Keçid linkləri

Təcili xəbərlər

Görüş yerini dəyişmək olmaz!!!


Mehmet Ali Birand
Əvvəlcə təəccübləndim, sonra heyrətləndim, axırda hirsləndim.
İndi də növbə türk jurnalistlərinindir?!
Axı, nə demişdi, nə söyləmişdi Birand?
Yazısını bir də oxudum, heç bir yanlışlıq görmədim.
Hamının bildiyi, illərcə gördüyü Türkiyə-Azərbaycan münasibətlərini öz baxış bucağından keçirmişdi.

«Hər şey heç də liderlər arasındakı ilişkilərdən ibarət deyil, xalqlar arasında sevgi və sayğını qırsanız, onu təzədən birləşdirə bilməzsiniz» - deyir və doğru söyləyir.

«Bu ilişkilərin qırılması Türkiyəni çox üzər. Amma Azərbaycan çox şey itirər» –deyir və doğru söyləyir.

«Azərbaycan Türkiyə ilə ilişkilərinə bundan sonra daha diqqətli baxmalıdır» - deyir və doğru söyləyir.

DÜNƏNKİ UŞAQ...

Ötən ay Azərbaycanın bir özəl televiziya kanalında, canlı yayımda birbaşa Biranda ünvanlanan sözləri heyrətlə dinlədim. Gənc bir aparıcı onu daha nədə suçlamadı? Hətta Azərbaycanda yaşayan türklərin də onunla həmfikir olduğunu iddia etdi! Guya ilk suçlamadan sonra onu hər yerdə bəh-bəhlə qarşılayırmışlar...

Halbuki Birandın təcrübəsi o aparıcının yaşından xeyli çox idi.
Heç başqa keyfiyyətlərini demirəm.

DOLANDIRICI?


Sonra yenə ölkəniz özəl kanallarından birinin xəbər proqramında, bir xanım jurnalist onu bir xeyli yamanlayandan sonra “dolandırıcı” adlandırdı!
Bizə 90-cı illərdən tanış olan üslubda - qaralama, çevrələmə əməliyyatı edərək, dil-boğaza qoymadan danışırdı. Elə bil əlinə hazır mətn vermişdilər ki, oxu!
Ya özü yazsaydı, nə dəyişəcəkdi ki? 90-cı illərin söyüş cızmaqarası nə zamandan jurnalistika sayılıb?
Təkcə bunlar olsaydı, dərd yarıydı. Qaralama əməliyyatı davam edirdi...

SİZ KİMDƏN BƏHS ETDİYİNİZİ BİLİRSİNİZMİ?

Siz Mehmet Ali Birandın kim olduğunu, nələr yapdığını doğru-dürüst anlayırsınızmı?

KİMDİR MEHMET ALİ BİRAND?


1941-ci il 9 dekabr İstanbul doğumludur. Məşhur Qalatasaray lisesində oxuyub. 1964-cü ildə «Milliyet» qəzetində işə başlayıb. «Sabah»da köşə yazarlığı edib. TRT və «Show TV»-də «32 gün» proqramını yaradıb. «Show TV»-də ana xəbər bülletenini aparıb. «CNN-Türk»ün yönəticilərindən biridir. «CNN-Türk»də gündəlik «Manşet» xəbər bülleteninin, üstəlik, «Kanal D»də «32 gün» və ana xəbər bülleteninin aparıcısıdır.
İngiliscə, fransızca bilir. Tanınmış köşə yazarıdır. Kitablar müəllifidir.
Əgər uzun illər öncə peşə həyatında yapdığı səhvə görə cəza alıbsa, onu təzədən suçlamaq, qurdalayıb üzə çıxarmaq, bir ölkə kimi bizə şərəf gətirərmi?

O SİZİN ÜÇÜN KİMDİR?


Bu da A.Qrossdurmu ki, hər gəlişini qarğışlayasınız...
Ya bəlkə A. Herkeldir? Açıqlamalarını dışlayasınız...
Ya bəlkə «Washington Post»dur? Böhtançılıqda suçlayasınız...

O, DÜNYA SƏVİYYƏLİ JURNALİSTDİR!


Onun milliyyəti yoxdur.
O, dünya vətəndaşıdır.
O, «millətçiliyin qaranlıq koridorlarında qeyb olanlardan» deyil.
Onun üçün iqtidar-müxalifət yoxdur.
O, iqtidara yaltaqlanıb bir parça çörək ummur.
Zatən buna ehtiyacı yoxdur. Bir kanaldan digərinə keçməsi milyonlarla ölçülür.
O, birbaşa ölkə iqtidarına üz tutub köşə yazıları yazır.
100 min erməninin dışlanmasıyla bağlı baş nazir açıqlaması yadınızdadırmı?
Həmən: «Sayın baş bakanım, sözünüzü geri götürün» - söylədi.
«Bu, sizə yaraşmaz» - dedi.
Hər kəs Türkiyəni soyqırımçı kimi damğalamağa hazırkən, Baş Bakanın qalxıb ölkədə yaşayan 100 min ermənini sınırdışı etmək istəməsini anlamadığını söylədi.

QOY CANAVAR OLMADIĞIMIZI GÖRSÜNLƏR!

100 min adamın polis gücüylə zorla ölkədən çıxarılmasına «Türklər yenə erməniləri sürgün edir» - damğası vuracaqlar.
«Tam əksinə, qapıları açalım, qoy bizim canavar olmadığımızı görsünlər» - dedi.
Yəni o, belə düşünür, belə yazır.
O, Mehmet Ali Biranddır. O, şəxsiyyətdir. O, fərqlidir.
Sən onun düşündüklərini bəyənməyə bilərsən.
Amma qaralaya bilməzsən...
Amandır, 90-cı illərdən bəri öz vətəndaşlarını saldığın qara dairəyə onu da salma!

YETƏR!

Özü demiş, «alınqanlığın da bir sınırı var» (dəymədüşərliyin də həddi var).
Özü demiş, «yandaş medialar»ını onun üstünə saldırmaqdan əl çək!
Özü demiş, «Camdan (şüşədən) yapılmış köşklərdə oturanların başqalarını daşlamaları ən böyük xətalardan biridir».

UNUTMA!

O daşlardan biri əvvəl-axır geri qayıdıb sənin şüşə sarayına dəyə bilər...
Zatən bütün ölkə, doğrudan da, neftlə yoğrulmuş şüşə saraylardan yapılıb.
Arxasına qara plyonkalar yapışdırılsa belə, şüşə-şüşədir...

ODUR Kİ...


Hər axşam Mehmet Ali Birandın «Yarın heç kəsə randevu (görüş) verməyin, yenə birlikdə olalım» - sözünə əməl edin.
Görüş yerini dəyişməyin.

O məşhur sovet filmini xatırlayın:

«Görüş yerini dəyişmək olmaz!»

Ən son yazılan

XS
SM
MD
LG