Keçid linkləri

Təcili xəbərlər

Diktatura sözlüyü


Hüseynbala Səlimov
Hüseynbala Səlimov
Sorğular göstərir ki, rusiyalı gənclər artıq Lenini, Stalini tanımırlar. Brejnev və Çernenkodan isə danışmağa dəyməz. Bu çox ciddi nəticədir. Güman ki, elə bir ölkə tapılmaz ki, orada keçmiş SSRİ-də olduğu kimi liderləri, rəhbər insanları fetişləşdirməyə çalışsınlar. Nə az, nə çox – düz yetmiş il! Bir kəsin ömrüdür bu qədər vaxt... Azərbaycan da artıq on yeddi ildir ki, bu yoldadır, addım – addım keçmiş təcrübəni təkrarlayır. Ən maraqlısı diktatura vaxtı insanlara yapışdırılan epitetlərdir: «proletariatın dahi rəhbəri», «dünya miqyaslı siyasətçi», «ümummilli lider», «ulu öndər»! Demək olar ki, eyni epitetlərdir. Elə buna görə də bir cərgədə yazdıq. Çox maraqlıdır ki, bu vaxta qədər heç kimin ağlına diktatura sözlüyü yaratmaq ideyası gəlməyib.
İlham Əliyev ovqatını korlaya biləcək təbirlərə gəlmir, ağır xəbərləri eşitmək istəmir, yaddaşlarda daim əlində qayçı yeni müəsisələr, iş yerləri açan siyasi lider kimi qalmaq istəyir

Amma maraqlı təşəbbüs olardı bu. Diktaturada liderlərin davranış tərzi, psixologiyası eyni olur. Diqqət edəndə görürsən ki, danışıq tərzi də eynidir.

ONLAR NECƏ DANIŞIRLAR?

Y. Andropovla bağlı xatirələrdə deyilir ki, o, DTK-nın sədri işlədiyi vaxtlarda L. Brejnev ona tapşırıbmış ki, əhvalını pozan xəbərlri ona çatdırmasın. Çox maraqlıdır. İndi İlham Əliyevin keçirdiyi müşavirələrə tamaşa edəndə, danışdığı sözlərə fikir verəndə oxşar mənzərəni görmək mümkündür. O da ovqatını korlaya biləcək təbirlərə gəlmir, ağır xəbərləri eşitmək istəmir, yaddaşlarda daim əlində qayçı yeni müəsisələr, iş yerləri açan siyasi lider kimi qalmaq istəyir. Elə müşavirələr də bu tonda keçirilir. Rayonları su basan zaman keçirdiyi müşavirə lap maraqlı oldu. Daşqının ilk günü idi, hökumət hələ heç bir tədbir görməmişdi. O isə «görülmüş işləri» yüksək qiymətləndirdi. İkinci müşavirə də birincidən az maraqlı olmadı. Bu dəfə prezident su basan evləri «qanunsuz tikililər» adlandırdı. Maraqlıdır. Görən, nə vaxtdan Sabirabadın, Şirvanın on illərlə mövcud olan kəndləri və bu kəndlərdəki tikililər «qanunsuz» olub?.. Ümumiyyətlə, «qanunsuz tikililər» ifadəsi son vaxtlar hökumətin ən çox sevdiyi kəlmədir. Bununla sanki əhalini «borclu» çıxarmağa çalışırlar, yəni hökumətdən heç nə gözləməyin!

O, rayonlara səfər etmədi. Əvəzində isə Moskvaya 9 Mayı bayram etməyə yollandı. Daha sonra isə Bakıda 10 maya – Heydər Əliyevin doğum gününə və gül bayramına qatıldı. Beləcə, ovqatını korlamadı, özünü elə apardı ki, sanki heç bir problem yoxdur, o, heç nə bilmir və heç nə eşitməyib.

Onsuz da danışanda da bir neçə cümləlik mətni təkrarlayır. Danışmağa heç auditoriya da yoxdur. Prezidentliyinin ilk günlərində rayonlara səfər edəndə camaatla görüşürdü. Camaat ona problemlərindən danışır, məktublar ötürürdü. Tezliklə buna son qoydular. Görünür, insanlar öz problemləri ilə gənc prezidentin ovqatını təlx edirmiş.

BƏLKƏ, ONLAR HAQLIDIR?

Doğrudan da, bəlkə, onlar, elə o cümlədən də İlham Əliyev haqlıdır? Bəlkə, elə doğrudan da sadə insanların vəzifəsi əl çalmaqdır? Bitib - tükənməyən problemlərin içində, bəlkə, öz ovqatını qorumaq elə ən düzgün addımdır? Axı problemlər onsuz da qurtarmaq bilmir! Bəlkə də... Bir məsələdə onsuz əminlik var. Onlar özlərinə təlqin edirlər ki, nə qədər ki, bu dünya var problemlər də olacaq, bəd xəbərlər də, ədalətsizlik də, kasıblıq da! Ona görə də ovqatı korlamağa dəyməz. Ola bilsin, onlar haqlıdır. Ən azı ona görə ki, bu məmləkətin şairi də deyir ki, kasıbı elə Allah kasıb yaradıb! Bundan sonra gənc prezident necə deməsin ki, aztəminatlı insanlar öz vəziyyətləri ilə barışmalıdırlar!..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG