Keçid linkləri

Təcili xəbərlər

Jurnalist mövzunu tapır, ya mövzu jurnalisti?


Sevda İsmayıllı
Sevda İsmayıllı
Lap «toyuq birinci olub, ya yumurta» məsəlinə oxşadı.

Rəhmətlik Cəfər Cabbarlı 100 il öncə yazırdı ki, mən mövzunu tapmıram, mövzu özü gəlib məni tapır...

Deyəsən o, «Babayi-Əmir» jurnalına satirik yazılar işləyərkən bu fikrə gəlmişdi. Səhv etmirəmsə, Cabbarlının bu sözü hətta dərsliklərə düşmüşdü.

ZARAFAT BİR YANA, KİM-KİMİ TAPIR?

Yəqin saytımızın oxucuları olan jurnalistlər öz təcrübələrini bölüşəcəklər.

Öz adımdan deyim ki, çox vaxt Cabbarlı demiş, mövzu özü gəlib məni tapır.

Yol gedəndə, çörək aldığım yerdə, çəkməçiyə baş çəkdiyim zaman, taksiyə oturanda, şəhərdə gəzəndə tutub məni saxlayır, yaşamağa qoymur...

Şənbə demir-bazar demir.

Hətta gözəllik salonunda belə mənə vaxt itkisinə heyfsilənməyə imkan vermir. Elə, gəl, məni yaz deyir!

HƏRDƏN KANALLARI QAPAYIRAM!

«Sevda, yazma!» deyirəm. «Yazma, sən bura, tutaq ki, dincəlməyə gəlmisən. Gəz dolan».

Bax, bu dəfə yas yerinə gəlmisən. Bir az qardaşını ağla. Sənin o taksi şoferiylə, onun qazancıyla nə işin var?

Tutaq ki, toya gəlmisən. Yaxın rəfiqən dondurma sexində illərlə zülmlə çalışa-çalışa, qəpiyi qəpik üstünə qoyub yeganə oğlunu evləndirir. Bir «Tərəkəmə» oyna!

«Yaxşı, bazarda meyvə satan o cavan gəlinlərin taleyi səni niyə incidir?» deyirəm.

Ya «Əsgərlikdəki oğlunu qayıdandan sonra yaxşı işə qoya bilmək üçün yayın istisində o binadan-bu binaya şütüyən dəllal kişinin durumu səni niyə ağrıdır?» deyirəm.

«Öz həyatını yaşa! «Məmləkət mənzərələri» səni niyə incidir?».

GEDİYORUZ GÜNDÜZ-GECƏ...


Olmur ki, olmur! Mövzu tutur mənim yaxamdan. Yatmağa qoymur. Mən də sonda rahatlaşmaq üçün durub onu sıradan çıxarıram, ondan hayıfımı belə alıram. Rahatlaşıram da...

Beləcə, mövzu-mövzunu əvəz edir. Və Aşıq Veysəl demiş, «gediyoruz gündüz-gecə»...

DÜZ 100 İLDİR Kİ, BELƏDİR!

Cəfər Cabbarlı da belə deyirdi.

Hər yan mövzu ilə dolu idi.

Yazıq Cabbarlı! Lap gənclikdən mövzu bolluğundan boğulurdu.

Qısa yaşamında daha nələr görmədi?

Nələr yazmadı?

Bəlkə də bu üzdən dünyadan 30-lu yaşlarda köçüb getdi...

Ürəyi partladı!

Nə böyük fəlakət!

100 ildə bir millətin həyatında eyniliklər bu qədərmi olar?

100 ildə heç nə dəyişməzmi?

ALMANİYADA JURNALİST MÖVZUNU NECƏ TAPIR?


Amma ötən ay Almaniyada yaşayan rəfiqəm telefonda mənə qəribə bir söz dedi.

Rəfiqəm 90-cı illərin ortalarından ordadır. Təzəlikdə bir radioda işə düzəlib.

«Nə var, nə yox?», - dedim. «Nə yazırsan, nə işləyirsən?» Nə cavab versə yaxşıdır?

Dedi: «Ağlın özünüzə getməsin, burda mövzu qıtlığıdır. Elə bir problem yoxdur. Demokratik ölkədir. Yazmağa da bir şey tapanda sevinirsən. Mən sizin saytınıza baxanda, dəhşətə gəlirəm. Elə ölkədə necə yaşayırsınız?».

Susub qaldım. Bilmədim sevinim, ya kədərlənim?

Bəs mövzu olmasa nə yazardıq?! Oyyy dad!

Siz deyin, sevinək, ya kədərlənək?

Ən son yazılan

XS
SM
MD
LG