Keçid linkləri

Bəlkə də onların sayı bir az da artıb və yaxud da azalıb. Əsas bu, deyil, odur ki, onlar var və özlərinin siyasi iddialarını ortaya qoyublar. Onlar kimdir, kim bu adamları partiya qərarını pozaraq seçkiyə müstəqil şəkildə qoşulmağa vadar edib? Bəri başdan qeyd edək ki, onların hamısı hakim partiyanın - YAP-ın üzvləridir. Partiyanın seçki siyahısına salınmayan bu adamlar özləri müstəqil şəkildə seçkiyə qoşulmaq qərarına gəliblər. İndi hətta məlum deyil ki, onları hansı siyasi aqibət gözləyir? Prinsipcə, partiya rəhbərliyinin qərarı aydındır: onlar partiyanın qərarına tabe olmayanların xaric ediləcəyini artıq bəyan etmişdilər. İndi 27-lərin davranışını və partiyanın buna reaksiyasını izləmək qalır. Bilirsiniz, burada ən maraqlı olan nədir? İnsanı daha çox nə cəlb edir?

İNSANLAR ÖZLƏRİNİ SEÇKİYƏ İNANDIRMAQ İSTƏYİRLƏR

Bəli, məsələnin ən maraqlı tərəfi budur. Prinsipcə, hakim partiyanın üzvü olan hər bir adam gözəl bilir ki, ölkədə seçki necə keçirilir, partiyanın «xeyir – duası» olmadan seçilmək demək olar ki, qeyri – mümkündür. Bəs onda onlar nəyə ümid edirlər? Bəlkə də, bu, adi siyasi iddiadır – elə insanlar var ki, məğlubiyyətlə heç cür barışmaq istəmir, sözünün və iradəsinin üstündə axıra qədər dayanır. Amma burada bir kiçik detal da var. İnsanlar özlərini seçkiyə inandırmaq istəyirlər. Hər bir insanın ürəyində azacıq da olsa ümid var ki, bu, seçkidir, burada gözlənilməyən nəticə də ola bilər. Çox güman ki, insanları bu ümid hərəkətə gətirir. Amma YAP-ın daxilində heç olmasa azacıq da olsa demokratiya olsaydı «27-lər» problemi yaranmazdı, insanlar partiya siyahısını qeyd – şərtsiz müdafiə edərdilər. İndiki halda siyahı daha çox aparatın məhsuludur, nəinki partiyanın və təbii ki, heç də hamıya aparat tərəfindən dəstək qazanmaq nəsib olmur. Ədalətli siyahı formalaşdırmağın mexanizmi haqda əvvəlki yazılarda yazmışıq. Ən sınanmış üsul ilkin seçki mexanizmidir, amma seçkiyə qarşı, ümumiyyətlə antipatiyası olan və daha çox aparatın direktivləri ilə idarə olunan partiyanın nə vaxtsa bu mexanizmə müraciət edəcəyi inandırıcı görünmür. Bu isə o deməkdir ki, nəinki digər vətəndaşların, hətta «500 min nəfər üzv»ün də rəyi bu partiya üçün heç bir əhəmiyyət kəsb etmir.

SİYASİ STATİSTİKA HAQDA

Görünür, bu 500 min nəfər üzv məsələsinə də bir aydınlıq gətirmək lazımdır. Birinci seçkisi zamanı İlham Əliyev demişdi ki, 500 min iş yeri açacaq. Bu vədi yadda saxlayan partiya təbliğatçıları 500 mini 5 yerə bölərək hər il 100 min iş yerinin açıldığını bildirirdilər. Partiyanın da 500 min üzvü olması haqdakı iddia da elə buradan yaranıb – əgər 500 yüz min üzv varsa və onların hər birinin ailəsində heç olmasa iki seçici varsa, bu, artıq 1-2 milyon seçici və YAP-ın şəksiz qələbəsi deməkdir. Maraqlıdır ki, rəhbərliyə daxil olan bir nəfər öz partiyasının üstünlüyündən danışarkən bu «arqumenti» əsas gətirmişdi. Amma YAP-ın üzvlərinin əsl sayını müəyyən etməyin ən etibarlı yolu büdcə təşkilatlarında işləyənlərin sayını bilməkdir, çünki artıq dəfələrlə məlumatlar olub ki, büdcə təşkilatlarında çalışanları hətta məcburi şəkildə YAP –a üzv olmağa vadar edirlər.

«27-LƏR»İN SON ƏKS -SƏDASI

Hər halda bu prosesin sonu çox maraqlı olacaq. 27 nəfərin partiyadan kənar edilməsi, özü də birdən – birə kənar edilməsi, çox güman ki, elə də səssiz – səmirsiz ötüşməyəcək, təbii ki, əgər bu baş verərsə. Bu adamların içində YAP-ın veteranları, onun bünövrəsini qoyanlar da var. Məsələ heç bunda deyil. Bu adamlara qarşı münasibət YAP-ın öz «məntiqi»nə ziddir – çünki bu partiya bu vaxta qədər özünü elə göstərib ki, guya həmişə müstəqil adamları müdafiə edib, onların parlamentə seçilmək və bu qurumda təmsil olunmaq hüququnu müdafiə edib və hətta bu məqsədlə də konstitusiyaya da düzəliş edib. Bəs bu məntiqin sonu nə oldu? Olmaya bu da «siyasi oyunlar»dan biridir? Kim bilir? Amma «27-lər» məsələsinin siyasi oyun olması bir o qədər də inandırıcı görünmür, çünki kiminsə YAP-la ixtilafa girərək mandat ala bilməsi, onun «qüdrətli partiya» imicinə heç də uyğun gəlmir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG