. Dükanlarda ət üçün, çörək üçün növbələrdə süründün. Əyninə geyməyə paltarı belə nə zülmlə tapdın... Xoşbəxt oldunmu?

Əsrin sonuna yaxın yurdunu təzədən yağmaladılar. Bu dəfə Qarabağ savaşı səni haqladı. Didərgin həyatı yaşadın, köçkün oldun, əzizlərini gözlərin önündə qanına qəltan elədilər. Ayağını don vurdu, ürəyini yağı yaxdı, yurd itirdin, təzədən yurd qurdun...

Vətənin 20 faizi də belə getdi... Bəxtəvərin qızı, müstəqil dövlətin quruldu. Müstəqil Azərbaycanda yaşamaq nəsibin oldu! Xoşbəxt oldunmu?

Azərbaycan qadını, bəri bax?! Bu dəfə sənin yanındayam. Çünki səndən biriyəm.

Nə vaxta qədər zülmlərə, zalımlara boyun əymək qismətin olacaq?

Nə vaxtadək Vətənin adını qara siyahılara salanlara, mədəni cildə girib hər cür pislik törətməyə qadir olanlara, isti yerinin azacıq sərinlənməməyi üçün hətta bir cavan jurnalistin belə qanına susayanlara sakit baxacaqsan?

Nə zamanacan sərvət ovçularına, dünyanı əbədi bilənlərə, uşaqları bir yana, nəvələrinə, nəticələrinə, hətta kötücələrinə belə mal-mülk, daş-qaş, pul-para yığanlara göz yumacaqsan?

Nə vaxtadək sənin öz evində boğulmaq, baltalanmaq, bıçaqlanmaq xəbərin qəzet səhifələrinə, efirlərə gəlib çıxacaq?

Nə vaxtadək son çıxış yolunu intiharda görəcəksən?

Nə vaxtadək «səsin» İrandan, Türkiyədən, Dubaydan gələcək?

Nə vaxtadək ər çörəyi yeməkdən qürur duyacaqsan?

Nə vaxtadək öz karyeranı ər istəyinə qurban verəcəksən?

Azərbaycan qadını, bir dayan! Bir bəri bax! Niyə hirslənirsən? Gör, nə deyirəm? Bir eşit!

Sənə bu cəfaları çəkdirənləri özün doğmadınmı? Özün tərbiyələndirmədinmi? Boyuna baxıb sevinmədinmi? Yolunda min əzaba qatlaşmadınmı? Bəs..nooldu?

Hər şeyini ona qurban verdin... Axırı niyə belə oldu?

Bəlkə günahı özündə axtarasan?

Harda yanlış yapdın?!...

Harda yanlış yapdıq?!...

P.S. (Bu, bir Azərbaycan qadınının şəxsi fikirləridir)

Ən son yazılan

XS
SM
MD
LG