Keçid linkləri

«Jurnalistlərin əfvi məsələsinin mətbuat günü ilə bağlanması məqbul deyil» - bu fikir Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova məxsusdur. Deməli, boş yerə ümidlərə qapılmağın mənası yoxdur – mətbuatın 135 ilini bəzi jurnalistlər yenə də məhbəsdə qarşılayacaqlar, kimlərsə guya təltif olunacaq, kimlərinsə sosial problemləri həll olunacaq, amma üç jurnalist məhbəs həyatının məşəqqətlərini yaşamalı olacaq.

Eynulla Fətullayevin bir neçə jurnalistdən prezidentlə görüşüb Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə onu məlumatlandırmaq xahişinə də münasibət belə oldu, YAP funksioneri Əli Əhmədov dedi ki, belə görüş məsələnin siyasiləşdirilməsi demək olardı.

Həqiqətən də qəribə məntiqdir. Doğrudanmı məsələ siyasi deyil? Əgər siyasi deyilsə nəyə görə iki qəzetin ofisi əlindən alındı, əmlakı müsadirə olundu və əməkdaşları üzücü istintaq proseslərinə cəlb edildi? Həmin vaxt Əli Həsənov demişdi ki, qəzet nəşrini davam etdirə bilər. Amma ofisindən çıxarılmış, texnikası müsadirə olunmuş qəzetin öz nəşrini necə davam etdirməsi bu gün də sual olaraq qalır.

Əgər hakimiyyətin tutarlı arqumentləri olsaydı, onlar Eynulla Fətullayevə qarşı növbəti cinayət işini açmazdılar, amma belə iş açıldı, deməli, heç bir arqument yoxdur
Təəssüf ki, suallar təkcə bununla bitmir. Jurnalistlərdən biri – Eynulla Fətullayev haqda artıq Avropa Məhkəməsinin qərarı var. Hakimiyyət buna nə cavab verəjək? O azadlığa buraxılacaqmı?

HƏLƏ DƏ ARQUMENT AXTARIRLAR

Məhkəmə qərar çıxaranda hakimiyyətin üç ay vaxtı var idi. İndi cəmi bir ay qalıb. Məhkəmənin qərarını hakimiyyət adamları böyük etirazla qarşıladılar. Bildirildi ki, üç ay müddətində hakimiyyətin yuxarı palataya şikayət etmək hüququ var və onlar bu hüquqdan istifadə edəcəklər. Amma yuxarı palataya müraciət hüquqi cəhətdən əsaslandırılmalıdır. Belə bir əsas varmı? Bu günə qədər bu xüsusda hər hansı bir ciddi artqument səslənməyib, yeganə etiraz bundan ibarət olub ki, Məhkəmə jurnalistin azad olunmasını kateqorik şəkildə tələb edə bilməz – bundan başqa hər hansı irad səslənməyib.

Bir detal da diqqəti cəlb edir. Əgər hakimiyyətin tutarlı arqumentləri olsaydı, onlar Eynulla Fətullayevə qarşı növbəti cinayət işini açmazdılar, amma belə iş açıldı, deməli, heç bir arqument yoxdur. Arqumentsizlik bu hakimiyyət üçün sözün əsl mənasında xarakterikdir. Politologiyada deyilir ki, dövlətin legitim zor hüqüqu var. Hiss olunur ki, bu hakimiyyət sonuncu tezisi lap hərfi mənada qəbul edir. Əgər belə olmasaydı, YAP-çı millət vəkilinin biri «polisin döymək hüququ var», o birisi isə «aksiyalar zamanı saxlanılanlar ona görə Qobustana aparılır ki, oraların havası təmizdir» deməzdi. Yoxdur, daha heç bir arqument yoxdur. Bəlkə də zorakılıq o həddə çatıb ki, artıq öz sözlərini əsaslandırmağa, arqumentli çıxış etməyə ehtiyac duymurlar. Bu da ola bilər.

AZADLIQDAKI JURNALİSTLƏR NƏ EDƏCƏKLƏR?

Jurnalist mühiti də iki hissəyə bölünüb – bu hakimiyyətin siyasəti, məntiqi ilə razılaşmayanlar var və nəyin bahasına olursa–olsun hakimiyyətlə əməkdaşlıq etməyin tərəfdarları var.

İkincilər birincilərdən daha çoxdur – təəssüf doğursa da bunu etiraf etmək lazımdır. Ən ağrılı detal isə bundan ibarətdir ki, tənqidçi jurnalistlərin öz qurumu yoxdur, mövcud olan Mətbuat Şurası getdikcə hakimiyyətə doğru daha çox meyl edir. Düzdür, tənqidçi jurnalistlərin sırasında ölkənin ən aparıcı jurnalistləri toplaşıb, bir yerə yığışmaq və hansısa məsələni müzakirə etməklə bağlı onların problemi yoxdur. Amma təşkilat başqa şeydir.

Vaxt olub, insanlar hansısa arqumentlərə görə hətta Nobel mükafatından imtina ediblər. Azərbaycanda isə bəziləri heç bir əhəmiyyəti və mənası olmayan «əməkdar jurnalist» adına, hansısa medala görə özlərinin məhbəsdəki həmkarlarını belə unutmağa hazırdılar
Jurnalistikanın problemlərindən söz düşəndə istər-istəməz baxışlar Mətbuat Şurasına doğru yönəlir, amma hakimiyyət demək olar ki, bu təsisatı tənqidçi jurnalistlərin əlindən alıb. Eyni sözləri hakimiyyətin bəzi jurnalistləri şirnikləndirmək üçün atdığı addımlar haqda da demək olar. Vaxt olub, insanlar hansısa arqumentlərə görə hətta Nobel mükafatından imtina ediblər. Azərbaycanda isə bəziləri heç bir əhəmiyyəti və mənası olmayan «əməkdar jurnalist» adına, hansısa medala görə özlərinin məhbəsdəki həmkarlarını belə unutmağa hazırdılar.

Bu adlar nəyi həll edir? Heç nəyi! Amma əməllərin mənası var, onların mənası bir insandan digərinə, bir nəsildən o birisinə ötürülür və beləcə bu əməl sahibləri həmişə yaddaşlarda yaşayırlar. Adlar əməllərə adekvat olanda hansısa məzmun kəsb edir, əks təqdirdə isə bu sinəyə taxılmış lentdən başqa bir şey deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG