Keçid linkləri

Təcili xəbərlər

BDU-nun 91 yaşı tamam olur


Sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaranmasından 91 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub.

Universitet ilk tədris ilini 2 fakültə ilə-tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.

Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar-professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər tanınmış alimlər olublar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Küprüllüzadə universiteti ziyarət ediblər.

1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edilib və onun bazasında Ali Pedaqoji İnstitut yaradılıb. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlayıb və o, respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrilib.

Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri BDU-nun bazasında yaradılıb.

Hazırda BDU-da 3500 nəfər professor-müəllim heyəti çalışır, 16 fakültə, 2 elmi institut və çoxsaylı laboratoriyalar fəaliyyət göstərir.
XS
SM
MD
LG