Keçid linkləri

Təcili xəbərlər

Bizim və sizin həqiqət


Azərbaycanda bir böhran yaşanır. Vəziyyət rəsmi dairələrin vədlərinə və bəyanatlarına adekvat deyil. Bunu əsl xarici siyasət və diplomatiya böhranı kimi səciyyələndirmək mümkündür. Çox maraqlıdır ki, diplomatiya və xarici siyasətlə bağlı təbliğat çarxları son vaxtlara qədər hakimiyyətin əlində olan əsas vasitələr idi. İndi isə diplomatik ritorika da dəyişib. Bir tərəfdən «ölkəyə təzyiq edənlərə qarşı cavab tədbirləri» axtarılır, o biri tərəfdən də korlanmış münasibətləri qaydaya salmaq üçün bütün mümkün və qeyri- mümkün vasitələrdən istifadə edilir. Münasibətlər isə sözün əsl mənasında korlanıb. Zorakı diplomatik ritorika, beynəlxalq ictimaiyyət və institutlarla hesablaşmamaq siyasəti, dünyanın aparıcı demokratik dövlətlərinə qarşı hədələrlə dolu bəyanatlar – bunlar bir gün öz nəticəsini verməli idi. Artıq nəticə göz önündədir. Aparıcı dövlətlərdən Azərbaycanın tək bir dövlətlə – Rusiya ilə ortabab münasibətləri var. Qalan bütün dövlətlərlə problemlər yaşanır. Xüsusən də ABŞ-ın sükutu və etinasızlığı rəsmi dairələrin ovqatını hər şeydən çox korlayır. Bəs niyə belə oldu? Niyə görə «uğurlu və balanslı» xarici siyasət birdən - birə iflasa uğradı?
2003-cü ildə ABŞ və Qərb dövlətləri İlham Əliyevə avansla etimad verdilər. Amma indi məlum olur ki, həmin dövlətlərin institutları İlham Əliyevi yetərincə öyrənməmişdilər

ETİBAR VƏ ETİMAD LİMİTİ TÜKƏNİBMİ?

2003-cü ildə ABŞ və Qərb dövlətləri İlham Əliyevə avansla etimad verdilər. Səbəb çox sadə idi. Onlar güman edirdilər ki, gənc prezidenti ölkədə əsl islahatlar apamağa, ölkəni demokratikləşdirməyə vadar edə biləcəklər. Amma indi məlum olur ki, həmin dövlətlərin institutları İlham Əliyevi yetərincə öyrənməmişdilər. Gənc siyasətçi tez bir zamanda nəinki islahat və dialoq tərəfdarı olmadığını, hətta daha sərt avtoritar rejim tərəfdarı olduğunu sübut etdi. Neft gəlirlərinin ölkə üçün yaratdığı maliyyə müstəqilliyi siyasi hakimiyyətin reallıq hissini itirməsinə səbəb oldu. Daha çox despotik Şərq rejimlərinə meyl edən İlham Əliyev atasının apardığı ehtiyatlı avtoritar siyasətdən də imtina etdi. Dünyada hətta diktatorlar üçün müəyyən çərçivələr olur, hətta diktatorlar öz siyasətlərini bu çərçivlərlərlə məhdudlaşdırmağa çalışırlar. Heydər Əliyev bunu dərk edir və ölkə nə qədər avtoritar rejimli olsa da, formal demokrtik institutların mövcudluğuna dözürdü. Təbii ki, bu da süni siyasət idi. Amma hansısa siyasi oyun qaydaları gözlənilirdi. İlham Əliyev isə bundan imtina etdi. Beləcə, Azərbaycanın hətta «beynəlxalq demokratik institutlar olmadan» yaşaya bilməsinə əmin olan İlham Əliyev xarici siyasətdə böhranın təməlini qoydu. İndi o bütün vasitələrlə bunu aradan qaldırmağa çalışır. ABŞ-a, Türkiyəyə elçilər yollanır, münasibətləri bərpa etməyə çalışırlar. Ən çox müraciət edilən də Türkiyədir. Bir tərəfdən Türkiyədən Ermənistanla münasibətlərin həll olunmaması umulur, o biri tərəfdən də bu dövlətin vasitəsilə ABŞ-la əlaqələri bərpa etməyə cəhd edilir. Çox maraqlıdır ki, Türkiyənin özü ilə də son dövrlərdə münasibətlər korlanmışdı. Türk dili ölkədə əcnəbi dil elan olunub, telekanallardan türk serialları çıxarıllıb, türk şəhidliyində bayraq endirilib, qazla bağlı üzücü müzakirələrə başlanılıb. İndi tələsik şəkildə bu münasibətləri yoluna qoymağa cəhd edilir, xüsusən də qazın qiyməti ilə bağlı danışıqlarda artıq razılaşma da əldə olunub.

HƏR ŞEY ÖZ DAİRƏSİNƏ QAYIDIR

Bundan sonra nə baş verəcəyindən asılı olmayaraq, əsas odur ki, ABŞ-ın və Türkiyənin siyasi və media dairələrində Azərbaycana münasibətdə sükut buzu əriyib. ABŞ-ın və Türkiyənin qəzetlərində Azərbaycan hakimiyyəti ilə bağıl yazılan yazılar sanki ölkənin müxalifət qəzetlərində yazılan yazılarla səsləşir. Artıq «bizim və sizin həqiqət» yoxdur, bir həqiqət var. Getdikcə daha çox adama aydın olur ki, cəmiyyətin bu hakimiyyətə qarşı münasibəti hansısa qərəzdən və yaxud populist siyasətdən törəmir, əsl həqiqəti əks etdirir. Gələcəkdə nə baş verəcəyindən asılı olmayaraq, artıq bu da böyük müsbət dönüşdür.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG