Keçid linkləri

Onlar bir-birini sevirdilər...(Cənab Mikloş Haraştinin bir sözünə ithaf)


Sevda İsmayıllı
Tarix sevənləri sevmir.
Sevsəydi, onları ayırmazdı.
Sevsəydi - Leyli-Məcnun yazılmazdı.
Sevsəydi - Əsli-Kərəm olmazdı.
Sevsəydi - Romeo-Cülyetta yaranmazdı.
Sevsəydi- ən sonuncu dastanlardan biri – «Əli və Nino» dünyaya səs salmazdı.

KAŞ MƏCNUN LEYLİNİ AZ SEVƏYDİ...


Yer üzü Qara keşişlərsiz olmur.
Onlar müxtəlif qiyafədə sevənlərin qarşısına çıxır.
Məcnun Leylini az sevsəydi, ona dəli kimi aşiq olmasaydı, Leylisinə qovuşardı.
Qara keşişin sehri olmasaydı, Kərəm Əslinin düymələrini açmaq üçün alovlanmazdı.
O zamanın «poçtu» - uzunqulaq bir az tez gəlsəydi, nə Romeo, nə Cülyetta ölərdi.
Azərbaycan Cümhuriyyəti yıxılmasaydı, Əlini Ninosundan heç kim ayıra bilməzdi.
Bakılı Əli Gəncəçayın qırağında son nəfəsini verməzdi...
Məcnun Leylinin qəbri başında keçinməzdi...
Kərəm...
Romeo...

TARİX SEVƏNLƏRİ SEVMİR!


Bu dəfə lap ürəklə yazdım.
Sevmir! Onları ayırır!
Aaaa...Amma onları özündə saxlamağı sevir. Yəni onları tarixdə saxlayır.
O üzdən sevənlər unudulmur. Tarixdə dastan olur.
Gələn nəsillər bu sevgi tarixçələrini oxuyur, vərəqləyir, onu özündən sonrakılara ötürür.
Yoxsa lap gerçək qəhrəmanlar - Əli və Nigar (Əliağa Şıxlinski və Nigar xanım), Həsən bəy və Hənifə, Niyazi və Həcər, Lütfəli və Sevda... tarixə düşərdilərmi?

QARA KEŞİŞ

Sevənlər unudulmur. Dillərdə dastan olur.
Odur ki, tarixdə sevənlər qalır.
Qara keşişlər - ayıranlar, parçalayanlar, sehrbazlar hər zaman tarixin girdabına yuvarlanırlar.
Adları, geyimləri, rəngləri müxtəlif olsa da, onları bircə sözlə yad edirlər.
Onlara QARA KEŞİŞ deyirlər!

P.S. Bu yazı AzadlıqRadiosu və onu sevənlər üçün yazıldı. Birnəfəsə.

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG