Keçid linkləri

Rəsmi Bakı Rusiya-Ermənistan hərbi sazişinə niyə biganədir?


Ermənistan prezidenti Serj Sarkisyan (solda) Azərbaycan prezidenti İlham Əliyevlə görüş ərəfəsində Rusiya prezidenti Dmitri Medvedevlə (sağda) məsləhətləşir, Soçi, 25 yanvar 2010
Rusiya ilə Ermənistan arasında imzalanacaq yeni hərbi anlaşmaya görə, Gümrüdəki hərbi bazanın müddəti 2044-cü ilə qədər uzadılacaq, Moskva qonşu ölkəyə yeni silahlar verəcək və ən önəmlisi sənədə əlavə edilən yeni maddədə bazanın Ermənistanın təhlükəsizliyinə də cavabdeh olacağı göstərilir. Anlaşmadakı tək elə sonuncu maddənin varlığı kifayət edir ki, yeni sazişin Azərbaycanın əleyhinə olduğu anlaşılsın.

Belə isə rəsmi Bakı niyə susur?

GÜMRÜDƏN QALXACAQ TƏYYARƏLƏR HARANI HƏDƏF ALACAQLAR?

Başda Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatları olmaqla rəsmilərimiz Yerevanda imzalanacaq sazişə münasibət bildirməyə tələsmirlər. Əksinə Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün ANS-ə verdiyi müsahibədə imzalanacaq sazişin rəsmi Bakı üçün elə bir isti-soyuğu olmadığını deyib.

Əslində, Yerevanda imzalanacaq sazişin Azərbaycana birbaşa «isti-soyuğu» var. Birincisi, Rusiya Ermənistanla hərbi sazişini yeni maddələrlə zənginləşdirməklə Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyini Ermənistanın xeyrinə pozduğunu açıq-aşkar nümayiş etdirir.

İkincisi, Dağlıq Qarabağda savaş ortaya çıxarsa, 1990-cı illərin əvvəllərində olduğu kimi yenə Azərbaycan ordusu ilə Ermənistan ordusu toqquşacaqlar. Demək belə olan halda sazişdəki maddədə də göstərildiyi kimi, Ermənistanın müdafiəsinə xidmət etməli olan Rusiyanın Gümrüdəki silahları və oradan havaya qalxacaq təyyarələr Azərbaycan ərazilərini hədəf alacaqlar.

SƏBƏB C-300-DÜR?

Fikrimcə, Azərbaycan hakimiyyətinin nədən Rusiya-Ermənistan sazişinə biganə münasibətinin səbəbi bəllidir. Rusiya Xarici İşlər naziri Sergey Lavrov avqustun 18-də Ermənistanın İctimai Kanalına verdiyi müsahibədə Moskvanın Azərbaycana C-300 raketlərini satacağı xəbərini təsdiq edib. Başqa sözlə, Kreml rəsmi Bakını C-300 raketləri ilə şirnikləndirdikdən (oxu - neytrallaşdırdıqdan) sonra Ermənistanla saziş imzalayır.

Moskvadan C-300 raketlərini alacağını düşünən rəsmi Bakı da Ermənistanla imzalayacağı sazişə görə, Rusiya hakimiyyətini tənqid və sərt açıqlamaları ilə narahat etmək istəmir. Ancaq məsələ burasındadır ki, Rusiya-Ermənistan sazişi reallıqdır, Bakıya satılacağı deyilən C-300 raketləri isə hələ vəddir. Necə ki, Kreml necə illər bundan öncə İrana C-300 raketlərini satacağını vəd etmişdi. Tehran bu gün də həmin raketləri Moskvadan ala bilmir...

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG