Keçid linkləri

Yarpaq tökümü və ya arzusu gözündə qalanlar...


Telman Adıgözəlov
Nəslimin yarpaq tökümü başlandı.
Çoxumuz qışa qalmayacağıq.
Dəliyə döndüm, Rəfili,
Ölüm xəbərini alanda...

Bu şeir Nazim Hikmətindir. Mikayıl Rəfilinin ölümünə yazıb. Rəsul Rza çevirib. Gənclikdə Nazimi əzbər bilərdim...

Mikayıl Rəfili tanınmış ədəbiyyarşünas alim idi, professor idi. Nazim Hikmətlə 1924-cü ildən dost idi. Bakıda, Moskvada unudulmaz günlər keçirmişdilər. Görün, böyük şair dostunu necə xatırlayır:

Moskvada—bizdə yeni il gecəsi,
Bəzəkli şam ağacının altında bir süfrə
Yekəcə bir oyuncaq kimi atılıb-düşürdün.
Gözlərin par-par parıldayırdı
Daz başın kimi,
Qarın da namxuda...

«DƏLİYƏ DÖNDÜM...»

Yox, mən Telmanı fərqli xatırlayıram.

Biz Telmanla eyni nəslin nümayəndəsiydik. Aşağı-yuxarı.

Düzdür, biz dost deyildik. Onunla uzaq 76-77-ci illərdə tanışmışdıq, dəfələrlə gənclik-tələbə verilişlərinə qatılmışdıq. O vaxt sizin tanıdığınız Telman hələ yox idi. O heç bir tamaşaya, filmə çəkilməmişdi. İnstitutu yenicə bitirmişdi. Verilişlərdə mehribanlığı, istiqanlılığı, ürəyiaçıqlığı ilə hamının içindən seçilirdi. Çox şən, danışan-gülən bir oğlandı. Oynadığı səhnəciklərə, danışdığı gülməcələrə uğunub keçərdik. Gözəl rəqs etməyi vardı. Həm milli, həm Avropa rəqslərini məharətlə oynayırdı. Od-alov idi. Bir yerdə dayanmırdı. Telman mənim yadımda beləcə qalıb. Onunla illər keçdikcə müxtəlif məkanlarda arabir rastlaşsam da, obrazdan-obraza yaşlandığını hiss etsəm də, bunu heç vaxt qəbul etməmişəm. Yaddaşımda, xəyalımda o elə 20-li yaşlardakı həmin nurlu, yaraşıqlı gənc timsalındadır. Qoy eləcə də qalsın...

ÖLÜM «GƏLİRƏM» DEMİR!

Yavaş-yavaş mesajlar göndərir. O mesajları—göndərgələri Kuelho demiş, biz hiss etmirik, ya da hiss etmək istəmirik, vecimizə almırıq, ya da almaq istəmirik. Hamlet Xanızadə getdi, Hamlet Qurbanov getdi, Şahmar Ələkbərov, Səməndər Rzayev, Mikayıl Mirzə, Vəfa Fətullayeva, Mübariz Həmidov, Əliabbas Qədirov, Lütfiyyə Səfərova. Bəlkə siyahını uzatmaq da olardı. Onlar Telmanın sənət dostlarıydı...

Ən son gedən Lütfiyyə xanımdı. Həkimsiz-dərmansız, yersiz-yiyəsiz, bir az da havalanmış Lütfiyyə xanım... Ölümünə bir az qalmış son nəfəsində onu xəstəxanaya apardılar. Müxbirin «Niyə həkimə gec gəldiniz?»-sualına nə desə yaxşıdır? Gedirdim, gedirdim, gedirdim...pulum yoxdu...Yəni getmək istəyirdim, amma...

Lütfiyyə xanım xəstəxanaya düşənə qədər hər şeyini satıb birtəhər dolanmışdı. Dostları danışırdılar ki, sonda evdə heç nə qalmamışdı...

200 MANATA NEÇƏ GÜN YAŞAMAQ OLAR?

İki gün öncə qatıldığım bir tədbirə sənət adamları toplanmışdı. Bölgə teatrlarının ağır durumundan danışırdılar. Ancaq söhbət başlayan kimi rayon teatrları unuduldu. Paytaxt teatrlarının, aktyorların, rejissorların zavallı durumda olduğundan söz açdılar. Xalq artistinin 200 manat aldığı bu məmləkətdə artıq sözə ehtiyac varmı? Hələ Telmanın bəxti gətirmişdi. Akademik teatrda çalışanların maaşlarına əlavələr olur. Adi teatrda isə, ən yaxçı halda, xalq artistisənsə 200 manata məhkumsan. Bu pula bir ailə neçə gün yaşaya bilər? Bəlkə, doğrudan da, «artist ac olmalıdır» deyənlər haqlıdırlar? Onu istədiyin formaya salmaq, ələbaxımlığa alışdırmaq olur?! Təqaüd verirsən, birdən kəsirsən, olur ələbaxım...şəxsiyyətsiz...

HƏSƏN MƏMMƏDOVUN ƏN BÖYÜK ARZUSU

Həmin tədbirdə rejissor Vaqif Əsədov bir əhvalat danışdı. Görkəmli aktyor Həsən Məmmədovun bir arzusu varmış. Daha doğrusu, onun ən böyük arzusu özünə ev tikməkmiş! (Yazıq Azərbaycanım). Elə olur ki, Heydər Əliyev bundan xəbər tutur. Vaqif müəllimn dediyinə görə, ona «Avropa» otelinin yanında 6 sot torpaq sahəsi verir! Nə olsun ki, o yerdə torpaq qızıl qiymətinədir. Həsən Məmmədov o maaşla, kinoya çəkilmədən orda necə ev tikdirə bilərdi? Odur ki, deyilənə görə, ünlü aktyorun həyatının son illəri qum-sement-daş axtarışları ilə o nazirin, bu nazirin qəbulunda keçib. Amma arzularının evində yaşamaq Həsən Məmmədova qismət olmayıb. Vaqif müəllim söylədi ki, rəhmətliyin ilini o evdə verdilər...

ƏGƏR...

Vaqif müəllim onu da dedi ki, əgər Həsən Məmmədov oynadığı bircə obrazı Hollivudda yaratsaydı, nəinki özünə, hətta bizlərə də ev tikdirərdi...

ODUR Kİ...


Telman Adıgözəlovun niyə öldüyünün, nədən öldüyünün üstündə baş sındırmayın. Onun kardioqramması, oğlunun dediyi kimi, onsuz da, təmiz çıxacaq. Ən yaxşısı, cəmiyyətin, dövlətin kardioqrammasını çıxarmağa çalışın. Bahalı maşınların dolaşdığı, lüks imarətlərin gündən-günə artdığı, işsizliyin yıxıb-sürüdüyü, söz azadlığının boğulduğu, harınlanmış, korrupsiyalaşmış bir cəmiyyəti göz önünə gətirin. Və Telmanın—hamının sevimlisi olan xalq artistinin sovetlərdən qalma eyvanını xatırlayın. Onun qazancını yadınıza salın. Hər gün ölkə TV-lərindən boylanan--yaltaqlanan və yaltaqlanmaq üçün girəvə axtaran maskalılara baxın.

O zaman sevimli aktyorunuzun niyə öldüyünün cavabını tapacaqsınız.

BİR DƏ...

Onun son müsahibəsindəki ilk sözünü unutmayın: «Arzusu gözündə qalan insanı oynamaq istəyirəm»-- demişdi Telman.
Özünü oynamaq istəyirmiş...

P.S. Nazim Hikmətin Mikayıl Rəfiliyə şeirində belə misralar da var:

Yadındamı, Mikayıl!
Amma hanı, yaddaşın yox,
Əlin, ayağın, gözün, qaşın yox.
Qardaşım, bir sümük yığınısan
Bakıda,
Bir məzarlıqda...
Və bir təsəlli. Nə yaxşı ki, Telman Fatmayıda, doğma insanlar arasında dəfn olundu...

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG