Keçid linkləri

Azərbaycanın bir ölkə kimi maraqlı cəhəti odur ki, burada müxtəlif vaxtlarda hər şey olub – bu ölkə demokratiyanı da görüb, avtoritarizmi də, buralarda siyasi süstlük də olub, siyasi fəallıq da, insanların marağının artdığı vaxtlar da olub, tamamilə etinasız olduğu anlar da, təxminən beş il ictimai və siyasi təşəbbüskarlıq özünün pik nöqtəsində olub.

Hətta elə anlar olub ki, siyasi fəallıq və təşəbbüskarlıq hərəkat liderlərinin özlərini də qorxudub. Məhz o vaxtlar bir siyasi giley – güzar çox dəbdə idi: «insanları siyasi narkoman edib salmışıq küçələrə, indi də yığışdıra bilmirik».

Təbii ki, zamanında bu fikirdə müəyyən qədər rasionallıq var idi. Hər şeyin dərhal və bir an baş verməsini arzulayan insanlar daha çox mitinqlərə üstünlük verir, seçkiyə və digər siyasi tədbirlərə o qədər də maraq göstərmirdilər.

Tədricən insanların marağını küçə etirazlarından daha effektli siyasi mübarizə üsuluna – seçki prosesinə yönəltməyə cəhd edildi. Amma bu yanaşmada bir səhv də vardı – iki mübarizə üsulunu qarşı-qarşıya qoymaq düzgün deyildi. Mitinq seçkini, seçki isə mitinqi istisna etmirdi. Əslində mitinqlər haqqında bir qədər deformasiya olunmuş təssəvvür vardı. Bəs təcrübə nə göstərirdi? İnsanlar etirazlar zamanı özlərini necə aparırdılar?
Necə olur ki, dünyanın ən demokratik ölkələrində etiraz aksiyaları qalır və insanlar onlardan istifadə edirlər? Məgər Azərbaycan bu ölkələrdən daha demokratikdir?

KEÇMİŞİN VƏ İNDİNİN MİTİNQLƏRİ


Azərbaycanda çox mövhtəşəm mitinqlər olurdu. Bu aksiyalarda ən azı yüz minlərlə insan iştirak edirdi. Sonradan bu mitinqlər gözdən salındı, onları müxtəlif cür adlandırmağa başladılar – «küçə siyasəti», «qaraguruhçular».

Amma bu mitinqlərin heç birində hər hansı zorakılıq və yaxud qanunsuzluq müşahidə olunmadı. Bu qayda indi də özünü qoruyub saxlayır. Mitiinqdə zoraklıq edən polislər və dövlət adamları olurlar. Vaxtilə mitinqlərə hansı mürtəce epitetlər yapışdırmağa cəhd etmədilər? Amma insanlar bütün bu epitetlərin özlərini doğrultmaması üçün əllərindən gələni etdilər və etiraf etmək lazımdır ki, buna nail olundu. Bu mərhələ artıq arxada qalıb. Amma yenidən bəzi məsələlər aktuallıq kəsməyə başlayıb. Söhbət nədən gedir?

SEÇKİ OLMAYANDA


Azərbaycanda düzgün seçki ənənəsi yoxdur, bunu hamı - hətta demokratik dövlətlər və beynəlxalq təşkilatlar da etiraf edirlər. Əgər düzgün seçki yoxdursa, deməli insanlar istədikləri prezidenti, deputatı seçə bilmir, siyasi proseslərə daha dinc üsullarla təsir edə bilmirlər.

Bu, o deməkdir ki, siyasi hakimiyyət tamamilə sizin iradənizdən asılı deyil, baxmayaraq ki, ali qanun hakimiyyətin mənbəyinin xalq olduğunu bildirir, deməli konstitusiyanın özü də qeyri – işlək mexanizmə çevrilir, hakimiyyət özünün rasional – leqal xüsusiyyətini itirir, avtoritarlaşır, daha çox süni şəkildə şişirdilən xarizmatik sistemə çevrilir.

Bir detala diqqət yetirin. Hakimiyyət öz maraqları naminə də olsa dövlət müstəqilliyinə dönməz xarakter vermək, dövlətçilik ənənəsi yaratmaq üçün süni şəkildə Heydər Əliyevin şəxsiyyətini qabardır. Amma sual yaranır: əgər konstitusiya və qanunlar varsa, orada hər şey təsbit olunubsa, buna nə ehtiyac var? Elə problem də bundadır. Məsələ bundadır ki, konstitusiyanın və qanunun aliliyi dövlətin özü tərəfindən belə təmin olunmur.

Eyni məntiqi yazının əsas mövzusuna da şamil etmək olar. Bir vaxt dedilər ki, bizdə artıq siyasi mübarizənin küçə formalarına ehtiyac yoxdur. Amma necə olur ki, dünyanın ən demokratik ölkələrində etiraz aksiyaları qalır və insanlar onlardan istifadə edirlər? Məgər Azərbaycan bu ölkələrdən daha demokratikdir? Və yaxud bəlkə bu ölkədə insanların öz iradəsini daha effektiv ifadə etmək üçün müstəqil məhkəmə, demokratik parlament və prezident institutu var? Axı bunlar yoxdur! Belə olan təqdirdə insanlar nə etməlidirlər?

SİYASİLƏŞMƏK YAXŞI CƏHƏTDİR


Vaxtilə insanların «siyasi narkoman»a çevrilməsindən gileylənənlər indi keçmiş vaxtlar üçün nostalgiya keçirirlər. Bu da təbiidir. Onlar nahaq yerə insanların siyasi fəallığından qorxmuşdular. Siyasətlə maraqlanmaq, siyasi cəhətdən fəal olmaq yaxşı haldır.

İndi Azərbaycanda böyük əksəriyyət qəzet oxumur, siyasətlə, ölkədə baş verənlərlə maraqlanmır. Məgər bu yaxşı haldır? Xaricdə hər bir ailənin özünün sevimli qəzeti olur, onlar bu qəzeti izləyir, ona etibar edirlər. ABŞ-da insanlar nəsillikcə demokrat və yaxud respublikaçı olurlar. Özu də bu, təkcə ABŞ –da belə deyil, oturuşmuş siyasi sistemə malik olan bütün ölkələrdə belədir. Elə buna görə, bəlkə, keçmişə daha ədalətli nəzər salmaq daha yaxşı olardı: indiki siyasi təşəbbüssüzlük yaxşıdır, yoxsa keçmişdəki siyasi fəallıq?

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG