Keçid linkləri

Ölkəyə təşrif buyuran Rusiya siyasi elitasının tərkibində güc strukturlarının nümayəndələri yoxdursa, deməli vəziyyət düşünülən qədər də narahatlıq və nigarançılıq yaratmaq iqtidarında deyil, necə deyərlər, hər şey qaydasında və öz məcrasındadır. Elə prezident Dmitri Medvedevin səfərində də diqqətimizi çəkən ilk çalar bu oldu. Enerji sektorunun kifayət qədər tanış təmsilçiləri, yaxın federasiya subyektlərinin başçıları – səfərdə iştirak edən nümayəndə heyətinin təxmini tərkibi belədir. Güc strukturlarının iştirakı niyə bu qədər narahatçılıq yaradır?

Məsələ bundadır ki, indi Azərbaycan çox çətin durum yaşayır, hətta hakimiyyətə yaxın bəzi müxalifət partiyalarının nümayəndələri dəfələrlə təklif ediblər ki, Qarabağı itirməkdənsə Rusiya ilə daha yaxın və isti münasibətlər qurmaq, lazım gələrsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq olar. Belə bir «çıxış yolu» müəyyən çətinlik anlarında hakimiyyətə şirnikləndirici görünə bilər – məsələnin qorxulu tərəfi budur.

Amma bütün bu məsələlərə bu yaxınlarda münasibət bildirən Prezident Aparatı təmsilçisi Əli Həsənov dedi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmaq ölkəmiz üçün məqbul deyil, fəqət elə bunun ardınca əlavə etməyi də unutmadı ki, Azərbaycan NATO-ya da üzv olmaq fikrində deyil, necə
Atəşkəs rejimi hər gün pozulur. Ermənistan ənənəvi hərbi ritorikasını sərtləşdirib. Belə halda Əliyev öz həmkarı Medvedevdən istədiyi təminatı ala biləcəkmi? Ancaq bir sahədə çoxillik «anlaşma» var – bu da siyasi hakimiyyət məsələsidir, Rusiya indiki hakimiyyətin alternativini görmür. Elə maraqlı olan da budur: bu, İ. Əliyevi qane edirmi?
deyərlər, növbəti dəfə bir addım irəli və bir addım da geri atıldı, ölkə harada qalmışdısa, orada da qərar tutdu.
Bununla məsələnin çözüldüyünü güman etmək bir qədər sadəlövhlük olardı.

Rusiyanın Ermənistanla 49 illik hərbi saziş bağlaması, D. Medvedevin oradakı bəyanatı, eləcə də Serj Sarkisyanın Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşdıqları haqda dediyi fikirlər Azərbaycan – Rusiya münasibətlərində çox ciddi problemlərin olduğunu deməyə əsas verir. Rəsmi dövlət adamları Rusiya ilə Ermənistan arasındakı son hərbi anlaşmanı «Avropada adi silahlı qüvvələr haqda müqavilə» aspektindən araşdıracaqlarını deyirlər. Amma bu, nə dərəcədə realdır?

«ADİ SİLAHLI QÜVVƏLƏR HAQDA MÜQAVİLƏ» KÖMƏK EDƏCƏKMİ?

Formal məntiq baxımından Rusiya Ermənistanla hərbi saziş imzalamaqla «Adi silahlı qüvvələr haqqında müqavilə»nin cinah sazişini pozub. Etiraf edək ki, ilk öncə ağla gələn bu detal olur, çünki cinah sazişinə görə Rusiya Ermənistanda ancaq sonuncunun kvotasına uyğun olan qədər silahlar yerləşdirə bilər. Amma burada incə bir məqam var. 2007–ci ildə o vaxtkı prezident Vladimir Putin bəzi Avropa dövlətlərinin həmin müqaviləni ratifikasiya etməməsini əsas gətirərək onun icrasına moratorium qoymaq haqda sərəncam imzalayıb. Vəziyyət belədir. Necə deyərlər, Rusiya özünü artıq bəri başdan sığortalayıb. Bəs onda problem necə çözüləcək?

SƏFƏR, YOXSA «NƏZAKƏT VİZİTİ»?

Əksər yerli politoloqlar D. Medvedevin səfərinə sadəcə «nəzakət viziti» kimi baxır. O, Azərbaycanı inandırmağa çalışacaq ki, Ermənistanla bağlanmış saziş onun əleyhinə deyil. Azərbaycanın, daha doğrusu, cürətli siyasi addım atmaq, bölgədə pozulmuş hərbi balansı tarazlaşdırmaq üçün real siyasət yürütmək iqtidarında olmayan hakimiyyətin də inanmaqdan başqa çarəsi və yolu yoxdur. Yenə də şifahi bəyanatlar, şifahi vədlər – Rusiyanın bu dəfə də təklifi budur. Tələbi isə təbii ki, qazdır. A. Miller ölkəyə nahaq yerə təşrif buyurmayıb ki?

DOKTOR MEDVEDEV HƏLQƏLƏRİ DARALDIR

Səfər gündəliyində D. Medvedevin Bakı Dövlət Universitetinin fəxri doktoru seçilməsi də var. Bundan başqa Milli Parkda gəzinti və s. nəzərdə tutulur. Amma həlqələr, həlqələr... Bəli, Azərbaycan ətrafında həlqələr daralır. Bəlkə, bu səfərdə hələ bu hiss olunmur. Amma «Madrid prinsipləri» artıq yaddan çıxıb. Atəşkəs rejimi hər gün pozulur. Ermənistan ənənəvi hərbi ritorikasını sərtləşdirib. Hətta Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmaması haqda təkliflər eşidilir. Belə bir vəziyyətdə prezident İ. Əliyev öz həmkarı D. Medvedevdən istədiyi təminatı ala biləcəkmi? Biz də inanmaq istərdik, fəqət inana bilmirik. Ancaq bir sahədə çoxillik «anlaşma» var – bu da siyasi hakimiyyət məsələsidir, Rusiya indiki hakimiyyətin alternativini görmür. Elə maraqlı olan da budur: bu, İ. Əliyevi qane edirmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG