Keçid linkləri

Təcili xəbərlər

Milli unutqanlıq haqqında məşhur şikayətə bir düzəliş


Niyazi Mehdi
Niyazi Mehdi
Unutqanlıq haqqında şikayətin mənəvi mimikriyası, geydirməçiliyi

Azərbaycanda ölkənin dərd yükünü, vicdan əzabını üstünə götürüb çəkən mənəviyyat adamı kimi görünməyin öz dil biclikləri var. Bu, Qarabağın unudulmasından şikayət etmək, nalə çəkməkdir.

Halbuki hətta əziz balasını itirmiş ana da ömrü boyu intensiv şəkildə bu itkinin dərdini çəkə bilmir. Gülür də, danışır da, rəqs də edir. İstisna olanda isə o, sadəcə, psixi cəhətdən xəstələnib ölür. Onun üçün də bəzi psixoloqların fikrincə, insan şüuru elə qurulub ki, mənfi, ziyanlı olanları tez unudur. Bu, reallıqdır. Azərbaycanda Qarabağ məsələsi ilə bağlı biganəlikdən şikayətlənənlər bu reallığı bilməlidirlər. Ona görə yox ki, şikayətlənməsinlər. Əslində, belə şikayətlənməyin özü toplumda unutmanın qarşısını alan mexanizmlərdən biridir. Sadəcə, biri var primitiv bilincin, şüurün naləsi olan şikayətlər, bir də var bilgili, düşüncəli insanın tənqidi. Mən istərdim ki, Azərbaycanda Qarabağla bağlı şikayətlənən şüur səviyyəli, bilgili şüur olsun. Səslənən şikayətlər də «ağlaşma xəstəliyi»nə tutulmuş şüurun şikayəti olmasın.

Ötən yüzilin 90-cı illərində geniş yayılan guya ağıllı bir düstur vardı: bu restoran və eyş-işrətlə biz Qarabağı necə alacağıq?! Halbuki Azərbaycan iqtisadiyyatının gücü olmasa, Qarabağ məsələsində güclü olmaqdan söhbət gedə bilməz. Güclü iqtisadiyyatın içində isə restoran mədəniyyəti, əyləncə biznesi önəmli yer tutur. Sən Qarabağ kədəri adıyla onları məhv eləyəndə o kədəri də «dişsiz» qoyursan.

Deməli, bizim gəldiyimiz nəticə budur ki, ölkənin ağrılı problemləri zaman keçdikcə öz emosional təsirini azaldır və bu, avtomatik olaraq biganəlik də yaradır.

Biz bu qaçılmazlığı qəbul eləyəndən sonra düşünməliyik ki, insan psixologiyasının bu qaçılmaz özəlliyinə qələbə çalan və mədəniyyətin yaddaşında həmin ağrılı problemi aktiv saxlaya bilən hansı yaddaş, emosionallıq mexanizmləri olmalıdır? Bunun üçün Qarabağ haqqında sənədli filmlər, gözəl musiqilər, gözəl əsərlər önəmli rol oynaya bilər. Hərçənd burada da ciddi bir problem var. Görürsən ki, hər yerindən duran mövzunun önəminin hesabına məhsulunu satmaq üçün Qarabağdan sənədli film çəkməyə, axmaq mahnılar yazmağa başlayır. Nəticədə tərs effekt alınır. Adamlar belə mahnıların, belə filmlərin, belə yazıların çoxluğunda artıq Qarabağ mövzusundan eymənirlər. Bunu onun üçün dedim ki, yaddaş mexanizmi ilə bağlı institutların önəmindən danışanda axmaq şikayətçi vəziyyətinə düşməmək üçün bu təhlükəni də bilmək lazımdır.

Şikayət və tənqidin hədəfini dəyişəndə

Toplumda boşboğazlıq üçün çox böyük açıqlıq var. Hamı danışmaq, qəhrəman görünmək istəyir. Hamı ölkənin dərdini çəkən adam kimi görünmək istəyir. Bu vəziyyətdə qəhrəman olmayanların, dərd çəkməyənlərin dadına Qarabağ, 20 Yanvar kimi mövzular çatır. Onlar «Qarabağda vuruşaq» «ura»sı ilə tənbəlliklərini və ya ürəksizliklərini ört-basdır edirlər. Ürəyi buz olub, sosial ağıçılıq eləməyə nə var ki? Belələri öz yazıları, öz qondarma ağrıları ilə önəmli mövzuları urvatdan salırlar. Biz bu təhlükələri bilməliyik. Mən demirəm ki, nəsə bədii şura yaradılmalıdır və Qarabağla bağlı hər şey onun süzgəcindən keçməlidir. Azadlığı pozmaq olmaz. Ancaq cəmiyyətdə elə situasiya yaranmalıdır ki, həmin mövzuların hesabına öz qorxaqlıqlarını, düşüncəsizliklərini gizlədənlər bir az özlərini narahat hiss eləsinlər.

Ona görə də biz Qarabağla ilgili adamların unutqanlığına yönəlmiş şikayəti mədəniyyətimizə yönəldərək soruşmalıyıq: onun infrastrukturları, uyğun institutları və təpəri varmı ki, vaxtlı-vaxtında Qarabağ problemini təzələşdirsin, qavrayışı onunla bağlı biganəlikdən çıxarsın? Yazıqlar olsun ki, yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG