Keçid linkləri

Təcili xəbərlər

Məhkəmələr gülüşə çevriləndə


«Həmrəylik» təşkilatının liderlərindən biri, polşalı hüquq müdafiəçisi Marek Novitski həmişə deyirdi ki, məhkəmə yeganə dövlət institutudur ki, onun gülməli obyektə çevrilməsi artıq faciədir - hətta parlamentə də gülmək, onu lağa qoymaq olar, amma insanlar məhkəməyə gülürsə, deməli bu dövlətin əsas sütunları çoxdan sarsılıb.

Bəli, təbiətən, öz qərarlarının xüsusiyyətinə görə məhkəmə əslində ağladır, amma insanlar artıq heç nəyə təsir edə bilməyəcəklərini görüb, sadəcə göz yaşlarını gülüşlə əvəz edir və gülməyə başlayırlar.

F.Dostoyevski əsərlərində həmişə bir suala cavab axtarırdı: «Əgər Allah yoxdursa, deməli hər şey icazəlidir?»
Eynulla Fətullayev ilə bağlı keçirilən növbəti məhkəmə prosesi buna canlı nümunə oldu – məhkəmənin gedişində şahidlərin, dövlət ittihamçısının çıxışına gülməkdən başqa çarə tapmayan insanlar prosesin gedişində özünü ədalətli və mütərəqqi insan kimi göstərməyə cəhd edən hakimin qərarına da gülməkdən qeyri reaksiya nümayiş etdirə bilmədilər, hətta vəkil hakimə maraqlı replika ilə müraciət etdi: «narkotiki də öz yerinə – sahibinə qaytarsaydınız...».

Beləcə, daha bir tragikomediya bitdi. Amma əslində heç nə təəccüblü deyil. Bu yaxınlarda beynəlxalq təşkilatlardan birinin hesabatında Azərbaycanın son illərdə bir neçə parametr üzrə geriləməsi göstərilmişdi – bu parametrlər arasında «müstəqil məhkəmə» xüsusi yer tuturdu. Bu vaxta qədər bircə hal belə olmayıb ki, məhkəmədə hakimiyyətlə çəkişən tərəf qalib gəlmiş olsun, hər halda biz belə prosesi xatırlamırıq.

HƏR ŞEY İCAZƏLİDİRMİ?


İ. Əliyev bir dəfə gileylənmişdi ki, ölkədə hüquqi dövlət quruculuğu ləngiyir. Maraqlıdır, bunu deyəndə prezident nəyi nəzərdə tuturdu? Əgər söhbət məhkəmələrin müstəqilləşməsindən, insan haqlarının üstünlüyünün hüquq sisteminin ali meyarına çevrilməsindən gedirdisə, bu istiqamətdə tamamilə əks proses müşahidə olunur – məhkəmələr icra hakimiyyətinin filiallarına, hakimlər isə onun iradəsinin ifaçılarına çevrilirlər.

Özü də qəribə məntiq hökm sürür – hakimlər qanundan daha çox «yuxarılar»a istinad edirlər. Özünə haqq qazandırmaq üçün «əsas» da tapılır: «Hakim nə etsin? İşsiz qalsın?». Maraqlıdır. Bəs haqsız məhkum olunanlar nə etsin? Məgər onların ailəsi, valideynləri yoxdur? Axı «əsas»ın da bir məntiqi olmalıdır. Hər
Artıq indidən bu hakimiyyətin Avropa Məhkəməsinə nə cavab verəcəyi aydındır – deyəcəklər ki, Eynulla Fətullayev başqa bir əmələ görə məhkum olunub
şeyə bir haqq qazandırmaq adəti cəmiyyətdə dəyərsizləşməyə aparır. F.Dostoyevski əsərlərində həmişə bir suala cavab axtarırdı: «Əgər Allah yoxdursa, deməli hər şey icazəlidir?»

İndi qəribə mənzərə alınır. Əgər bu ölkədə sidqi – ürəkdən Allaha inanlar yoxdursa, deməli hər şey icazəlidir? Əgər ailə – uşaq və onların problemləri varsa, deməli bu ölkədə hər şey icazəlidir? Axı kimin ailəsi, uşağı yoxdur?!

Bəs məhkəmələrin, dustaqxanaların qarşısını kəsdirən atalar, analar, qadın və uşaqlar insan deyil? Onlara kim haqq qazandıracaq?

QANUN – MƏDƏNİYYƏTDİR

Alman hökmdarlarından birini təzəcə tikdirdiyi imarətin qarşısındakı köhnə dəyirman dilxor edirmiş, çünki sınıq – salxaq dəyirman ətrafın mənzərəsini tamam korlayırmış. Hökmdar dəyirmançını çağırtdırıb ondan dəyirmanı sökməyi tələb edir. Dəyirmançı deyir ki, bu ölkədə hökmdardan başqa məhkəmə də var. Söz hökmdarın çox xoşuna gəlir və o, dəyirmançını rahat buraxır.

Bu misalı nahaq yerə çəkmədik. Qanun, məhkəmə və hüquq mədəniyyətdir. Mən hərdən şükür edirəm ki, nə yaxşı bizdə presedent məhkəməsi deyil. Təsəvvür edin, ədalətsiz bir hökm yüzlərlə, minlərlə işə nümunə ola bilərdi və beləcə ədalətsizlik zəncirvari şəkildə artardı.

İndi biz sınaq qarşısındayıq. Hamı bir neçə günün bitməsini gözləyir. Yerli hökumətin Avropa İnsan Haqları Məhkəməsinə cavab vermək üçün malik olduğu vaxt bitmək üzrədir. Bu, təkcə siyasi-hüquqi sistemin, rejimin sınağı deyil, həm də mədəniyyətin sınağıdır.

Üzv dövlətlər istisnasız olaraq Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirirlər. Mən bir dəfə bunun səbəbini soruşdum. Dedilər ki, səbəb məhkəməyə və qanuna hörmətdir. Məsələn, ingilislərin heç ağlına da gəlmir ki, məhkəmənin qərarını yerinə yetirməmək olar. Bizim üçün isə son hədd yoxdur – biz istənilən həddi aşa bilərik. Özümüzə haqq qazandımraq üçün «əsas» da həmişə tapılır – bu da təəccüblü deyil, çünki ədalətsiz məhkəmə qərarları kimi «əsas»ı da özümüz uydururuq. Artıq indidən bu hakimiyyətin Avropa Məhkəməsinə nə cavab verəcəyi aydındır – deyəcəklər ki, Eynulla Fətullayev başqa bir əmələ görə məhkum olunub. Bu da növbəti «əsas»...

Ən son yazılan

XS
SM
MD
LG