Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın qaz dövrü


«Sahdəniz» layihəsi iştirakçıları son günlər daha məmnundurlar
«Sahdəniz» layihəsi iştirakçıları son günlər daha məmnundurlar
Mayın 10-u Türkiyənin dövlət boru şirkətinin ekspertləri Bakıya gəlir. Səfərin məqsədi Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri ilə birgə 26 aprel 2010-cu ildə Ankarada əldə edilən ikitərəfli qaz anlaşmasının paket sazişi formasında imzalamaq üçün hazırlamaqdır. Çox güman ki, mayın 14-dək baxılan bütün məsələlər həllini tapacaq və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mayın 16-da Bakıya planlaşdırılan səfəri zamanı təntənəli sürətdə imzalanacaq.

«KAÇ PARA?»

Bu gün çoxlarını bir məsələ maraqlandırır: görəsən Azərbaycan öz qazını Türkiyəyə neçədən satacaq? Onun qiyməti Rusiyaya satılan qazın qiymətindən baha olacaqmı? Bu suallar müxtəlif auditoriyalarda müxtəlif səviyyələrdə o qədər verilir ki, sanki bundan Azərbaycanın gələcək taleyi asılıdır (ancaq neftlə bağlı məsələlərdə onun şahidi olduq ki, «qara qızıl»ın dünya bazarında barelinin $140 və ya $50 olmasının Azərbaycan vətəndaşının həyatında elə bir rolu yoxdur, böyük əksəriyyət elə «get naxıra, gəl axura» prinsipi ilə yaşamağa məhkum edilib).

SOCAR-ın investisiyalar İdarəsinin rəisi Vaqif Əliyev artıq bəyan edib ki, tərəflər qiymət məsələsini kommersiya sirri kimi imzalanmış protokola daxil ediblər, ona görə də qazın qiyməti ilə bağlı məsələlər ictimaiyyət üçün açıqlanmayacaq və Türkiyə mətbuatında bununla əlaqədar günaşırı peyda olan məlumatlar sadəcə jurnalistlərin uydurmasında başqa bir şey deyildir.

Ancaq qiymət məsələsində mənim diqqətimi başqa amil çəkdi. Bundan öncə Azərbaycan hökumətindəki mənbə «Turan» agentliyinə qazla bağlı qiymətə toxunarkən bildirmişdi ki, «hansısa rəqəmin bizim üçün prinsipial əhəmiyyəti yoxdur, vacibi paket məsələləri üzrə Azərbaycanı qane edəcək razılığın əldə edilməsidir».

Rövnəq Abdullayev Azərbaycan qazının Türkiyəyə hansı qiymətlərlə satılacağı məsələsini şərh edərkən bildirib ki, çoxları bu zaman Qərbi Avropadakı qiymətləri qabardırlar
Bunun sadə dildə izahı isə budur ki, Azərbaycan öz qazını Türkiyəyə tutaq ki, $300 əvəzinə $250-yə də sata bilər, əvəzində tranzit şərtlərində müvafiq üstünlüklər qazanarsa. Və yaxud, tutaq ki, Türkiyə hökuməti SOCAR-a öz daxili bazarında ildə 2 milyard kubmetr qazın satılmasına icazə verir (PETKİM kimya holdinqinin ehtiyaclarının ödənməsi üçün). Bu isə o deməkdir ki, SOCAR ildə $200 milyondan az olmayaraq təkcə yanacaqda qənaət etmək və PETKİM-in məhsullarının yerli bazarda rəqabətə davamlığı nəticəsində bundan iki dəfə çox gəlir əldə etmək imkanı qazanır. Yəni, burada qarşılıqlı dolayı mənfəətin gündəmə gəlməsi var.

Bundan başqa, SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycan qazının Türkiyəyə hansı qiymətlərlə satılacağı məsələsini şərh edərkən bildirib ki, çoxları bu zaman Qərbi Avropadakı qiymətləri qabardırlar. Əvvəla, Türkiyədən Qərbi Avropaya 3000 km. məsafə var, sonrası bu bazarda bir-birindən fərqlənən qiymətlər mövcuddur (hətta boru ilə nəql edilən qazlar belə fərqlidir, məsələn, Rusiya qazı üçün). «Bizim məqsədimiz Türkiyə bazarına çıxarılan müxtəlif mavi yanacaqlar arasında rəqabətə davamlı qiymət təklif etməkdir, çünki yalnız bu halda bu bazarı uzunmüddətli dövr üçün özümüzə bağlaya bilərik», - deyə SOCAR prezidenti bildirib.

Məncə, çox tutarlı bir cavabdır. Ona görə ki, bu gün Türkiyə bazarına 5 ölkədən qaz daxil olur: Rusiya, Azərbaycan, İran, Misir və Əlcəzair. Türkiyə son illər maye qazın idxalı üçün bir-neçə terminallar inşa edib və etməkdədir. Bunun nəticəsində yerli bazarda qaz ticarətində rəqabət getdikcə artmaqdadır. Hətta Rusiyanın boru xətləri ilə (Bolqarıstan üzərindən və «Mavi axın») Türkiyəyə satdığı qazın qiymətində də nəzərə çarpacaq fərq əmələ gəlib. Buna görə də Türkiyə getdikcə «Mavi axın»la nəql edilən azın həcmini artırır. Təbii ki, belə bir şəraitdə Azərbaycan tərəfi paket variant təklif etməklə kommersiya nöqteyi-nəzərindən rəqiblərini üstələmək şansı qazanır.

SONRA NƏLƏR GÖZLƏNİLİR?

Azərbaycanla Türkiyə arasında qaz məsələlərinin paket həllinin (qazın rüblük qiymətinin təyin edilməsi ilə bağlı formula, «Şahdəniz» yatağının «Mərhələ-2» layihəsi çərçivəsində Türkiyənin daxili tələbat üçün alacağı qazın həcmi, Azərbaycan tərəfi üçün Türkiyənin daxili bazarında müəyyən həcmdə qazın satılmasına icazə verilməsi və Azərbaycan qazının Türkiyə ərazisindən istənilən istiqamətdə daşınması üçün tranzit şərtlərinin müəyyən edilməsi) nəhayət ki, həllini tapması ümumiyyətlə, praktikada «Cənub dəhlizi» (Nabucco, Transadriatik qaz kəməri (Yunanıstan-Albaniya-İtaliya) və Türkiyə-Yunanıstan-İtaliya (TGİ) qaz kəməri) layihələrinin aktuallaşması deməkdir. Belə ki, bu layihələrdən hər birinin həyata vəsiqə qazanması üçün onlarla daşına biləcək qaz həcmlərinin olması vacibdir. Hal-hazırda isə tale elə gətirib ki, ötən ildən yaxın perspektivdə bölgədən (Yaxın Şərq və Xəzər hövzəsi) Avropa bazarlarına Azərbaycandan başqa (təbii ki, Rusiya istisna olmaqla) real çıxarılma ehtimalı olan ikinci bir qaz ölkəsi mövcud deyil (İraq qazının hasil edilməsi və boru ilə daşınması təhlükəsizlik məsələləri baxımından real görünmür, İran nüvə enerjisini gündəmə gətirməklə ənənəvi enerjisinin ixracı layihəsinin üstündən xətt çəkdi, Türkmənistan isə Qərbin sonradan onun daxili işlərinə qarışmasından ehtiyat edərək Avropaya qaz vermək fikrindən faktiki vaz keçdiyini nümayiş etdirir).

Ona görə də Azərbaycan qazı uğrunda əməlli-başlı mübarizəyə start verilir desəm, heç də yanılmaram. Çünki bu təkcə kommersiya alış-verişi ilə səciyyələnən məsələ deyil. Avropa İttifaqının Azərbaycanla Türkiyə arasındakı qaz anlaşmasına dəstək verən bəyanatı bunun göstəricisidir.

Bəs qazsız Azərbaycan vətəndaşlarının qazı nə vaxt olacaq?
«Sahdəniz» layihəsi iştirakçıları isə son günlər daha məmnundurlar. Ona görə ki, nəhayət «Mərhələ-2» layihəsinə başlaya bilərlər. Bu layihə isə yataqdan ümumilikdə hasil ediləcək qaz həcmlərinin ildə 25 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur ki, bunun da 16 milyard kubmetri «Mərhələ-2»-nin payına duşməlidir. Təbii ki, çıxarılan qazın stabil satışı həm layihəyə yönəldiləcək $20 milyard vəsaitin çıxarılması, həm də mənfəətin əldə edilməsi deməkdir. Mənim özümün hesablamalarıma görə, «Mərhələ-2» üzrə ümumi daxilolmalar 20 ildə $90 milyarddan çox olmalıdır ki, bu da layihənin rentabelliyi üçün çox yaxşı bir göstəricidir. Bu halda Azərbaycan tərəfinin xalis mənfəəti 2017-2037-ci illər üçün $55 milyarda qədər təşkil edə bilər. Nəzərə alsaq ki, 2020-ci ildən başlayaraq Azərbaycan tərəfinin neft sazişlərindən əldə etdiyi gəlir kifayət qədər azalacaq, onda «Mərhələ-2»-nin reallaşması Neft Fondunun gəlirlərinin stabilləşməsi üçün zamanında olan bir tapıntıdır.

ŞİRKƏTLƏR QAZ ALMAQ ÜÇÜN NÖVBƏYƏ DÜZÜLÜR

Azərbaycan tərəfi yazın zamanlarda qazın alqı-satqısına dair potensial alıcılarla danışıqlara başlamağı planlaşdırır. SOCAR-dakı mənbələrin verdiyi məlumata görə, artıq xarici şirkətlərin siyahısı da tutulub. Hazırlanmış «short-list»də mayın əvvəlinə nə az, nə çox – düz 12 şirkət daxil edilib. Onların sırasında hətta bir ölkəni təmsil edən 2 şirkətin də adə var: İtaliyanın «Eni» və «Edisson» şirkətləri. Ümumiyyətlə isə, burada Rusiya, İran, Türkiyə, İordaniya, Suriya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya kimi ölkələr təmsil olunub. Ola bilsin ki, yaxın vaxtlarda bu ölkələrin siyahısı bir qədər də genişlənsin. Bu baxımdan, üzümüzə gələn yay danışıqlarda Azərbaycanı təmsil edəcək SOCAR üçün çox gərgin və qızmar iş rejimi olacağına dəlalət edir, çünki qarşıda hər QAZ DOLLARı uğrunda əsaslandırılmış kommersiya mübarizəsi zamanıdır. Bunun nəticələrindən asılı olaraq SOCAR-ın neft şirkəti imicini genişləndirərək qaz sektorunda da özünü təsdiqləməsi durur. Nəticəni isə, məncə, çox gözləmək lazım gəlməyəcək.

P.S.

«O olmasın, bu olsun» filmində öz dövrünün sözükeçən kişilərinə pul paylayan Məşədi İbad hamballa üz-üzə gəlir, hansı ki, «Məşədi, bəs mənim bir abbasım nə oldu» deyə öz haqqını yalvarış şəklində ortalığa qoyur. İndi, həmin məsələ olmasın, bəs qazsız Azərbaycan vətəndaşlarının qazı nə vaxt olacaq deyə hökumətdən soruruq! Axı, ona-buna qaz satmağa boyun olan Azərbaycanın əhalisinin ən azı 40%-nin hələ də qazı yoxdur? Özü də nəinki bölgələrdə, o cümlədən paytaxtda!
XS
SM
MD
LG