Keçid linkləri

Təcili xəbərlər

Böhranın estetikası


Hüseynbala Səlimov
Hüseynbala Səlimov
Çağdaş Azərbaycanda iki problem var ki, onlardan yazmaq ən azı formal baxımdan çox asandır. Biri «dəyərlər», digəri isə «böhran» mövzusudur. İndi hara baxırsan elə hey eyni sözləri eşidirsən: «dəyərlər itib», «milli dəyərlər yoxdur», «yeni dəyərlər yaranmayıb».

Vaxt vardı heç kim bu haqda ciddi düşünmür və danışmırdı. Elə İndi də dəqiq sosioloji və aksioloji araşdırmalar olmadan, sadəcə danışmaq xatirinə danışırlar. Həqiqət isə budur ki, insanlar iyirmi il bundan əvvəlkindən fərqli situasiyada yaşayır, hətta ictimai – siyasi formasiyanı dəyişiblər. Elə bu səbəbdən ola bilməz ki, cəmiyyət dəyərlərsiz, onların özünəməxsus iyerarxiyası olmadan yaşasın. Sözsüz ki, yeni dəyərlər var. Ola bilsin, onlar cəmiyyətin bir hissəsinin, xüsusən də aparıcı və təəssübkeş hissəsinin zövqünü oxşamır, onlara xoş gəlmir, daha çox özündə eqoizm və xudbinlik ifadə edir. Bu, mümkündür, amma bütün bunlar dəyərlərin yoxluğuna dəlalət etmir.

Eyni sözləri böhran haqqında da demək mümkündür. Böhran kəlməsi xüsusən müxalif düşüncəli insanların dilində ən işlək kəlmədir. Amma burada da dəqiqləşmə aparılmır. Böhran harada müşahidə olunur? Hansı sferaları əhatə edir?

BÖYÜK BÖHRAN ARTIQ BAŞA ÇATIB?


Cəmiyyət çoxyaruslu fenomendir. Bunun siyasət, iqtisadiyyat, mədəniyyət və mənəviyyat kimi kəsimləri var. Elə bu səbəbdən böhrandan danışanda dəqiqləşdirmək lazımdır ki, söhbət hansı kəsimdən gedir. Diqqət edilsə, görmək olar ki, böyük bir siyasi və iqtisadi böhran cəmi on il bundan əvvəl adlanıb keçilib. Etiraf etmək lazımdır ki, indi ciddi iqtisadi və siyasi böhrandan danışmaq bir qədər yersizdir. Bəli, iqtisadiyyatda inhisarçılıq, nomenklatura kapitalizmi kimi ciddi nüanslar var. Eləcə də siyasətdə «hamının prezidenti» olacağı haqda and içən, ancaq daha çox kiçik oliqarx qrupun prezidenti olan İlham Əliyevin gətirdiyi problemlər, hələ əvvəlki dövrlərdə bünövrəsi qoyulan təkpartiyalı, avtoritar siyasi sistem kimi neqativ cəhətlər var. Amma bunlar dərin və ciddi böhrana dəlalət etmir. Dərin böhran haqda o vaxt danışmaq mümkündür ki, çoxkomponentli situasiya yaransın, ziddiyyətli, hətta ixtilaflı vəziyyət mövcud olsun, ən başlıcası isə cəmiyyət bunun fərqində olsun, onu hiss etsin. Əgər insanlar etinasız olaraq dolaşırlarsa, öz həyatlarında dərin sosial – psixoloji diskomfort hiss etmirlərsə, bu, hələ böhran deyil.

Böhran həm də yaradıcı situasiyadır. O, hansısa yeniliyin ərəfəsi deməkdir, sanki böhran vaxtı cəmiyyət özünün libasını dəyişməyə hazırlaşır. Bunsuz böhran yoxdur.

BƏS ZİDDİYYƏT NƏDƏDİR?

Ziddiyyət zahirəndir. Əslində isə ziddiyyət yoxdur. Əvvəldə qeyd edildi ki, böhran müxalif düşüncəli insanların dilində ən işlək kəlmədir. Bəs bu nə olsun? Məsələ bundadır ki, müxalifət özü böyük böhran yaşayır. Bunun bütün əlamətləri var və istisna deyil ki, ilk yenlik məhz müxalifətin öz cərgəsində yaranacaq. Təsadüfi deyil ki, gənclik müxalifətin sıralarını artırmağa tələsmir, siyasətə münasibətdə ortaya fərqli baxış qoymağa çalışır. Amma siyasət bir sistem olduğundan bu səylər güclü təkan ala bilmir.

Etiraf etmək lazımdır ki, siyasi proseslərdə həlledici amilə çevrilən «böyük əksəriyyət» indiki korrupsioner rejimlə ciddi sosial- psixoloji ixtilaf olmadan yaşayır. Demokratiya hələ ki, azlığın dəyəridir. Hələ ki, avtoritar rejim böyük əksəriyyət üçün məqbul, hətta xoşagələndir. Mövcud avtoritar rejimlə cəmiyyətin böyük kəsimi arasında ciddi ixtilaf yaransaydı, heç kim bu prosesin inkişafının qarşısını ala bilməzdi və müxalifət də qeyri-adi dərəcədə güclənərdi.
İndi isə vəziyyət belədir ki, cəmiyyətin az bir hissəsi siyasi və mənəvi böhran yaşayır. Onları siyasi rejim və mənəvi-mədəni atmosfer qane etmir.

Elə problemin açarı da buradadır. Əgər indi azlıq təşkil edən bu hissə özünü çoxluğa çevirə bilsə, onda böhran özünün yaradıcı mərhələsinə qədəm qoyacaq. Böhranın estetikası da elə budur – o, yeni yaranışın ərəfəsidir...

Ən son yazılan

XS
SM
MD
LG