Keçid linkləri

Hər hansı ölkədə seçki yoxdursa, yaxud seçki hüquqları pozulursa, burada alternativ axtarmağa dəyməz, seçkinin bir proses kimi özünütəsdiqindən başqa yol yoxdur.

Bu baxımdan heç bir ölkə, o cümlədən də Azərbaycan istisna deyil.

Burada seçkinin bütün əsas atributları həyata keçirilir, amma elə atribut olaraq qalır. MSK-nın simasında Azərbaycan hakimiyyəti öz arzusunu seçicilərin istəyi kimi qələmə verərək məsələyə son qoyur.

Belə bir fikir var ki, Azərbaycan sakinləri demokratiyaya hazır deyil. Amma, məncə, adamlar öz seçimlərinin məsuliyyətini daşımağa hazırdır. Hazır olmayan, siyasi məsuliyyət nə olduğu bilməyən, verdikləri vədlərin məsuliyyətini daşımayan isə hakimiyyətdə olan siyasətçilərdir, çünki özlərini seçilənlərdən olacaq bir siyasi qüvvə kimi təsəvvür etmirlər. Belə halda nə etmək lazımdır? Heç nə. Ədalətli seçki və yenə də seçki uğrunda mübarizə aparmaq.

PARTİYALAR SEÇKİYƏ HANSI ŞÜARLARLA GEDİR?

Vaxtilə bərabərlik hissinin çox güclü olduğu ölkədə indi insanlar bərabərsizlikdən çox giley edirlər. Müxalifət insanların şüurunu qıcıqlandıran bu nöqtəni hiss edə biləcəkmi?
Hakim partiyanın bu sahədə də problemi yoxdur – «İlhamla irəli!» - deyib bu xalqı daha beş il geriyə aparmaq, əsəbiləşdirmək, vaxtını almaq əzmindədir.

Bu vaxta qədərki üç parlament bu xalqın yaddaşında üç saatlıq da təəssürat saxlamayıb. Güman ki, dördüncü də belə olacaq...

Müxalifət isə hələ daha çox namizədlərin siyahısının razılaşdırılması ilə məşğuldur, elə bu səbəb üzündən hələ ki nə Müsavat, nə AXCP, nə də digər siyasi partiyalar bununla məşğul olmurlar. Amma bütün siyasi partiyalar bəyan edir ki, namizədlərin siyahısı müəyyən olduqdan sonra platformalar və şüarlar açıqlanacaq. Ola bilsin, sual yarana bilər: seçki şüarları bu qədərmi aktualdır? Bəli, aktual və özü də çox vacibdir. Şüarlar, reklam çarxları insanların şüurunun alt qatına təsir edir. Seçki vaxtı insanlar heç də deyilənlərin hamısını yadda saxlamır, vaxt keçdikcə unudurlar. Amma şüarlar yadda qalır və onlar sanki seçici kütləsinin şüurunu problemlərə münasibətdə fokuslaşdırır. Məsələn, ötən seçkilərin birinə müxalifət «Qarabağ, iş, çörək» şüarı ilə getmişdi. Sadə, anlaşıqlı və yığcam şüar idi. Bu elə bir vaxt idi ki, məsələn, iş insanları çox düşündürürdü. Bəs indi insanların diqqətini nəyə fokuslaşdırmaq olar? Hazırda insanları ən çox qıcıqlandıran, onların şüurunu məşğul edən getdikcə daha çox artmaqda olan sosial bərabərsizlikdir – bu ölkədə hələ ki bərabər imkanlardan və bərabər hüquqlardan danışmaq çətindir, bəli, kağız üzərində çox şey ola bilər, amma reallıq isə başqa şeydir. Vaxtilə bərabərlik hissinin çox güclü olduğu ölkədə indi insanlar bərabərsizlikdən çox giley edirlər. Müxalifət insanların şüurunu qıcıqlandıran bu nöqtəni hiss edə biləcəkmi? Hər halda yaxınlarda bilinəcək. Təbii, bu, o demək deyil ki, seçki prosesində digər «həssas nöqtələr» olmayacaq – onlar var, sadəcə bunu hiss etmək üçün insanların arasında olmaq lazımdır.

YETMİŞ İLLİK ŞÜARLARDAN SONRA YENƏ DƏ ŞÜAR?

Əvvəlcədən hiss edirik ki, bəziləri ironiya edərək deyəcək ki, yetmiş il şüarlarla yaşamışıq, bundan sonra şüar nəyimizə lazımdır? Yox. Bunlar bir qədər fərqli məsələlərdir. Təbii ki, şüarlar həmişə təbliğatın bir elementi kimi çıxış edir. Amma baxır ki, söhbət hansı təbliğatdan gedir – kiçik bir zümrənin maraqlarına xidmət edən təbliğatdan, yoxsa cəmiyyətin problemlərinin yığcam ifadəsindən? Seçki vaxtı şüarlar bir qayda olaraq problemlərin yığcam ifadəsi kimi çıxış edir, onun başqa təyinatı yoxdur. Həm də istəsək də, istəməsək də seçkidə bir teatrallıq var, bunsuz mümkün deyil, əks təqdirdə seçki prosesi çox maraqsız olardı. Burada acı da olsa bir etirafı etmək lazımdır – seçkinin məhz teatral tərəfini hakimiyyət çox yaxşı tutub, xoşumuza gəlməsə də deməliyik ki, insanlar belə tədbirlərə daha böyük maraqla və kütləviliklə gəlirlər. Müxalifət niyə bundan istifadə etməsin? Təbii ki, müxalifətə belə böyük tədbirlər keçirməyə icazə verilmir. Amma bunun elementlərindən istifadə etmək haqda düşünməyə dəyər, ən azı ona görə ki, müxalifətə xoş münasibəti ilə seçilən çoxlu sənət adamı var.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG