Keçid linkləri

Təcili xəbərlər

Tələbə aclıq aksiyasına başlayacaq


Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric edilən tələbə Elmin Bədəlov aclıq aksiyası keçirmək niyyətindədir. Bu barədə AzadlıqRadiosuna tələbənin özü deyib.

Aprelin 5-də Nəsimi rayon məhkəməsi tələbənin iddiasını təmin etməyib.

Keçmiş tələbə ADNA və rektor Siyavuş Qarayevə qarşı iddia qaldırıb, universitetə yenidən bərpa edilməsini tələb edirdi.

E. Bədəlov AzadlıqRadiosuna bildirib ki, məhkəmə qərarına etiraz olaraq aclıq aksiyası keçirmək və apelyasiya şikayəti vermək niyyətindədir:

«Hesab edirəm ki, məhkəmə sifarişli idi. Halbuki sənədlər təqdim etmişdim, heç biri nəzərə alınmadı. Məndə hətta Təhsil nazirliyi ilə Neft akademiyasını üz-üzə qoyacaq sənədlər var».

Bir neçə gün əvvəl keçirilən prosesdə cavabdeh tərəf keçmiş tələbəyə sentyabr ayından Akademiyada 4-cü kursdan təhsilini davam etdirməyi təklif edib. Lakin iddiaçı təkliflə razılaşmayıb. Bədəlov təhsilini 4-cü kursun ikinci yarısından davam etdirmək istəyir.

E. Bədəlov bu ilin yanvarında Neft Akademiyasından xaric edilib. Tələbənin üç imtahan kəsirinə görə xaric olunduğu bildirilib.

Elmin Bədəlov isə bununla razılaşmır. O, akademiyadan xaric edilməsini buradakı rüşvət və digər qanunsuzluqlar barədə yazılar yazması ilə əlaqələndirir.
XS
SM
MD
LG