Keçid linkləri

Təcili xəbərlər

Kloun-deputat


Braziliyada məşhur və deyəsən, peşəkar kloun deputat seçilib. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, həmin şəxsin savadı şübhə doğurur və buna görə kimlərsə onun deputat mandatının əlindən alınmasını tələb edir.

BRAZİLİYADA SEÇKİ

Klounun adı Fransişku Oliveyradır, amma daha çox Tiririka ləqəbi ilə tanınır. San Paulu məhkəməsi Tiririkaya qarşı qaldırılan iddiaya baxaraq, onu mandatından məhrum etməyə hazırlaşır. Halbuki, o, seçicilərin səsini qazandığı üçün deputat olmağa tam hüququ var.

Braziliya qanunlarına görə, parlament üzvü savadlı olmalı, yəni heç olmasa yazıb-oxumağı bacarmalıdır.

Tiririka kinayəli “Mənə səs verin! Bundan da pis olmayacaq ki?” şüarı altında keçirdiyi təbliğat kampaniyası sayəsində qələbə qazanıb.

AZƏRBAYCANDA SEÇKİ

Bu şüarın noyabrın 7-də Azərbaycanda keçiriləcək seçkiyə yarayıb-yaramayacağı başqa söhbətdir. Düzdür, “seçki” sözü istər hakimiyyətin, istərsə müxalifətin hazırlaşdığı tədbirə o qədər də uyğun gəlmir. Daha doğrusu, noyabrın 7-də bir tədbir-mərasim baş tutacaq ki, hakimiyyət onu seçki kimi göstərmək istəyir, Avropa Şurası, ABŞ isə seçki kimi görmək.

Belə tədbirlərə bizim hakimiyyət vaxt və pul əsirgəməz. Problem deyil.

Müxalifəti, - marionetləri yox, həqiqi müxalifəti, - bu mərasimdə iştirak etdiyi üçün mən qətiyyən qınamıram. Bütün imkanlardan və resurslardan məhrum edilən bu insanlar, heç olmasa nəyəsə nail olmaq, seçicilərlə görüşmək, Azərbaycanda baş verənlərlə bağlı öz sözünü demək, həyatlarının mənasını doğrultmaq üçün hər bir vasitədən, imkandan yararlanmağa çalışır. Seçki ərəfəsində hakimiyyət onlara belə kiçik bir imkan yaradır, amma bu da yalnız beynəlxalq demokratik strukturların təzyiqi sayəsində, özü də qısamüddətli.

SEÇİCİLƏRİN TƏSNİFATI

Əhalinin o qədər də az olmayan bir hissəsi seçkinin nə olduğunu anlamır. Ya ona görə ki, nə dərs, nə kitab oxuyub, nə ağıllı bir söz eşidib, əməl görüb. Ya ona görə ki, sovet hökuməti dövründə oxuyub formalaşıb, elə bir dövrdə ki, seçkidə bir namizəddən birini seçirdilər – belə şeylər isə insan psixikasına təsirsiz ötüşmür. Ya da ona görə ki, indiki məktəb və təmtəraqla universitet adlandırılan institutlarda təhsil alıblar. Nəticə göz qabağında.

Seçicilərin başqa bir əhəmiyyətli hissəsi, - yuxarıda göstərilən təhsil və tərbiyənin ağır fəsadlarından qurtula bilənlər, - anlayır ki, seçki və hakimiyyətin dəyişməsi içində yaşamağa məhkum olduğumuz bu sistemin qismən də olsa dəyişdirilməsinə gətirə bilər. Amma biri büdcə təşkilatında işləyir, digərinin ailəsini dolandıran kiçik biznesi var, üçüncünün kiçik qulluğu var və az da olsa, aldığı halal maaşından keçə bilmir, dördüncüsü... Hamısının ailəsi var, bəzilərinin hətta ikisi, üçü və öz dediklərinə görə, onları ən çox ailə qayğılandırır.

Tənha, subay olanlar, boşananlar da var. Bunlar açıqca deyir ki, qorxur. Düzdür, hakimiyyətə qarşı, nəinki müxalifətə, hətta cinə-şeytana belə səs verməyə hazırdırlar, cəsarətləri çatır. Amma icazəsiz mitinqlərə və etiraz nümayişlərinə qoşulmaq, insanları seçkiyə və öz səslərini qorumaq uğrunda mübarizəyə çağırmaq onları möhkəm qorxudur – döyərlər, söyərlər, tutarlar. Yeri gəlmişkən, belələri ailəni, arvad-uşağı bəhanə gətirənlərdən daha üstündü – heç olmasa səmimi olduqlarına görə.

Ən çox isə ürəyindəki qorxunu boğa bilən, məhrumiyyətlərdən çəkinməyən, kişilik göstərə bilən adamlar rəğbət doğurur. Bizdə o qədər ağıllı qorxaq, savadlı yaramaz, intellektual əclaf var ki... İtivə tök! Amma cəsarətli, səmimi, düzlük istəyən və haqqını tələb edə bilənlər azdır. Onlar heç olmasa nə isə eləməyə, ölkənin qədərini dəyişməyə, bizim hamımızı bu bataqlıqdan çıxarmağa çalışır.

Bizdə o qədər ağıllı qorxaq, savadlı yaramaz, intellektual əclaf var ki... İtivə tök! Amma cəsarətli, səmimi, düzlük istəyən və haqqını tələb edə bilənlər azdır...
Onları yenə mitinqlərdən qovalayacaq, vuracaq, döyəcək, tutacaq, mühakimə edəcək, işdən çıxaracaq, hər cür incidəcəklər. Obıvatel buna güləcək, seyr etməklə kifayətlənəcək, ya da uzaqbaşı mətbəxdə ürəyini boşaldacaq – onun ailəsi, uşağı var axı... Məmurlar onu, əzizlərini mələdəndə bu günləri yada salsın!

ARVAD-UŞAQ QAYĞISI

Ailəsinin, uşağının qayğısını çəkən qeyrətli kişi seçkidə iştirak edər! Axı bu, güllə qabağına, dubinka altına yerimək deyil ki? İndiki təhsil, səhiyyə, hüquq-mühafizə, sosial təminat və sairə dəyişməz qalsa onun uşağının aqibəti nə olacaq? Şər qarışan vaxtı bu barədə heç danışmaq istəmirəm.

Vaxt isə axıb gedir. Bizim bütün əvvəlki parlamentlərdə klounlar, kəndirbazlar, özü də savadsızlar yetərincə olub. Qəbul və diplom imtahanları bir yana qalsın, görəsən bu millət vəkillərinin neçəsi öz vaxtında orta məktəb imtahanlarını rüşvətsiz, tapşırıqsız verə bilib? Düzdür, bizim klounlar yazmağı və oxumağı bacarır deyəsən. Amma danışıq əvəzinə ağızlarından tökülən şorba-qatıq, hərəkətləri və əməllərı buna da şübhə yaradır. Gör indiki deputatxananın tərkibi necə olacaq...

SEÇİLMİŞİN MƏNTİQİ


Bizdə ikinci-üçüncü dərəcəli müğənnilər, artistlər belə siyasətə gəlmək, namizədliklərini irəli sürmək istəklərindən dəm vururlar. Onlardan əla deputat çıxar. Amma bizim süst, ətalətli parlamentimiz və cəmiyyətimiz hətta savadsız, qırmızıburun klounun mandatdan məhrum olunmasını yuxarıdan işarə olmadan tələb edə bilməzdi. Cəsarəti çatmazdı.

Mən isə bunun əleyhinəyəm, ən azı ona görə ki, braziliyalı kloun-deputat insanları yaxşıca güldürə bilir, xalq arasında kifayət qədər məşhurdur və səslərini halal yolla qazanıb. Əgər sən düzgün yolla xalq tərəfindən seçilmisənsə, kloun olmursan, nə olursan ol, parlamentdə oturanda da sənə göstərilən etimadı doğrultmaq haqqında düşünəcəksən, daha, - Elmar Hüseynov demişkən, - “lizinq” barədə yox.

Milli Məclisdə heç bunu da görmürük. Bizim klounlar isə adamı güldürəndə belə, onlara və ölkənin durumuna baxıb ağlamaq istəyirsən. Bizimkilər özlərinin gülməli olduqlarını anlamırlar axı... Özlərini boğub ağıllı görkəm verməyi, çeynənmiş mətləbləri çürütməyi, boş-boş öyüd-nəsihət verməyi bacarırlar, bir də məharətlə yalan danışmağı.

YANLIŞ ŞÜAR


Kloun Tiririkanın deputatlığını dəstəkləyirəm, lap savadsız olsa da. Amma “Bundan da pis olmayacaq ki?” seçki şüarı ilə qəti razılaşmıram. Çünki gedişat pisə doğrudur, axırı pis olacaq. Braziliyada yox - orada seçir, lazımsızları sıradan çıxarır, inkişaf edir, işləyirlər.

Bizdə pis olacaq – Azərbaycanda.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG