Keçid linkləri

Təcili xəbərlər

«Öz millətimin diktatoru»


Rasim Ocaqovun «Həm Ziyarət, Həm Ticarət» filmində maraqlı bir epizod var: Sadəlövh coğrafiya müəllimi Mustafa İstanbul küçələrində onu aldadıb hər şeyini əlindən almış fırıldaqçı Davudu tutur və oğurlanan mallarını ondan tələb edir. Dava düşür və səsə Türkiyə polisi özünü yetirir. Davud Mustafanı inandırır ki, «milləti biyabır etməmək» naminə Türk polisinə desin ki, heç bir problem yoxdur, onlar zarafat edirlər. Mustafa müəllim də «vətənpərvərlik» nümayiş etdirib oğrunu cəzalandırmaq imkanını əlindən qaçırır.

«MUSTAFA MÜƏLLİM» DİLEMMASI

Bu epizodu ona görə yada saldım ki, Azərbaycandakı rejimin fəsadları barədə xarici auditoriya qarşısında danışan hər bir azərbaycanlı, Mustafa müəllimin dilemmasını həll etməli olur.

Bu gün Azərbaycanda baş verənlər xeyli mənada millətimizin içindəki naqislikləri açıq deyənlərlə bu naqislikləri ört-basdır etmək istəyənlərin mübarizəsidir
Azərbaycanla fəxr etmək istəyən, onunla qürur duymaq istəyən bir adam kimi Azərbaycanda baş verən iyrəncliklərdən danışmaq və bu işi dünya millətlərinin qarşısında etiraf etmək doğrudan da ağrılıdır.

Lakin Mustafa müəllimin təcrübəsi onu da göstərir ki, bu işi görməyəndə də oğru aradan çıxır.

NAQİSLİKLƏRİ GÖRƏNLƏRLƏ ONLARI ÖRT-BASDIR EDƏNLƏRİN MÜBARİZƏSİ

Başqa bir epizod: Vaxtanq Kikabidze Rusiya televiziyasına müsahibə verərkən rus jurnalist qürurlu gürcünü «sındırmaq» üçün ona sual verir: Məşhur gürcü ziyalılarının bir deyimi var: «Gürcüstan, sən tüpürülməyə layiqsən». Siz bu sitatı necə şərh edərdiniz? Halını heç pozmayan Kikabidze deyir ki, bu fikir bir neçə axmaq gürcünün məşhur ziyalı İlya Çavçavadzeni qətlə yetirdiyi münasibəti ilə deyilib. Və dərhal da əlavə edir: Özünə kənardan baxa bilən, öz içində olan iyrəncliklərə tüpürərək mövcud miskinliyinə qarşı üsyan edə bilən millət böyük millətdir. Rusiyalı jurnalist bir daha bu mövzuya qayıtmır.

Bu gün Azərbaycanda baş verənlər xeyli mənada millətimizin içindəki naqislikləri açıq deyənlərlə bu naqislikləri ört-basdır etmək istəyənlərin mübarizəsidir. Açıq danışanlar, müəyyən mənada Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin və Mirzə Ələkbər Sabirin davamçılarıdır. Müasir dövrdə bu düşərgənin ən parlaq simalarından biri qətlə yetirilmiş jurnalist Elmar Hüseynovdur. «Azərbaycanlılar – XXI Əsrin Milləti» məqaləsi ilə tanınmış Elmar Hüseynov öz yazısında elə məqamlara toxunurdu ki, həmin məsələlərə bu gün də çoxları toxunmağa cürət etməzlər.

«Ört-basdır» düşərgəsində isə vəziyyət qəlizdir. Bu düşərgədə bir qisim öz mövqeyini səmimi olaraq ifadə edir və şərti olaraq «Mustafa müəlim»in mənəvi davamçılığını edir.

«ÖRT-BASDIR» DÜŞƏRGƏSİNİN SƏMİMİLİYİ

Digər bir qisim öz arqumentlərində qeyri-səmimidir. Azərbaycandakı mövcud vəziyyətdən faydalananlar, yaxud onlara qulluq edənlər demokratiya tərəfdarlarının qarşısına arqument qoymaq üçün Qərb dünyasında baş verən və bəzən heç baş verməyən, lakin uydurulan, bütün assortimenti ortaya qoyur.

Məsələn, deyəndə ki, demokratik ölkələrdə vətəndaşlar insan kimi yaşayırlar, qanun var, qayda var, hökumət camaatı soymaq üçün yox, onun rifahına xidmət etmək üçün fəaliyyət göstərir, cavab özünü ləngitmir:

Amerika ərəbləri qırır, İsveçrə məscid minarələrini qadağan edir, Almaniyada bir neçə neo-faşist müsəlman qadını təpikləyib öldürdü və s.

Naqislikləri tutmaq lazımdır, ifşa etmək lazımdır. Asan iş deyil bu. Gizlənməyə çalışacaqlar və bunu edərkən hər bir azərbaycanlının ən müqəddəs hesab etdiyi mənəvi dəyərlərin arxasına sığınmağa çalışacaqlar
Bu qisim müəyyən mənada SSRİ ideoloqlarının mənəvi varisləridir. Soyuq müharibə dönəmində SSRİ-də azadlığın yoxluğu arqumentinə qarşı qoyulan arqumentlər sırasında Fələstin məsələsindən tutmuş, Amerikanın qaradərili əhalisinin hüquqlarına qədər bütün məsələlər yer alırdı. SSRİ qeyri-effektiv idarəçiliyi ucbatından dağıldı, ABŞ isə durur və inkişaf edir. Bu qismi ciddi polemikaya cəlb etmək mənasızdır. Mükalimədən həqiqət axtarışı yox, öz sistemlərinin müdafiəsi məqsədi ilə yararlananları heç bir arqument heç nəyə inandıra bilməz.

DANIŞA-DANIŞA SUSAN «VƏTƏNPƏRVƏRLƏR»

Əhəmiyyət verilməsi mənasız olan daha bir qisim mövcud reallıqlara qarşı çıxmaqdan qorxanları əhatə edir. Onların «vətənpərvərliyi» öz qorxularını maskalayan bir vasitədir. Dəyərli Azərbaycan jurnalistlərindən biri bu qisim adamların hərəkətlərinə yaxşı bir ad qoyub – «danışa-danışa susmaq».

Doğrudan da görürsən ki, cəmiyyətdə baş verən ədalətsizliklər fonunda biri televiziyaya çıxıb asır-kəsir və danışır ... Cənubi Azərbaycan barədə, yaxud «Borçalı dərdi», milli soyadlar məsələsi və s. bu kimi mövzularda. Adam güya danışır və güya hətta nəyəsə etiraz edir, amma əslində danışmır, susur, çünki danışmağa qorxur.

Onları «vətənpərvər» edən səbəb qorxu olduğundan, həmin səbəb aradan qalxmayınca onları hansısa arqument inandıra bilməz ki, cəmiyyətimizdə ədalətsizliklər var, onlar anormal həddə gəlib çatıb, buna qarşı mübarizə aparmaq lazımdır və s. Axı bu adam çaşıb arqumentləri qəbul etsə, sonra gərək vuruşa. Bəs qorxu hissi necə olsun?

MİLLƏTÇİ «MUSTAFA MÜƏLLİM»LƏR


Mustafa müəllimin davamçıları isə başqa məsələ. Onlarla söhbət etməyə dəyər və onlarla söhbət etmək lazımdır.

«Millətçilik rəzil adamların ən son sığınacağıdır» deyiminə qarşı uzun müddət bir daxili müqavimət olub içimdə.

Axı millətçiliyin nəyi pisdir? Ən azı bir insanın özündən başqa da kimisə düşünməsini ifadə edən bu ideya niyə görə rəzil adamların sığınacağına çevrilməlidir? Məgər vətənini sevmək pis şeydir?

Yox, bu ideya pis olduğuna görə onun arxasında gizlənmirlər, əksinə məhz yaxşı olduğuna görə belə olur.

Azərbaycanda seçki saxtakarlığı baş verəndə, insanların seçmədikləri adamlar onlara rəhbərlik edəndə, həmin rəhbərlik xalqın malını-pulunu mənimsəyəndə və həmin xalq da bu adamlardan onun hesabını istəyəndə bu adamlar nəsə deməlidirlər. Və deyirlər də.

QƏRBİ TƏNQİD ETMƏKLƏ ACI REALLIQLARI GİZLƏDİRLƏR


Niyə biz gözümüzün önündəkiləri görə-görə «vətən naminə» barışdırıcı ton tutmalıyıq?
Deyirlər ki, Qərbin bizi gözü götürmür, çünki müstəqilik; xristian dünyası üstümüzə hücum çəkib bizi yıxmaq istəyir ki, Qarabağı ermənilərə versin; bizi yıxmaq istəsəniz ortaya qarışıqlıq düşər və ermənilər hücum edib torpqlarımızı əlimizdən alarlar; Azərbaycanda demokratiya qursanız, milli adət-ənənə ayaqlar altına düşər və homoseksuallar ölkəni bürüyər; bizə Qərb dəyərləri lazım deyil, biz müsəlmanıq və s. Bu adamların deyə biləcəklərinin sərhədi yoxdur.

Məqsəd isə reallıqları gizlətməkdir. Reallıq isə budur ki, ölkə uzun müddətdir ki, xalqın seçmədiyi hakimiyyət tərəfindən idarə olunur; ölkə korrupsiya burulğanındadır; məmur-oliqarxlar Azərbaycan xalqının səfaləti üzərində milyardlar toplayıblar; haqqında geniş demaqogiya gedən Qarabağ torpaqlarının isə bir qarışı belə geri qaytarılmayıb; məscidlərə ən əcaib qadağalar məhz Azərbaycanda qoyulur; Avropa Şurasının tələbləri içində Azərbaycan hökumətinin qəbul etdiyi hüquqi islahat homoseksuallığın leqallaşdırılması olub, rədd etdiyi hüquqi islahat isə seçki komissiyası islahatları olub. Siyahını artırmaq da olar.

Niyə biz gözümüzün önündəkiləri görə-görə «vətən naminə» barışdırıcı ton tutmalıyıq?

TƏNQİD VƏ DİALOQ

Azərbaycanın müxalif yönümlü qəzetlərinin birində bir neçə ay öncə maraqlı material oxumuşdum. Qəzet səhifələrində Azərbaycan hökumətini bütün sadalanan naqisliklərdə suçlayan müəlliflərdən biri yazırdı ki, yeri gəlsə, həmin bu hökumətin əmrində Qarabağ uğrunda döyüşməyə hazırdır. Mustafa müəllimin şəkli canlandı gözümün önündə.

Azərbaycanın ana müxalifəti belə, ölkədə korrupsiya piramidasının olduğunu, ölkənin bütün siyasi rəhbərliyinin bu piramidaya başçılıq etdiyini idda edir və... deyir ki, həmin bu hökumətlə ümummilli məsələlərdə dialoqa hazırdır. Mən sadəcə həmin bu dialoqu təsəvvürümdə canlandırmaq istədim və yenə də Mustafa müəllimlə Davudun məşhur dialoqundan başqa bir şey gəlmədi ağlıma.

Naqislikləri tutmaq lazımdır, ifşa etmək lazımdır. Asan iş deyil bu. Gizlənməyə çalışacaqlar və bunu edərkən hər bir azərbaycanlının ən müqəddəs hesab etdiyi mənəvi dəyərlərin arxasına sığınmağa çalışacaqlar, Qarabağ məsələsindən tutmuş, Azərbaycanın təhlükəsizliyi və hətta islami dəyərlərə qədər. Azərbaycan bu gün onun adından danışıb hər cür əyri işlərdə adı keçən 5-10 nəfərlə eyniləşdirilməməlidir. Həmin adamlara qarşı çıxmaq da Azərbaycana yox, məhz həmin adamlara zərbə vurur.

NAXÇIVAN VASİF TALIBOVDUR, YOXSA HÜSEYN CAVİD?

Daha kiçik müstəvidə eyni məntiq regionçuluq söhbətinə də aiddir. İstəyirlər ki, naxçıvanlı deyəndə göz önünə 50-60 məlum tip adamlar gəlsin. Lakin naxçıvanlılar Vasiv Talıbov, yaxud Azərbaycanın müxtəlif rayonlarına cəza aparatı rəhbərləri qismində göndərilən bir ovuc Naxçıvanda anadan olmuşlarla eyniləşdirilə bilməzlər.

Naxçıvan böyük Hüseyn Caviddir, Əbülfəz Elçibəydir və ən nəhayət Rza Nuriyevdir. O Rza Nuriyev ki, ağsaqqal yaşında özündən güclü zülm aparatına qarşı illərlə döyüşdü, Bənənyar hadisələrinə görə şərlənərək həbs olundu, həbsdən buraxılandan bir ay sonra isə aldığı zədələrdən dünyasını dəyişdi və son mənzilə Azərbaycan bayrağına bürünmüş tabutda getdi.

Vətəni sevməkdə qəbahət yoxdur. Söhbət vətəni «vətənpərvərliyi» biznesə çevirmişlərdən xilas etməkdən gedir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG