Keçid linkləri

Təcili xəbərlər

Seçki kampaniyası və ayı zarafatı


Braziliya ancaq futbol ölkəsi deyil. Bu ölkənin siyasi arenada qurduğu DEMOKRATİYA, bəlkə, samba futbolundan da məharətlidir.

Buna fikir verən yoxdur, sadəcə ona görə ki, demokratiya üzrə dünya çempionatı keçirilmir.

Fikir verən yoxdur, həm də ona görə ki, demokratiyanın mövcud olduğu ölkələrdə bunda qeyri-adi heç nə görmürlər.

Demokrat sözünün söyüş kimi istifadə olunduğu ölkələr isə demokratiya yarışı keçirilsəydi belə, ora gedəsi deyillər. Belə ölkələrdə bu məfhuma anarxiya və xaos kimi baxırlar.

- Necə ola bilər ki, ölkənin başçısı bu gün birisidir, 4-5 ildən sonra isə bir başqası? Ətimizi tökməyin, siz allah...

BRAZİLİYANIN CİDDİ SEÇKİ QANUNLARI DƏYİŞƏCƏK

Hazırda Braziliyada ən çox müzakirə olunan mövzu yumor və satira mənsublarının seçki məmurları ilə apardığı mübarizədir.

Yerli qanunlar seçkilər zamanı yumor və satiradan təbliğat vasitəsi kimi istifadə etməyi qadağan edir. Gülüş ustaları bu maddənin ləğv olunması üçün məhkəməyə müraciət ediblər və öz məqsədlərinə çatmaq ərəfəsindədirlər. Bu günlərdə məsələ sonuncu məhkəmə instansiyasında öz qəti həllini tapmalıdır.

Qərar qəbul olunsa, namizədlər öz rəqibləri haqda həm də sarkazm və ironiya ilə danışmaq hüququna da malik olacaqlar.

Həqiqətən də, siyasətçinin uğurlu bir zarafatdan aldığı zədələr bəzən yüz minlərlə itirilmiş seçici səsləri ilə nəticələnə bilər. Əlbəttə, söhbət demokratik ölkələrdən gedir.

SARA PALİN KANADA RADİOSUNDA

ABŞ-dakı sonuncu prezident seçkilərini xatırlayın.

Respublikaçıların vitse-prezident namizədi Sara Palin, necə deyərlər, ağ atın belində siyasi meydana qədəm qoydu. Amma tezliklə onu böyrü üstə qoydular. Səbəblərdən biri də, Kanada radio jurnalistlərinin zarafatı oldu.

Onlar Sara Palinə zəng edib, fransız ləhcəsi ilə onun köməkçisinə dedilər ki, danışan Fransa prezidenti Nikola Sarkozydir. Palin tələsik dəstəyi köməkçisindən alanda aralarında belə söhbət başlayır:

- Xanım qubernator, necəsiz?
- Aman allah, çox yaxşı, çox yaxşı.
- Xanım qubernator bizim o qədər ümumi maraqlarımız var. Mən də sizin kimi ovu sevirəm. Doğrudur, sizin kimi vertolyotdan ördək ovlamamışam...
- Gələrsiz, ovalayarıq.
- Mütləq, mən o heyvanları öldürməyi elə sevirəm ki... Mən və mənim xanımım sizi çox sevirik. Doğrudur, o, yəqin ki, sizə zəng elədiyimə görə məni qısqanacaq.
- Mənim adımdan onu qucaqlayın...

Əvvəlcə sevincini gizlətməyən xanım Palin ancaq söhbətin 7-ci dəqiqəsində başa düşür ki, onu ələ salırlar. Ancaq artıq gec idi, bu söhbətin lent yazısı dünyanın bütün aparıcı TV və radio kanallarında dəfələrlə səsləndi.

.. Əlqərəz, xanım Palin o gedən getdi...

KASPAROVA QARŞI UÇAN ZARAFAT

Rusiyada 2008-ci ilin prezident seçkilərində zarafat yox deyildi. Amma Amerikadan fərqli olaraq ancaq birtərəfli idi. Bu məşğuliyyət ancaq hakim partiya tərəfdarlarının ifasında təhlükəsiz məğlubiyyət sayıla bilərdi.

Prezidentlik iddiasına düşən Harri Kasparovun mətbuat konfransı təzəcə başlamışdı ki, salonda kiçik bir uçan qurğu peyda olub məclisin gedişini pozdu. Kiminsə pultla idarə etdiyi bu uçan qurğu (üzr istəyirəm) kişi cinsi orqanı formasında düzəldilmişdi.

Kasparovun cangüdənləri nə qədər hoppansalar da, əlləri çatmırdı ki, vurub onu yerə salsınlar. Zaldakı gülüşlər altında Kasparov vəziyyətdən belə çıxdı:

- Hakimiyyət özünün əsl sifətini nümayiş etdirdi...

Təsəvvür edin, eyni zarafatı Putinə qarşı etsəydilər, neçə nəfərin dərisinə saman təpilərdi.

MUSƏVİ TƏRƏFDARLARI ƏHMƏDİNEJADI MƏSXƏRƏYƏ QOYUR

İranda keçirilən prezident seçkiləri də lətifəsiz deyildi. Bu məsələdə Musəvi tərəfdarları daha fəal idilər. Onların internetdə yaydığı lətifələrdən biri Əhmədinejadın seçki ərəfəsi əhaliyə kartof paylamasını hədəfə alırdı.

Arvad ərinə SMS yazır: «Əzizim, evə gələndə ancaq pomidor al. Seçki ərəfəsidir, evdə nə qədər istəsən kartof var».

Və ya bir başqası:

«Üzərində «kütbeyin», «faşist», «saxtakar» yazılan seçki bülletenləri Əhmədinejadın xeyrinə hesablanacaq»

ATƏT AZƏRBAYCANIN SƏYLƏRİNİ DƏSTƏKLƏYİR

Orta əsrlərdə komediya ustalarına hökmdarları məsxərəyə qoymaq qadağan ediləndə onlar başlayırdılar hakimi tərifləməyə. Amma bu zaman elə canfəşanlıq edirdilər, tərifləri elə epitetlərlə bəzəyirdilər ki, hamı başa düşürdü ki, əslində hökmdarı ələ salırlar.

Mənə elə gəlir ki, Azərbaycan yumoru məhz həmin mərhələyə qayıdıb. Amma klassik yumor da yox deyil.

Məsələn, ATƏT-in toplantısında Əli Həsənov nazir oğlunun ayı kababı yeməsi haqda xəbəri şayiə adlandırıb İsa Qəmbərə dedi:

«Ayılar sizin ətrafınızdadır». İsa Qəmbər isə cavab verdi:

- Elə isə ayıların taleyi üçün narahat olmağına dəyməz.

Klassik zarafat həvəskarları üçün sonuncu nümunə: bu hissənin yarımbaşlığını bir də oxusanız, bir zarafatı da məndən qəbul edə bilərsiz.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG