Keçid linkləri

Təcili xəbərlər

BTC-dən sükutla axan türkmən nefti


Bakı-Tbilisi-Ceyhan (BTC) ilə iyul ayından başlayaraq türkmən nefti nəql edilir. BP şirkətinin Azərbaycandakı layihələrinin 2010-cu ilin I yarısında icrasına dair hesabatında belə qeyd olunub. Hesabatda Xəzərin o tayından gətirilən neftin daşınmasına dair cəmi bircə cümlə var.

RƏSMİLƏR NİYƏ SUSDU?

Məni maraqlandıran bu idi ki, nədən nə başı qalmaqalda olan BP (həmin ərəfədə Meksika körfəzindəki qəzalı quyudan neft axmaqda davam edir, şirkətin səhmləri isə gündən-günə dəyərini itirməkdəydi), nə də Azərbaycan tərəfi (əslində bu fakt rəsmi orqanlar üçün göydəndüşmə olmalıydı, çünki onlar ölkənin regionda analoqu olmayan mövqeyinin güclənməsini sübut etmək üçün istənilən şeydən faydalanmaq arzusu ilə alışıb-yanırlar) bu cür hadisənin üstündən sükutla keçiblər.
Hökumət rəsmiləri «neft sənayesindəki şəffaflıq»dan ağız dolusu danışırlar. Elə isə «qara qızılımız» haqda xəbərləri görəsən niyə və nə vaxtacan ondan-bundan eşidəcəyik?


Özümün araşdırmalarından məlum oldu ki, türkmən neftinin BTC ilə daşınmasına dair kommersiya sazişi hələ iyulun əvvəlində Bakıda imzalanıb. BTC Co. (bu şirkət 2003-cu il avqustun 1-də Kayman adalarında BTC kəmərinin tikintisi və istismarı məqsədilə yaradılıb, operatoru BP-dir) ilə müqaviləni Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi – SOCAR Trading (bu şirkət 2008-ci ilin əvvəlində İsveçrədə Azərbaycan neftinin dünya bazarlarında satışını təşkil etmək məqsədilə təsis edilib, baş ofisi Cenevrə şəhərindədir) imzalayıb.

Müqavilə şərtlərinə görə, türkmən neftini daşıyacaq BTC Co. ictimaiyyətə SOCAR Trading-in icazəsi olmadan heç bir informasiya verə bilməz və bu baxımdan da iyulun ortasından türkmən nefti dənizdən-dənizə sükutla axmağa başlayıb. Heç «ana şirkət» də bununla bağlı öz saytında hansısa bir məlumatın verilməsinə lüzum görməyib.

ANCAQ «YERİN DƏ QULAĞI VAR»

Əldə etdiyim məlumatlara görə, SOCAR Trading Xəzərin sağ sahilindən nefti özəl xarici şirkətlərdən alır. Daşınan neft «Okarem», «Çeleken» və «Diyarbekir» (əvvəlki adı «Barinov» idi) yataqlarından hasil edilir. Yəni bunun Türkmənistan hökumətinə aidiyyatı yoxdur (necə ki, əvvəllər Chevron şirkəti Qazaxıstandakı «Tengiz» yatağından öz payına düşən neftin bir hissəsini BTC ilə nəql edirdi).

Türkmənistandan Azərbaycana türkmən neftini SOCAR-ın başqa bir törəmə şirkəti – Cross Caspian (bu şirkət 2005-ci ilin sonlarında «Azpetrol» Holdingin nəqletmə sistemi əsasında yaradılıb, çox qapalı bir qurumdur) daşıyır. Hazırda nəql həcmləri böyük deyil, ancaq gələn aydan BTC-yə vurulacaq gündəlik həcmlərin 40 min barelədək (5 min ton) artması gözlənilir.

XƏBƏRLƏRİ NİYƏ ONDAN-BUNDAN EŞİDİRİK?


Maraqlıdır ki, avqustun 11-də SOCAR Trading ilk dəfə olaraq Azərbaycan neftini Vyetnam bazarında satışa çıxarıb. «Vietnam Business» dərgisinin verdiyi məlumata əsasən, 60 minlik Azərbaycan neftinin alıcısı PetroVietnam şirkəti olub. Alınan neft Zunq Kvat zavodunda emal edilərək yüksək oktanlı avtomobil benzininin istehsalı üçün istifadə olunmalıdır.

Bu haqda da məlumatı xarici mətbuatdan alırıq. Ancaq hökumət rəsmiləri hər zaman «neft sənayesindəki şəffaflıq»dan ağız dolusu danışırlar. Elə isə «qara qızılımız» haqda xəbərləri görəsən niyə və nə vaxtacan ondan-bundan eşidəcəyik?

Yaxşı olmazmı, SOCAR öz saytında mütəmadi olaraq Azərbaycan ictimaiyyətinə məlumat verəydi ki, görəsən saysız-hesabsız «törəmə, birgə müəssisə və alyanslar» şəklində yaratdığı şirkətlərdən öz qazancı və dövlətin qazancı nə olub?
XS
SM
MD
LG