Keçid linkləri

Təcili xəbərlər

Dəniz Azərbaycandakı rejimə tabe deyil


Yəqin ki, Buzovna sahillərinin yaxınlığında gəzinti gəmisinin, daha dəqiqi modern yaxtın, - rusca ona yaxta deyirlər, - qəzaya uğraması xəbərini hamınız eşitmisiniz. Unudanların yadına salım ki, orada uzunluğu 30 metrə yaxın olan özəl və gözəl bir gəmi köhnə paslı dirəyə dəyərək dibi deşildiyi üçün yarıyacan suya batmışdı.

Bu mövzunu bir neçə qəzet birinci səhifəyə və hətta manşetə çıxarmışdı. Dəyəri bəlkə də milyon dollardan yuxarı olan bu bahalı gözəlçənin ehtimal edilən sahibi kimi bir neçə nazirin adı çəkilirdi.

MƏMUR BALALARI ÜÇÜN BÖYÜK LƏZZƏTLƏR

Bu mövzuya qayıtmağımın, sözümün canı var. Dünyanın bir çox naz-neməti, sərvəti və ləzzəti yüksək rütbəli Azərbaycan məmurlarının gül balaları, ərköyün oğlanlarının tam ixtiyarındadır. Bəlkə də bir çoxu yox, hamısı. Söhbət, aydın məsələdir ki, maddiyyatdan gedir, ayı kababı kimi. Nədən də olmasın? Keçəl halva/kabab yeyər, puluna minnət. Lap yaxşı, onlara görə şadam.

Bakıdakı bütün marka və modellərdən olan bahalı-bahalı avtomobillər Stokholmdakından, yaxud məsələn, Budapeştdəkindən daha çoxdur. Onu da nəzərə alaq ki, bu şəhərlər bazar iqtisadiyyatı bizdən müqayisəedilməz dərəcədə güclü olan ölkələrin paytaxtlarıdır. Moskva və Peterburqdan heç danışmıram, çünki orada vəziyyət elə Bakıdakı kimidir – cüzi fərqlə. Bahalı və çox bahalı maşınlar – ümumilikdə “qızıl gənclik”, xüsusən də «yappi» üçün həyatın ən böyük ləzzətlərindən biridir.

XOŞ HİSSLƏR

Dəbdəbəli avtomobillərin gənc və gənc olmayan sürücülərinin yol hərəkəti qaydalarına necə əməl etdiklərini görmüsünüz yəqin. Maşın sürənlər özlərinin və piyadaların təhlükəsizliyi və rahatlığı üçün yaradılan həmin qaydalara pis əməl edirlər, məncə. Söhbət təkcə sürücülərin «avtoş»luğundan, artıq sürətlə və ya qırmızı işıqda sürməsindən, ötmə qaydalarına əməl etməməsindən, küçə və yollarda dəlisov ötüşmələrdən getmir. Bakıda küçə-yol hərəkəti qaydaları bir çox hallarda avtomobillərin dayanması və parkinqi zamanı da pozulur. Səbəb sürücülərin başqalarının rahat hərəkətinə, yol hərəkəti mədəniyyətinə, şüura və məntiqə zidd davranışlarıdır. Bəzən bu, maşın sahiblərinin yol hərəkəti qaydalarının ən sadə, elementar və bəsit məqamlarını bilməməsindən irəli gəlir. Bəzən başqalarından üstün olmaq hissi, milyonlara sahib olmaq hissi və başqa belə xoş hisslərdən. Bəzən səbəb təkəbbür, başqa sürücülərə və piyadalara saymazlıq, tərbiyədən, daha doğrusu, tərbiyənin qüsurlarından irəli gələn yekəxana münasibətdir. Bəzən bunlardan az xoş olmayan cəzasızlıq, hansısa qayda və qanunlara tüpürməkdən ləzzət almaq hissi və s... Səbəblər çoxdur, bu mövzu isə araşdırma üçün çox maraqlı olsa da, bunu başqa vaxta saxlayaq.

İndi onun üstündə dayanmaq istəyirəm ki, yol hərəkəti qaydalarına bu cür münasibət və təsvir etdiyimiz «sürücülük üslubu» bir çox hallarda yüngül və ağır yol qəzalarına, cürbəcür xəsarətlərə, sürücülərin özlərinin, əksər hallarda isə özgələrin həyatına son qoyulması ilə nəticələnir. Hələ mən itirilən vaxtı, pulu, mülkiyyəti və sağlamlığı, xüsusən də başqalarının gərilən və pozulan əsəblərini demirəm. Bütün bunlar yüksək rütbəli məmurların bilikləri və mənəvi prinsipləri özlərinə yük eləməyən gül balaları üçün məsuliyyət yaratmır - Azərbaycandakı ictimai-siyasi durumun sayəsində keçir və ötüşür.

DƏNİZ QAYDA POZUNTUSUNU BAĞIŞLAMIR

«Qızıl oğlanların» kater, yaxt və skuterlər – su motosikletləri sürməyə yanaşması da eynidir. Ancaq Azərbaycan torpağında, küçə və yollarında problem yaratmayan belə yanaşma, onun ərazi sularında keçmədi. Ona görə ki yol polisindən, baş prokurorluqdan, Azərbaycan torpağından və milyonlarla vətəndaşından - rəiyyətindən fərqli olaraq dəniz hərəkət qaydalarının pozulmasını və hətta hörmətsizliyi peşəkarlara belə bağışlamır. O ki qaldı saymazlığı, səhvləri. O ki qaldı diletantlara...

Nə deyəsən? Dəniz dənizdir. Hələ yaxşı ki, qəzada ölən-batan olmadı. Yaxtın zədələnməsi və sahibinə dəyən maddi zərər xırda şeydir. O qədər xırda ki, danışmağa dəyməz.

Dənizin azad və sonsuz olması barədə çox deyilib və yazılıb. Amma bu sonuncu qəzadan həm də belə bir nəticəyə gəlmək olar ki, dəniz müstəqildir, Azərbaycanda qurulan rejimə tabe deyil, olmaq fikri də yoxdur.

Əbəs yerə deyil ki, həmişə dənizi sevmişəm. Sevirəm də...
XS
SM
MD
LG