Keçid linkləri

Bəli, onlar fəxri qaravulun önündən keçirdilər. A.Lukaşenko və İ. Əliyev. Bu, standart protokol qaydasıdır. Amma mən bu standart vəziyyətdən qeyri – standart təəssüratla ayırlmaq istəyirdim. Onları seyr edərkən qəribə fikir keçirdi beynimdən: görən, diktatorlara hansı hiss daha yaxındır? Güman ki, qorxu.

Bəli, onlar qorxur və qorxudurlar. Və gec-tez bu hiss hamıya hakim kəsilir. Fərq ondadır ki, «aşağılar» ancaq qorxur, «yuxarılar»ın funksiyasına isə həm qorxutmaq, həm də qorxmaq aid edilir.

Çalışıram ki, hər iki diktatoru diqqətlə seyr edim, görüm, bu, hansı cizgi və keyfiyyətdir ki, onlara bu qədər hakimiyyət verir. Zahirən adi insanlardır. Heç nə ilə fərqlənmirlər. Hətta adam utanır da. Ona görə utanırsan ki, bu adamlardan istədiyini ala bilmirsən, onların müəyyən etdiyi yasaqları aşa bilmirsən. Amma bunun günahı təkcə onlardadırmı?
Təhlükəsizliyə görə azadlıqdan imtina edən xalqlar nə azadlığa, nə də təhlükəsizliyə layiq deyillər və gec-tez hər ikisini itirirlər


Bencamin Franklin deyirdi ki, təhlükəsizliyə görə azadlıqdan imtina edən xalqlar nə azadlığa, nə də təhlükəsizliyə layiq deyillər və gec-tez hər ikisini itirirlər. Sərt deyilib, deyilmi? Ancaq həqiqətdir. Bu diktatorlara baxanda ağlıma gəldi ki, onlara mandat və güc verən bizim özümüzə inamsızlığımız, həyat və tale qarşısında qorxumuzdur. O yerdə ki, qorxu və inamsızlıq var, orada mütləq diktator peyda olmalıdır. Onlar insanların sosial zəifliyinin təzahürüdür.

Adamın özünə və təmsil etdiyi cəmiyyətə yazığı gəlir. Azərbaycanlılar heç olmasa bir – iki il azad olublar, azadlığın nə olduğunu ötəri olsa da dadıblar.
Belaruslara bu, ümumiyyətlə, nəsib olmayıb. Onlar hələ də Avropanın ortasında uzaq «zənci adası» kimidirlər, yalqız bir ada...

İLHAM ƏLİYEVLƏ ALEKSANDR LUKAŞENKONU NƏ BİRLƏŞDİRİR

Ən sadə cavab budur ki, hər ikisi diktatordur. Hər ikisi siyasi giley – güzarla məşğuldur. Lukaşenkonun gileyi daha «yanğılıdır». O, hələ də «başa düşə» bilmir ki, Avropa onu niyə qəbul etmir.

Onun özünün təsəvvürüncə, tamam «normal» prezidentdir. Amma Köhnə Dünya ona məhəl qoymur. Nə olsun ki, Belarus hələ də məlum olmayan quruluşda yaşamaqda davam edir? Nə olsun ki, belaruslar mitinq keçirə, fikirlərini azad ifadə edə, normal seçki keçirə bilmirlər? Nə olsun ki, Rolan Bıkov qürbətdə ölür?.. Axı, o, yəni ki, Lukaşenko , Belarusun «atasıdır»!..
Bu hakimiyyət vaxtilə özündən əvvəlkiləri ittiham edirdi ki, heç kim onları bir stəkan çay içməyə dəvət etmir


Onun «tezisləri» təxminən bunlardır. Bu hisslər İlham Əliyevə də yad deyil.

O, əmindir ki, xalq onu sevmir. Atasına cəmiyyətin bir hissəsinin rəğbəti var idi, amma onu sevmirlər. O, bunu başa düşür. Bir dəfə yeni ensiklopediya ilə bağlı iclasda belə bir ifadə işlətdi:

«Mən burada oturmasaydım, nə yazardınız?». Gözəl dərk edir ki, «ulu öndərə» və onun özünə qarşı olan «sərhədsiz sevgi» ancaq hakimiyyətin sayəsində mövcuddur, hakimiyyət olmasa, «sevgi» də olmayacaq.

Onun da Avropa və ABŞ-la bağlı «gileyi» çoxdur. Avropa elə hey yeni və yeni tələblərlə gəlir, bunu et, onu et. ABŞ-dan isə «danışmağa dəyməz». Əfqanıstan, Bağdad – bütün kampaniyalara qoşuldu. Amma ABŞ razı qalmır ki, qalmır...

TƏNHA QALMAMAQ İSTƏYİ


Lukaşenko Bakıya gəldi. Nə olsun? Bəlkə tənhalıqdan çıxdıq? Yoxsa hamı – dövlətlər və beynəlxalq təşkilatlar öz hesabatlarını təzədən yazacaqlar? Bəlkə, İlham Əliyev «mətbuatın və müxalifətin dostu» elan ediləcək? Bəlkə, Belarus traktorları Azərbaycanın su basmış torpaqlarını şumlayıb cənnətə çeviricəklər? Yox, bunların heç biri olmaycaq, əksinə, daha da gülünc vəziyyətə düşəcəyik.

Lukaşenko niyə təmtaraqla qarşılandı? Bu hakimiyyət vaxtilə özündən əvvəlkiləri ittiham edirdi ki, heç kim onları bir stəkan çay içməyə dəvət etmir. İndi özləri belə vəziyyətə düşüblər. Lukaşenko da ona görə lazımdır onlara. Görüntü yaratmaq üçün, adi bir görüntü. Desinlər ki, bu ölkəyə də gəlib – gedən var...

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG