Keçid linkləri

Təcili xəbərlər

400 min avronu kim ödəyəcək?


Rəqəmlər də cəmiyyətin müxtəlif kəsimlərində müxtəlif təəssüratlar doğurur. Kimin üçün 400 min avro böyük məbləğdir, kimin üçün isə heç qəpik deyil.

Amma yox, əvvəlcə məsələyə bir az aydınlıq gətirək. Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan hökuməti 392 min 600 avro məbləğində cərimə olunub. Neft Fondunda 20 milyard dolların olması ilə öyünən hökumət üçün bu, elə bir məbləğ deyil. Amma bu «neft təkəbbürü»nə də nə vaxtsa son qoymaq lazımdır - dünyada hətta elə şəhərlər var ki, onların illik büdcəsi 20 milyarddan artıqdır. Elə Azərbaycan da mahiyyətcə şəhər –dövlətdir – buna dövlət büdcəsinə ötəri nəzər salmaqla əmin olmaq mümkündür. Özü də təkcə Azərbaycan bu halda deyil – MDB-nin bir çox dövlətləri milli gəlirin paylaşması baxımından şəhər – dövlətlərdir. Sadəcə, fərq bundadır ki, kimi bunu dərk edir, təkəbbürə qapılmır, kimisi əksinə, reallıq hissini lap itirərək «burada mən, Bağdadda kor xəlifə» - deyir. Fərq bundadır. Elə bu səbəbdən məsələyə ciddi yanaşaraq soruşmaq da olar: dövlət nə üçün 400 min avro ödəməlidir? Bu məbləğ hətta yerli vətəndaşlar üçün nəzərdə tutulsa belə, onu yenə ölkənin vergi ödəyiciləri ödəyəcəklər! Heç bir məmur özünün «pul kisəsi»nin ağzını açmayacaq, pul paylamayacaq, ağırlıq sıravi vətəndaşların üzərinə düşəcək, özü də həmişə olduğu kimi. Bəs çıxış yolu nədədir?
İki müxalifətçinin seçki ilə bağlı iddiasını Avropa Məhkəməsi müdafiə və təsdiq edirsə, müxalifətin seçki ilə bağlı dediklərinə niyə inanmayaq?


HAKİMİYYƏTİN UZURPASİYA OLUNDUĞU DÖVLƏTDƏ ÇIXIŞ YOLU VARMI?


Çətin sualdır. Əgər ölkədə müstəqil məhkəmə hakimiyyəti mövcud olsaydı, bəlkə də, uduzulmuş işlərin sayı 15 yox, daha az olardı. Amma məsələ də elə bundadır ki, belə hakimiyyət yoxdur. Ölkə əsl hüquqi nihilizm şəraitində yaşayır. Məsələn, Avropa İnsan Haqları Məhkəməsi bu yaxınlarda Eynulla Fətullayevlə bağlı öz qərarını təsdiqlədi, onun dərhal azad olunmasını bir daha tələb etdi. Amma yerli məhkəmələr hələ qərar qəbul edə bilmirlər, bir tərəfdən noyabrda Ali Məhkəmənin plenumunun çağırılacağını deyirlər, o biri tərəfdən isə plenumda Eynulla Fətullayevin işinə baxılmasını ürəkdən, tərəddüdsüz deyə bilmirlər. Səbəb nədir? Məsələ bundadır ki, hətta Ali Məhkəmə də ali icra hakimiyyətinin bu məsələ ilə bağlı qərarını gözləyir. Halbuki hər şey olduqca sadədir – Avropa İnsan Haqları Məhkəməsinin qərarı qeyd – şərtsiz yerinə yetirilməlidir, təsadüfi deyil, beynəlxalq hüquq müdafiə təşkilatları da bununla bağlı təəccübünü gizlətmir, çünki onlar da təcrübədə Avropa Məhkəməsinin qərarının «qulaqardı»na vurulması ilə heç vaxt rastlaşmayıblar. Burada bir detal da var.Əslində normal dövlətdə hər uduzulmuş iş təkcə təzminat ödəməklə bitməməlidir, bu qərarlardan bütün məhkəmə sistemi nəticə çıxarmalıdır. Azərbaycanın hüquq sistemi tamam Avropa hüququna uyğunlaşdırılıb, Avropa Məhkəməsinin əsasən istinad etdiyi «İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyası» isə çoxdan ratifikasiya olunub. Bəs belə olan təqdirdə niyə görə Azərbaycan məhkəmələrinin bəzi qərarları Avropa Məhkəməsi tərəfindən ləğv edilir? Bunun səbəbi çox güman ki, məhkəmə işlərinin sifarişlə aparılması, məhkəmələrin özlərinin qanun və hüquqi proseduraları pozmasıdır. Bir daha qeyd edirik ki, normal dövlətdə hər uduzulmuş işə görə təzminatı məhkəmələrin özlərinə ödətdirmək olardı, ən azı bu, daha ədalətli olardı...

SEÇKİ DÖVRÜNDƏ İKİ UDUZULMUŞ SEÇKİ İŞİ


Çox maraqlıdır ki, 15 uduzulmuş işdən ikisi bilavasitə seçki ilə bağlıdır. Belə ki, iki nəfər müxalifət adamının seçki hüququnun pozulduğu təsdiq olunub və bunun üçün dövlətin müvafiq təzminat ödəməsi nəzərdə tutulub. Əslində bu məsələ də ciddi siqnal olmalıdır, xüsusən o kəslər üçün ki, dayanmadan Azərbaycanda azad və ədalətli seçkilərin keçirildiyini israr edirlər. Fakt göz önündədir, onu sadəcə qəbul etmək lazımdır. Bəli, kəmiyyət baxımından bir o qədər də güclü təsir bağışlamır, məsələn, iddia oluna bilər ki, iki iş bütün seçkiləri heç də xarakterizə etmir. Amma Avropa Məhkəməsi fəaliyyətində xarakterik işləri seçir və onlarla bağlı proses keçirir. İki müxalifətçinin seçki ilə bağlı iddiasını Avropa Məhkəməsi müdafiə və təsdiq edirsə, müxalifətin seçki ilə bağlı dediklərinə niyə inanmayaq? Axı Avropa Məhkəməsi özünün bütün fəaliyyətini tək Azərbaycandan gələn seçki şikayətlərinin baxılmasına həsr edə bilməz!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG