Keçid linkləri

Təcili xəbərlər

Hər şey insafa qalanda


Əfv fərmanı icra olunur, 10 may 2007
Əfv fərmanı icra olunur, 10 may 2007
Bir sıra ölkələrdə qanunun öhdəsinə buraxılan şeylər Azərbaycanda bir qrup insanın insafına qalıb.

İnsafa qalanda isə tələb olmur, ancaq ummaq olur. Və burada insaflı hökmdar obrazı meydana çıxır.

O, qanundan üstün olur, istəsə, hətta qanuna zidd gedərək nəyisə və yaxud kimisə bağışlaya bilər. Bundan sonra onun hakimiyyəti daha da möhkəm, daha da sarsılmaz olur...

Bəlkə, bu da hüquq fəlsəfəsidir. Biri var insanlara qanunun onlara bəxş etdiyi hüquqları verəsən. Belə olan halda hakimiyyət o qədər də əzəmətli görünmür. Bir də var ki, mərhəmət göstərəsən. Onda hökmdar daha böyük görünür.

Və insanlar əldə etdiklərini qanunun nəticəsi kimi yox, hökmdarın mərhəmətinin göstəricisi kimi qəbul edirlər... Nədənsə növbəti əfv fərmanı ərəfəsində bunları düşündük. Amma hər şey əfvlə məhdudlaşmır. Bütün istiqamətlərdə eyni mənzərə hökm sürür. Cəmiyyətin süstlüyü və acizliyi elə səviyyəyə çatıb ki, hətta fikirləşirsən ki, vəziyyət bundan da ağır ola bilərdi, biz bundan da sərt rejimdə yaşaya bilərdik, çünki daha yaxşı və daha ədalətli yaşamaq üçün bizim səylərimiz tamamamilə yox dərəcəsindədir. Gözləyirik ki, görən, kimləri əfv edəcəklər. Gözləməkdən başqa işimiz yoxdur. Bu qərara təsir etməyə nə həvəsimiz, nə də imkanımız var. Hər şey insafdan asılıdır.

KİMLƏR AZADLIĞA ÇIXACAQ?

Bunu bir nəfərdən başqa heç kim bilmir. Hətta Əfv Komissiyası da kimin azadlığa çıxacağını dəqiq bilmir. Məlum olanı budur ki, bu əfv fərmanları periodik olaraq verilir.

Hələ Heydər Əliyevin vaxtından buna «prezidentin humanist addımı» deyirlər. Bir vaxtlar Avropa Şurası siyasi məhbusların azad olunmasını tələb edirdi. Heydər Əliyev də ümumi əfv fərmanı verib özünü elə göstərirdi ki, sanki Avropa Şurasından asılı deyil, onun tələbini yerinə yetirmir, sadəcə «humanist addım atır». Elə bunun özü də əvvəldə yazdığımız bir neçə sətrə sübutdur. İnsanlarda elə təsəvvür yaranmamalıdır ki, onlar nəyəsə qanun, tələb səviyyəsində nail olublar, hər şey insafın adına yazılmalıdır, insanlar ancaq hökmdara minnətdar olmalıdırlar. İndi də həmin vəziyyət hökm sürür, ancaq bircə fərqlə. Daha ölkənin Avropa institutlarından asılılığı minimuma enib, neft satılır, kreditlərə ehtiyac yoxdur. Elə Avropa Şurası da əvvəki kimi tələb etmir, daha çox tövsiyələr verir və onlar bir qayda olaraq nəzərə alınmır.

Görən, jurnalistlər azad olunacaqmı? Çox az vaxt qalsa da, heç kim bu haqda danışmır. Dörd jurnalist məhbəs həyatı yaşayır. Hələ ki insaf onlara şamil olunmur. Onların suçu günahsız olmalarıdır. Hakimiyyəti bəlkə də bu hər şeydən çox qeyzləndirir. Necə ola bilər ki, bu ölkədə yaşayasan, YAP üzvü olmayasan, hətta müxalif olasan, ancaq günahın olmaya? Həqiqətən də «qəliz məsələdir».

ONLAR NİYƏ İSLAH OLUNMURLAR?

Söhbət yenə də jurnalistlərdən gedir. İnsaflı hakimiyyət adamları deyirlər ki, biz jurnalistləri azad edə bilərik, amma onlar islah olunmurlar. Əcəba, bu islah olunmaq nə deməkdir? İslah olunmaq anlayışı bir qədər kriminal mahiyyət kəsb edir və əsl cinayətkarlara şamil olunur. Jurnalistika nə vaxtdan kriminal mahiyyət kəsb etməyə başlayıb? Darıxmayın, məsələ çox sadədir. Hakimiyyət adamlarının insafı sayəsində xalqımız çox gözəl həyat yaşayır, ölkəmiz gündən-günə çiçəklənir, abadlaşır. Amma jurnalistlər bunu «görmürlər». Onların vəzifəsi budur ki, bütün bunları görüb vəsf etsinlər. Onda onlara toxuanan olmayacaq. Elə böyük məmurlardan biri məhz belə də demişdi: «Ölkədə böyük inkişaf gedir və bu, mediada öz əksini tapmalıdır».

Belə çıxır ki, inkişaf əks olunmayan hər bir güzgü çilik-çilik olmalıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG